Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri Naxçıvan Avtovağzal Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətində ictimai nəqliyyat sürücüləri üçün “İctimai nəqliyyat vasitələrinin idarə edilməsində təhlükəsizlik tədbirlərinin praktikası” mövzusunda seminar təşkil edib.
Mərkəzin yol-nəqliyyat hadisələri ekspertizası bölməsinin böyük eksperti, I dərəcəli ədliyyə qulluqçusu Məhəmməd Həşimov seminarı giriş sözü ilə açaraq nəqliyyat vasitələrinin təhlükəsiz idarə edilməsinin əhəmiyyəti barədə məlumat verib. Bildirilib ki, mövsümlə əlaqədar yağışlı havalarda yol səthinin sürüşkən olması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir. Sürücülər tərəfindən avtomobilin sürəti yol şəraitinə uyğun seçilməlidir.
Yol-nəqliyyat hadisələrinin ekspertizası bölməsinin eksperti, I dərəcəli ədliyyə qulluqçusu Azər Abdullayev çıxışında qeyd edib ki, şaxtalı havalarda lazım olmadıqca sərt eniş və ya yoxuşlarda durmaq məcburiyyəti olmadıqca əl tormozundan istifadəni məhdudlaşdırmaq daha məqsədə uyğundur. Enişli sürüşkən yollarda nəqliyyat vasitəsilə yoxuş qalxarkən sürət qutusunun ötürücüləri vaxtında və təhlükəsizlik təmin edilərək dəyişilməlidir.
Mərkəzin psixoloji ekspertiza bölməsinin böyük eksperti, I dərəcəli ədliyyə qulluqçusu Fariz Səyyadov çıxışında bildirib ki, hərəkət zamanı digər sürücülərin manevr qaydalarını pozması, piyadaların yol hərəkəti qaydalarına riayət etməməsi sürücülərdə psixoloji gərginliyin əsas səbəblərindən biridir. Sürücü hərəkətdə olarkən sürətin hərəkət intensivliyinin artmasını nəzərə alaraq öz hərəkətlərində daim artan zehni stresi azaltmağa xüsusi diqqət yetirməlidir.
Mühəndis-texniki ekspertiza bölməsinin böyük eksperti, I dərəcəli ədliyyə qulluqçusu Asif Mahmudov yanğın təhlükəsizliyi tələblərinin normaları, standartları, qaydaları və bunlara ciddi riayət etməyin vacibliyindən danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti