22 Dekabr 2024, Bazar

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə həyata keçirilən uğurlu sosial-ekoloji siyasət sentyabr ayında da davam etdirilmişdir. Ay ərzində ətraf mühitin mühafizəsi, qanunsuz ov və meşə fondu torpaqlarından istifadə edilməsi, ətraf mühitə təsir hallarının qiymətləndirilməsi məqsədilə 10 yoxlama-reyd keçirilmiş, 4 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbir görülmüşdür.
Muxtar respublikanın təbiətinin qorunması üçün inzibati tədbirlərdən daha çox ekoloji-hüquqi maarifləndirmə tədbirlərinə üstünlük verilir. Bu məqsədlə Şərur rayonunun Dəmirçi, Culfa rayonunun Qazançı, Ordubad rayonunun Sabirkənd və Şahbuz rayonunun Külüs kəndləri ərazisində tədbirlər keçirilmişdir. Şərur, Sədərək, Ordubad, Babək, Şahbuz, Kəngərli və Culfa rayonlarının 30-a yaxın yaşayış məntəqəsi ərazisində ekoloji monitorinqlər aparılmışdır.

Hesabat ayında Araz çayının və Arpaçayın muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən Şir arxından hər birindən 4 olmaqla, ümumilikdə, 12 su nümunəsi götürülmüş və Sədərək Rayon Su Monitorinq Laboratoriyasında analiz aparılmışdır. Analizlərdə sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi halı qeydə alınmamışdır.
Payız fəslində yeni yaşıllıqların salınması ilə bağlı hazırlıqlara başlanılmış, Əshabi-Kəhf ziyarətgahı istiqamətində 3 hektar sahə əkin üçün hazırlanmışdır. Həmçinin ay ərzində püstə bağlarına aqrotexniki qaydada qulluq göstərilmişdir. Müxtəlif ərazilərdə salınan yaşıllıqlarda bərpa məqsədilə 680 ting əkilmişdir. İlin əvvəlindən təsdiq olunmuş toxum bölgüsünə uyğun olaraq 857 kiloqram müxtəlif meyvə və meşə cinslərinin toxumları tədarük olunmuşdur. Bu iş davam etdirilir.
Qış mövsümündə fauna ehtiyatlarının qaba yemə və daşduza olan tələbatının ödənilməsi məqsədilə 75 kip qaba yem, 7,5 tona yaxın daşduz ehtiyatı yaradılmışdır. Hazırda 500 kipə yaxın qaba yem, 8 tondan artıq daşduz ehtiyatı mövcuddur, meyvə-tərəvəz qalıqları isə mövsümə uyğun olaraq tədarük ediləcəkdir.
Hesabat ayında Naxçıvan Muxtar Respublikasının Babək, Culfa və Ordubad rayonlarında yaradılacaq “İlandağ” geoparkının layihələndirilən ərazisinin geoloji, ekoloji xəritələri nazirliyinin əməkdaşları tərəfindən tərtib olunmuş, həm xəritələrin, həm də ərazidə müəyyən edilən geositlər və geoloji quruluş haqqında məlumatların elektron variantı hazırlanaraq Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə təqdim olunmuşdur.
Gənclərlə işin səmərəli təşkili məqsədilə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu ilə birgə hazırlanmış tədbirlər planına uyğun olaraq “Ekoloji könüllülər” layihəsi çərçivəsində ekologiya könüllüləri ilə “Gələcək üçün təmizlə” devizi altında Naxçıvançay vadisində təmizlik aksiyası keçirilmiş, gənclərə ətraf mühitin mühafizəsi üçün görülən işlər və könüllülərin bu sahədə rolu haqqında geniş məlumat verilmişdir.
Naxçıvan Dövlət Universitetinin nazirliyin hamiliyinə verilmiş Ekologiya mühəndisliyi və Geologiya mühəndisliyi ixtisaslarının tələbələri ötən ay Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin Əlincəçay vadisində apardığı qazma işləri ilə tanış olmuş, onlara geoloji axtarış və qazma işləri haqqında geniş məlumat verilmişdir. Tələbələr Culfa şəhərində Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin bazasında yerləşən Geologiya Muzeyi və laborator analizlərin aparılması ilə tanış olmuşlar. Ekoloji tədbirlər davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR