22 Dekabr 2024, Bazar

Sosial-iqtisadi həyatın bütün sahələrində tərəqqi və inkişafın geniş vüsət aldığı muxtar respublikada məhdud fiziki imkanlıların sosial müdafiəsi, onların tibbi reabilitasiyası, layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində tədbirlərin icrası diqqət mərkəzində saxlanılır. Onların müvafiq texniki-bərpa vasitələri və protez-ortopedik məmulatlarla təmin edilməsi, tənha yaşayan, başqasının köməyinə ehtiyacı olanlara evlərdə sosial-məişət xidmətinin göstərilməsi, fərdi məşğulluğunun və asudə vaxtlarının səmərəli təşkili bu kateqoriyadan olan sakinlərin həyat səviyyələrini yüksəltməklə yanaşı, belə insanların həyatın bütün sahələrində fərdi qabiliyyətlərinə uyğun fəaliyyət göstərmələrinə geniş imkanlar yaradıb. Ölkəmizdə, eləcə də muxtar respublikamızda bu məqsədlə son illərdə infrastruktur daha da təkmilləşdirilir, yeni reabilitasiya və bərpa mərkəzləri istifadəyə verilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu ilin oktyabrın 5-də muxtar respublikaya səfəri zamanı açılışında iştirak etdiyi Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti bu baxımdan mühüm əhəmiyyətə malikdir. Ötən 10 illik fəaliyyəti dövründə Regional İnformasiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi, burada çalışanlar üçün yüksək iş şəraitinin yaradılması, əməkdaşların peşəkarlıqlarının artırılması məqsədilə təlimlərə göndərilməsi də bu sahədə həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir. Bu gün muxtar respublikada yaşayan məhdud fiziki imkanlıların informasiya texnologiyaları vasitəsilə sosial reabilitasiyasını həyata keçirən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi müasir texnologiyalarla təchiz olunub və müəssisədə təyinatına uyğun bütün xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb. Hazırda mərkəzdə brayl kitabxana, eşitmə qabiliyyəti məhdud şəxslər üçün elektron kitabxana, görmə qabiliyyəti məhdud şəxslər üçün audio kitabxana xidməti, defektoloji bölmə, psixoloji dəstək xidməti, əmək terapiyası, musiqi terapiyası, kinekt oyunlar otağı mövcuddur. Mərkəzdə görmə zəifliyi olan şəxslər üçün brayl displeylər, sürətli internet, oxu materialını böyüdən avadanlıqlar, həmçinin yazı formatında olan kitabları səsləndirən oxu maşını, audiokitabxana fondunu zənginləşdirmək üçün audiostudiya, subtitrli filmləri nümayiş etdirmək üçün kinozal fəaliyyət göstərir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq mərkəzdə Distant Tədris Mərkəzi istifadəyə verilib. Mərkəzdə eşitmə və danışma məhdudiyyəti olan şəxslər üçün də distant dərslər keçilir. Bununla yanaşı, burada görmə və eşitmə qabiliyyəti məhdud şəxslərə xüsusi proqram təminatı əsasında audio və elektron kitabxana xidməti də göstərilir. Azərbaycan Respublikasında ilk dəfə olaraq yaradılan bu xidmət vasitəsilə muxtar respublikanın istənilən bölgəsində yaşayan görmə qabiliyyəti məhdud şəxslər arzuladıqları audiokitabları dinləmək imkanına malikdirlər. Görülən bu işlərlə yanaşı, mərkəzdə görmə qabiliyyəti məhdud şəxslər üçün brayl əlifbası ilə “Könül işığı” adlı aylıq və onun xüsusi buraxılışı olan uşaqlar üçün rüblük “Şəfəq” jurnalları çap edilir. Eyni zamanda brayl nəşrlərə olan ehtiyacı nəzərə alaraq Regional İnformasiya Mərkəzində oxunması zəruri olan kitablar, yazıçı və şairlərin digər əsərləri çap edilərək müvafiq kateqoriyadan olan oxucuların istifadəsinə verilir.

Ötən on il ərzində Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzinin çoxşaxəli fəaliyyəti muxtar respublikamıza gələn əcnəbi qonaqların da diqqətini cəlb edib. Belə ki, 2016-cı il avqustun 11-də Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuan Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub, səfirə mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib. Əlavə olaraq Çinin nüfuzlu “CCTV-4” telekanalı “Vətən – xəyallar ölkəsi” adlı səyahət mövzulu verilişinin ölkəmizə həsr etdiyi buraxılışında mərkəzin fəaliyyətindən də bəhs edilib. Eyni zamanda 2018-ci ildə Naxçıvanda keçirilən “Avropa günləri” çərçivəsində Naxçıvana gələn nümayəndə heyətinin bir qrup üzvü Regional İnformasiya Mərkəzində yaradılan şəraitlə yaxından tanış olub, buradakı xidmətlərə cəlb edilmiş uşaqlarla görüşüb. Görüşdə qonaqlara mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Həmçinin mərkəzi ziyarət edənlər sırasında Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Qil, iki il əvvəl Naxçıvanda səfərdə olan BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Edvard Karvardin də burada yaradılmış şəraiti yüksək qiymətləndiriblər.

Sonda onu da qeyd edək ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölməsinin Şərur və Ordubad rayon filialları da mövcuddur. Sözügedən müəssisələr də günün tələbləri səviyyəsində fəaliyyət göstərməklə Naxçıvan şəhərinə gəlmək imkanı olmayan məhdud fiziki imkanlı şəxslərə zəruri xidmətlər göstərir.
Yuxarıda sadalanan faktlar onu deməyə əsas verir ki, muxtar respublikada məhdud fiziki imkanlı şəxslərə göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir, beynəlxalq standartlardan geri qalmır. Artıq fəaliyyətinin 10 ilini tamamlayan mərkəz bundan sonra da müvafiq kateqoriyadan olan şəxslərin reabilitasiyasında mühüm rol oynayacaqdır.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR