22 Dekabr 2024, Bazar

İslam aləmində bərəkət və bolluq ayı kimi tanınan aylardan biri də Məhərrəm ayıdır. Bu ay da Allahın rəhmətinə çatmaq üçün edilən duaların qəbul olunduğu ay kimi bilinməkdədir. Buna görə Məhəmməd Peyğəmbər Məhərrəm ayını “Allahın ayı” olaraq ifadə etmişdir.
Məhərrəm ayının 10-cu günü “Aşura günü” adlanır. “Aşura” sözünün bir mənası da “on” deməkdir. Bu gündə Uca Yaradanın on Peyğəmbərinə on növ ərməğanı olmuşdur. Ona görə də Aşura gününün Allah qatında ayrıca bir yeri vardır. Bunu “Qurani-Kərim”in “Fəcr” surəsinin ikinci ayəsindəki “On gecəyə and olsun” ifadəsinin təfsirindən də öyrənməkdəyik. Allah-Taala bu gecələrə and içərək onların üstünlüyünü və bərəkətini bildirmişdir. Allahın bu gündə on Peyğəmbərinə on ərməğanı bunlardır:


     1. Allah Musa Peyğəmbərə Aşura günündə bir möcüzə lütf etmiş, dənizi yararaq Firon ilə ordusunu sulara qərq etmişdir.
     2. Nuh Peyğəmbərin gəmisi Cudi dağının üzərində Aşura günündə dayanmışdır.
     3. Yunis Peyğəmbər balığın qarnından Aşura günü xilas olmuşdur.
     4. Adəm Peyğəmbərin tövbəsi Aşura günü qəbul edilmişdir.
     5. Yusif Peyğəmbər qardaşlarının atmış olduğu quyudan Aşura günü çıxarılmışdır.
     6. İsa Peyğəmbər o gün dünyaya gəlmiş və o gün səmaya yüksəldilmişdir.
     7. Davud Peyğəmbərin tövbəsi o gün qəbul edilmişdir.
     8. İbrahim Peyğəmbərin oğlu İsmayıl Peyğəmbər o gün doğulmuşdur.
     9. Yaqub Peyğəmbərin oğlu Yusif Peyğəmbərin həsrətindən bağlanan gözləri o gün görməyə başlamışdır.
     10. Eyyub Peyğəmbər xəstəliyindən o gün şəfaya qovuşmuşdur.
Beləliklə, mənalı və qüdsi hadisələrin ildönümü olan bu mübarək gün və gecə müsəlmanlar tərəfindən həmişə qeyd olunmuşdur. Bu günün inanclarından biri də ibadət və tövbə etməklə günahlardan arınmaq olmuşdur. Allahın bu gündə edilən ibadət və tövbələri qəbul etməsi haqqında hədislər mövcuddur.
Məhərrəm ayı və və onun onuncu günü Aşura günü xristian və yəhudilər tərəfindən də müqəddəs sayılmışdır. Bunu Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə hicrət edərkən orada yaşayan yəhudilərin oruclu olduqlarını öyrənməsi də sübut edir.
Aşura günü İslamdan əvvəl – İbrahim Peyğəmbər zamanından bəri müqəddəs bir gün olaraq bilinmiş və o gün oruc tutulmuşdur.
Aşura gününün mənəvi aydınlığı üzərində Kərbəla qaranlığı da görünməkdədir. Hicrətin 61-ci ilində, Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin nəvəsi, həzrəti Əlinin oğlu, haqsızlığa qarşı mübarizə aparan İmam Hüseyn 55 yaşında Sinan min Ənəs adlı bir xain tərəfindən Kərbəlada şəhid edilmişdir. Bu haqsızlıq və zülmün arxasında Əməvi Xəlifəsi Yezid, onun Küfə valisi İbn Ziyad dayanır.
Tarixə kədərli, eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseynin həyat və mübarizəsinin yad edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki,  İmam Hüseynin mübarizəsinin əsasında Vətən sevgisi, haqsızlığa və zülmə qarşı etiraz, əqidəyə sadiqlik uğrunda səfərbərolma kimi yüksək dəyərlər dayanır. Bu mübarizə bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.
Yuxarıda qeyd olunanlara diqqət etsək, aydın olar ki, Aşura İslamdan əvvəl də digər dinlərdə müqəddəs gün sayılmışdır. Məhəmməd Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu bu ayda, təəssüflər olsun ki, onun nəvəsinə və tərəfdarlarına qarşı zülm edilmişdir.
Bir məqamı oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, uzun illər Məhərrəm ayında, xüsusilə də Aşura günündə xürafi, dinimizlə uyğunlaşmayan bəzi hərəkətlərə yol verməklə müqəddəs günün mahiyyətindən və İmam Hüseynin mübarizlik məktəbinin qeyd olunan əsl məqamlarından kənarda qalmışıq. Aşura günündə ediləcək ən yaxşı ibadətlər həmin gün oruc tutmaq, tövbə etmək, İmam Hüseynin və tərəfdarlarının şəhadətinin əsl mahiyyətini öyrənməyə çalışmaq, bütün şəhidlərimizin ruhuna Quran oxumaq və  dualar etməkdən ibarətdir. Bununla yanaşı, həzrəti Hüseynin şəhadətə yetdiyi ay İslam dininin fəzilətləri bir daha xatırlanmalı, dinimizə zidd olan hərəkətlərə, yəni zəncir vurmaq, baş yarmaqla özünəxəsarət kimi qınağa səbəb olacaq əməllərə yol verilməməlidir. İlk növbədə, bu əməllər Allahın hökmünə üsyan etməklə də səciyyələnir. “Qurani-Kərim”də də Allah-Taala cana ziyan olanı haram, bədənə vurulan hər hansı bir xəsarəti günah buyurmuşdur.    
Aşura günü həzrəti Hüseyn hər bir insanoğlunun cənnətlə müjdələndiyi şəhidlik mükafatının ən uca mərtəbəsinə çatmışdır. Qədərin hökmünə boyun əyən hər mömin bu hadisəyə, əlbəttə, kədərlənir, lakin etiqad və soyuqqanlılıq itirilməməlidir. Duyğular səhvlərə, özünə və digərlərinə qarşı şiddətə aparmamalıdır. Çünki meydana gələn bütün hadisələr əzəli təqdirin bir hökmüdür. Bu baxımdan Kərbəla hadisələrini bir yas mərasimi halına çevirməklə dinimizin günah buyurduğu əməlləri icra etmək dinimizin etiqad və inancına ziddir.
Əlbəttə ki, bu, çox kədərli və üzücü bir hadisədir. Heç şübhəsiz ki, həzrəti Hüseyni və onun tərəfdarlarını qətlə yetirənlərin hamısı Allahın qəzəbinə düçar olmuşlar. Həzrəti Hüseyn və onunla birlikdə vuruşanlar isə şəhid olmuş, Allahın rəhmətinə qovuşmuş və Onun razılığını qazanmışlar.

Vüqar BABAYEV
Naxçıvan Muxtar Respublikası
Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR