Vətəni sevmək Vətən naminə yaşamaq, ona xidmət etməkdir. Bunun üçün hər bir kəs sahib olduğu peşəsinin, sənətinin öhdəsindən layiqincə gəlməyə çalışmalı, bu işi Vətəninə, vətəndaşına xidmət naminə vicdanla yerinə yetirməlidir. Bir sözlə, fəhlə də, həkim də, alim də öz əməyi ilə Vətəninin şöhrətini yüksəldə bilər; kifayətdir ki, ürəkdə məhəbbət, istək, təəssübkeşlik hissləri olsun. Bəs bu keyfiyyətlərə necə sahib olmaq olar? Bunun üçün zaman və məkan anlayışları əhəmiyyət kəsb edirmi? Sualların cavabı birmənalı deyil. Çünki insanı əsl vətəndaş kimi yetişdirmək elə bir ali məqsəddir ki, burada zaman və məkandan söhbət gedə bilməz. Öz uşağını tərbiyəçi yanına gətirmək istəyən valideyndən uşağın yaşı soruşulur. Valideyn cavab verir: – İki. Bu məqamda tərbiyəçinin dedikləri, fikrimizcə, bütün dövrlər üçün aktualdır: – İki il yubanmısınız.
Bəlkə də, bu misal kimlərəsə qəribə görünə bilər. Xüsusən də internet əsrində. Ancaq əsl həqiqətdə, doğrudan da, tərbiyəçinin cavabı çox düzgün və həyatidir. Uşağa tərbiyə gözünü dünyaya açdığı vaxtdan verilməlidir. Xüsusən də vətənpərvərlik tərbiyəsi. Çünki bütün müsbət insani keyfiyyətlər məhz vətənpərvərlik tərbiyəsinin tərkib hissəsidir. Konkret olaraq, Vətənini sevməyən insanda ətrafındakılara qarşı olan münasibət illüziyadan başqa şey ola bilməz. Bu yerdə Məmməd Arazın məşhur bir kəlamı yada düşür: “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”. Vətən daşı olmaq üçün, ilk növbədə, vətənpərvər, milli ruhda böyümüş və tərbiyə almış, cəmiyyət üçün zəruri olan müsbət keyfiyyətləri özündə cəmləşdirən bir insan olmaq lazımdır. Bunlar olarsa, o insan artıq Vətən daşıdır, deməli, əsl, layiqli vətəndaşdır. Bu barədə keçmiş Sovetlər Birliyi dövründə danışmaq, bəlkə, mümkün deyildi. Çünki o zaman məqsədli şəkildə gənclərimiz vətənpərvərlik duyğularından məhrum edilir, onların Vətənin müdafiəsi üçün lazımi biliklər almasına müxtəlif yollarla maneçilik yaradılırdı. Lakin bu gün müstəqil respublikamızın gələcəyi, inkişafı, ilk növbədə, böyüyən nəslin təlim-tərbiyəsi işinin düzgün təşkilindən, vətəndaş hazırlığından asılıdır.
Bəs bu gün ailələrimizdə və təhsil müəssisələrimizdə bu mühüm missiya layiqincə yerinə yetirilirmi? Bu missiyaya ilk olaraq ailədə başlanılmalıdır. Müdriklərimiz də deyiblər ki, vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir. Ancaq təəssüf ki, bu gün bəzi ailələrimizdə övladını vətənpərvər böyütmək ideyası yavaş-yavaş arxa plana keçməyə başlayıb. Mən həm də müəllim olduğum üçün tez-tez valideynlərlə görüşürəm. Və bu məsələdə gəldiyim qənaətlər çoxdur. Bəzən elə ailələrlə rastlaşırıq ki, təəccüb içində qalmamaq mümkün deyil. Valideyn övladına bahalı mobil telefon almaqla, övladının yüksək bal toplaması üçün onun fərdi hazırlıq məşğələlərində iştirakını təmin etməklə öz işini bitmiş hesab edir. Təbii ki, bu gün intellekt hər bir insan üçün vacib şərtlərdən biridir. Lakin bu, vətənpərvərlik tərbiyəsindən yuxarıda dayanmamalıdır. İkinci bir tərəfdən, ən yüksək intellektə malik gənc vətənpərvər deyilsə, o intellekt məqsədsiz və kordur. Vətənpərvər olmayan insan ən yüksək balla ən yaxşı universitetə qəbul olunsa belə, gələcəkdə Vətəninə heç bir xeyir verə bilməyəcək. Belə olan surətdə, gəlin görək, hansı valideyn məktəbdə övladının biliyə yiyələnməsi ilə yanaşı, onun vətənpərvərlik tərbiyəsinin necə formalaşdırılması ilə maraqlanıb? Axtarsaq, çox az halda belə valideyn tapa bilərik. Təəssüf ki, bəzi valideynlərimiz bunun fərqində deyillər. Təbii ki, vətənpərəvər olan insan övladını da vətənpərvər yetişdirəcək. Əgər valideyn vətənpərvər deyilsə, deməli, burda əsas iş orta məktəbin üzərinə düşür. Unutmayaq ki, böyük gələcəyimiz naminə Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək ən mühüm vəzifə kimi təhsilimizin qarşısında duran məsələlərdəndir.
Son illərdə muxtar respublikada təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən istənilən qədər danışmaq olar. Bütün bu tədbirlər də bəhrəsini verir. Hər il qəbul imtahanlarında həm keyfiyyət, həm də kəmiyyət baxımından bir sıra uğurlar qazanılır. Təbii ki, bütün bunlar sevindiricidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxışlarında vətənpərvər gənclərin yetişdirilməsini xüsusilə vurğulayır: “Bizim təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq, vətənpərvər gənclər yetişdirməkdir. Bununla yanaşı, təhsilimizin məqsədi Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir”.
Bəli, məktəblərimizin üzərinə çox böyük vəzifələr düşür. Bu vəzifələrdən başlıcası isə odur ki, hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu aşılamağı bacarmalıdır. Çünki müəllim məktəbdə, ilk növbədə, şəxsiyyət yetişdirir və bu missiyanın təməlində vətənpərvərlik tərbiyəsi dayanır. Bunun üçün bu gün quru sözlərə, nəsihətlərə ehtiyac yoxdur. Çünki indi həmin praktikanın dövrü deyil. Bu gün məktəb öz işini muzeylərlə, kitabxanalarla qurmalıdır. Keçirilən tədbirlər tədbir xatirinə təşkil edilməməlidir. Sirr deyil ki, son dövrlərdə məktəblərdə bu istiqamətdə keçirilən tədbirlər sayca azalır, bəzi tədbirlər isə formal xarakter daşıyır.
Bəlkə də, qənaətlər sadə görünə bilər. Ancaq Vətən və vətənpərvərlik bizim üçün hər şeydən öndə gəlməlidir. Vətənsiz bir insan gec-tez məhvə məhkumdur. Onun üçün də bütün səylərimizi əsirgəmədən müstəqilliyimizin əbədi olması üçün çalışmalıyıq. Blokada şəraitində yaşayan və işğalçı Ermənistan dövlətilə həmsərhəd olan muxtar respublikamızda buna daha çox ehtiyacımız var. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Əsas vəzifələrdən biri də gənclərimiz arasında vətənpərvərlik hissini geniş təbliğ etməkdir. Bu təkcə ona görə deyil ki, biz indi müharibə aparırıq. Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz Vətənini, torpağını, xalqını sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq qalmasan, şübhəsiz ki, dünyada başqa şeyləri də dəyərləndirə bilməzsən”.
Sara ƏZİMOVA