Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi və qanunçuluğun təmin edilməsi” mövzusunda Ordubad rayonunda bələdiyyə sədrlərinin iştirakı ilə seminar keçirilib. Dəstə Kənd Mərkəzində keçirilən seminarı Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Reyhun Babayev açaraq mövzunun əhəmiyyəti barədə məlumat verib.
“Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini tənzimləyən Ədliyyə Nazirliyinin əməkdaşı, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov çıxışında qeyd edib ki, bələdiyyə mülkiyyətində olan torpaqların hüquqi və fiziki şəxslərə icarəyə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməlidir.
Bələdiyyələrin mülkiyyət hüququ və torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı barədə danışan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri Oktay Məmmədov bildirib ki, bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilməlidir.
Ədliyyə müşaviri Ayaz Məhərrəmov diqqətə çatdırıb ki, respublikamızda bələdiyyələrin inkişafı və fəaliyyətlərinin təkmilləşdirilməsi üçün zəruri şərait yaradılıb və yerli özünüidarə hüququnu həyata keçirməkdə əhaliyə hərtərəfli köməklik göstərilir. Bələdiyyələrin bütün iclasları protokollaşdırılmalı, tərtib olunan bələdiyyə aktları qanunvericiliyə uyğun hazırlanmalıdır.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin
mətbuat xidməti