18 May 2024, Şənbə

Havaların soyuması insanların istiliyə olan tələbatını artırır və nəticədə, müxtəlif isidici cihazlardan və sobalardan istifadə edilməsi zərurəti yaranır. Həmin avadanlıqlardan düzgün istifadə edilmədikdə və ya qeyri-standart sobalardan istifadə olunduqda dəm qazından zəhərlənmə halları baş verir.     
Dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Qapalı şəraitdə daha təhlükəli olur. Dəm qazı ilə zəhərlənmə zamanı bu əlamətlər özünü büruzə verir: gözlər yaşarır, başağrısı, başgicəllənmə müşahidə olunur. Getdikcə zəiflik, ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi başlayır. Qıcolma tutmaları və nəhayət, tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir.

Dəm qazı təhlükəsinin qarşısını almaq məqsədilə bir sıra qaydalara riayət edilməlidir. İlk olaraq yadda saxlamaq lazımdır ki, qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir. Digər cəhətdən, mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə nəzarət edilməlidir.
Unutmayın ki, qızdırıcı soba ilə mənzilin ölçüsü uyğun gəlməlidir. Misal üçün, mətbəx həddindən artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya sistemi quraşdırılmayıbsa, böyük ölçüdə qaz plitəsi qoymaq olmaz. Eyni qayda hamam otağına da aiddir. Otaqlarda quraşdırılmış sobanın fəaliyyətinə vaxtaşırı fasilə verilməlidir. Bu zaman otaqda havanın dəyişdirilməsi üçün pəncərələr açılmalıdır. Mənzil mütəmadi havalandırıldıqda dəm qazından zəhərlənmə riski azalır.
Soba alarkən onun zəmanət barədə sertifikatının və texniki pasportunun olub-olmamasına diqqət yetirilməlidir.
Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşmək lazımdır. Bu sahədə naşı olan insanların xidmətindən istifadə olunmamalıdır.  Sobaların tüstü borusu olmadıqda və ya otaq havalandırılmadıqda orada mütləq dəm qazı yaranır.
Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir. Lakin təcili tibbi yardım gələnədək ətrafdakılar ona ilk yardımı göstərə bilərlər. Zərərçəkəni dərhal təmiz havaya çıxarmaq, onu kürəyi üstə uzatmaq və yaxasını açmaq lazımdır.
Zərərçəkənin alın və sinəsinə soyuq kompres qoyulmalıdır. Əgər zərərçəkmişin huşu özündədirsə, o zaman ona isti çay verilməlidir.  Dəm qazından yüngül zəhərlənmə olduqda, yəni zərərçəkmiş zəhərlənmə əlamətlərini vaxtında hiss edib məkanı tərk etdikdə, o zaman, sadəcə, təmiz hava ilə tənəffüs etmək yetərlidir. Zərərçəkmiş huşunu itiribsə, ona naşatır spirti ilə isladılmış pambıq parçasını iylətmək lazımdır. Naşatır spirti olmadıqda onu adi sirkəylə də əvəz etmək olar. Dəm qazından zəhərlənən insan nəfəs almırsa və ya tənəffüsü zəifdirsə, ona süni nəfəs vermək lazımdır. Zərurət olduqda ürək masajı edilməlidir. Zərərçəkmişə yardım göstərilməsi üçün təcili tibbi yardım briqadası çağırılmalıdır. Dəm qazından zəhərlənmiş insan özünü yaxşı hiss etsə belə, ən azı 24 saat həkim nəzarəti altında qalmalıdır.
Hər hansı fövqəladə hadisə baş verdikdə “112” qaynar xəttinə müraciət edin.

Əbülfəz QAFAROV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR