Muxtar respublikamızda məhdud fiziki imkanlıların tibbi və sosial reabilitasiyalarının təşkili, onların cəmiyyətə inteqrasiya olunması daim diqqət mərkəzindədir. Bu kateqoriyadan olan insanlara göstərilən xidmətlər günbəgün genişləndirilir və təkmilləşdirilir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, oktyabrın 29-dan Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində daktilo əlifbası üzrə distant dərslərin keçilməsinə başlanılıb. Həftənin II və V günləri keçilən dərslər Bakı şəhərindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika xüsusi internat məktəbinin müəllimi tərəfindən tədris olunur. Dərslərdə internet vasitəsilə uşaqlara hərf, heca, söz və cümlənin əl barmaqlarının hərəkəti ilə oxunması, eyni zamanda mimika və hərəkətlərlə özünüifadə bacarığını formalaşdıran təlimlər keçilir.
Zehni inkişafında və nitqində qüsurlar olan uşaqların da sosial reabilitasiyalarının həlli diqqət mərkəzindədir. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində defektoloji bölmənin yaradılması bu diqqət və qayğının ifadəsidir. Yunancadan tərcüməsi “qüsurları bərpa etmək” olan defektologiyanın loqopediya sahəsi üzrə (düzgün nitq tərbiyəsi) noyabrın 4-dən adıçəkilən mərkəzdə təlim-məşğələlərə başlanılıb. Günün birinci yarısında keçilən təlim-məşğələlərə Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasının, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Uşaq Bərpa Mərkəzinin və Naxçıvan Regional İnformasiya Mərkəzinin iş təcrübəsi olan mütəxəssisləri cəlb olunublar.
Günün ikinci yarısında isə mütəxəssislərin iştirakı ilə zehni inkişafında və nitqində qüsurlar olan uşaqlara məşğələ keçilir. Təlim məşğələlərini Sumqayıt şəhərindəki evdə təhsil məktəbinin defektoloq-loqopedi Tərlan Tərlanov aparır. Məşğələnin məqsədi bu kateqoriyadan olan uşaqların reabilitasiyasını təmin etməkdir.
Treninq bir həftə davam edəcək. Gələcəkdə belə treninqlərin davamı nəzərdə tutulub.
Qeyd edək ki, mərkəzin xidmətlərindən istifadə edən sağlamlıq imkanları məhdud uşaqlara burada pulsuz iaşə xidməti də göstərilir.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti