22 Dekabr 2024, Bazar

Qanunvericiliyin tələbləri əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi muxtar respublika ərazisində fəaliyyət göstərən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti təşkil edir və onlara metodoloji yardım göstərilməsi sahəsində tədbirləri davam etdirir. Bu məqsədlə bələdiyyə sədrlərinin və üzvlərinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilir, eləcə də onlar zəruri metodik vəsaitlərlə təmin olunurlar. Bu sahədə görülən işlərin davamı olaraq növbəti tədbir Culfa rayonunda təşkil edilib. Rayon üzrə fəaliyyət göstərən bələdiyyələrin kargüzarlıq sənədlərinə baxış olub, görülən işlər barədə onlara hüquqları izah edilib, lazımi metodik tövsiyələr verilib. Eyni zamanda bələdiyyə sədrlərinə “Metodik sənədlər toplusu”, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin səmərəli təşkili və yerquruluşu işlərinin aparılması məqsədilə tədbirlərin görülməsinə dair”, “Qəbiristanlıqların saxlanılması və idarə olunması haqqında yaddaş kitabçası” və “Bələdiyyə üzvünün yaddaş kitabçası” adlı metodik vəsaitlər təqdim olunub.

Tədbirdə “Ədliyyə könüllüləri”nin də iştirakı təmin edilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə tələbələri də metodik köməkliyin göstərilməsi prosesinə cəlb olunublar. Onlar bələdiyyə sənədlərinə baxış keçirib, bələdiyyələrin iş fəaliyyətini əyani öyrəniblər. Tələbələr bələdiyyələr tərəfindən hazırlanan protokol və qərar layihələri ilə bələdiyyə iclasının çağırılması qaydası, əhali ilə görüşün qaydaları, daxil olan sənədlərin qeydə alınması, bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi və digər məsələlər barədə ətraflı məlumatlandırılıblar.
Tədbirdə suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR