Hər kəsin Vətən adlı bir dünyası var. Bəlkə, elə buna görə də dünyada hər şeyi zövqə, imkana görə dəyişmək olar, bircə Vətəndən başqa... Vətən tale yazısıdır, Vətən bəşər övladının şanı, şərəfi, qeyrəti, namusudur... Bütün sevinclərimizin əzəli də ona bağlıdır, axırı da... Mənim də Vətən adlı dünyam canım qədər sevdiyim Azərbaycandır. Böyüyüb boya-başa çatdığım yurdum isə bol günəşi, saf suyu, təmiz havası ilə gözoxşayan gözəlliklər məskəni Naxçıvandır. Naxçıvanım!.. Əlincə qeyrətli, Gəmiqaya sirli, Əshabi-Kəhf möcüzəli, Möminə xatın şöhrətli qədim diyarım...
Ana Vətənim bütöv Azərbaycanın ondan ayrı düşmüş ayrılmaz parçasıdır Naxçıvan!.. Dünya şöhrətli siyasi xadim, ulu öndərimiz Heydər Əliyevin, Vətən həsrətli Heyran xanımın, maarif fədaisi Məhəmməd Tağı Sidqinin, romantik şair Hüseyn Cavidin, ölməz sənətkar Cəlil Məmmədquluzadənin, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin, böyük kimyaçı-alim Yusif Məmmədəliyevin və neçə-neçə adını çəkmədiyim böyük şəxsiyyətlərin Vətənidir Naxçıvan!..
Mən sənin Batabat gölündəki möcüzəli “Üzən ada”nı, duz dağındakı “Büllur sarayı”nı, Darıdağ şəfa bulağını, min bir dərdə dava olan mineral sularını, yayın od ələyən günlərində ilin dörd fəslini başına cəm eləyən Ordubadın “Göygöl”ünü, milli ruhumuzu özündə yaşadan “Şərur yallısı”nı göz önünə gətirdikcə gözümdə daha da gözəl və doğma görünürsən, ulu diyarım...
Qeyri-adi gözəlliyə, təbiətə, zəngin tarixə, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan dünyada yeganə məkandır ki, XII əsrdə qadınlığın şərəfinə abidə ucaldılıb burada. “Möminə xatın türbəsi” adlanan bu möhtəşəm məqbərə bu gün də Naxçıvanın rəmzi sayılır. Qarabağlar türbəsi, Buzxana, Əlincə xanəgahı, İmamzadə kompleksi, Şərq hamamı, Xan evi, Yusif Küseyir oğlu türbəsi, Aza körpüsü milli memarlıq inciləri kimi, bu gün də qorunub yaşadılmaqdadır. Naxçıvan xalqımızın tarixində və taleyində mühüm rol oynayan bir məkandır. Əbəs yerə yurdumuzun bu qədim və ulu diyarını “Nəqşi-cahan” – dünyanın bəzəyi adlandırmayıblar. Dərbənddən Bakıya, oradan da Qarabağa çatan yollar Zəngəzur vasitəsilə Naxçıvandan keçərək İrəvana və Tiflisə, Qarsa və Ərzuruma qədər uzanıb gedib.
Dünənlə bu günün vəhdəti
Müdriklərdən birinin belə bir deyimi var. Dünəninə xor baxsan, gələcək səni yarğılayar. Bu, doğrudan da, belədir. Ancaq naxçıvanlılar dünəni necə qoruyublarsa, bu günün də qədrini bilib, firavan gələcək qururlar.
Nur üzlü, al şəfəqli məmləkətimin seyrindən doymaq olmur. Necə xoşbəxt vətəndaşlarıq ki, bu məmləkətdə böyüyüb yaşamaq məhz bizim qismətimizə düşüb. Necə xoşbəxtik ki, qanlı-qadalı günləri geridə qoyub, xoş işıqlı, nur üzlü bu diyarda günün batmasını və oyanmasını seyr edə bilirik. Vaxtilə öz nefti ilə dünyaya həyat verən bir ölkənin doğmadan-doğması Naxçıvan zülmətin pəncəsində, qaranlıqda qalmışdı. Ancaq elə bir dövr gəlib çatdı ki, bu diyarın xalqsevər rəhbəri, qədirbilən oğulları, yurdsevər vətəndaşları zülmətə, qaranlığa qarşı mübarizəyə başladı, bu yolda böyük zəhmətlər, əziyyətlər çəkildi və nəticədə, Naxçıvan gecələri nur işığına boyandı. Elə burada gözəl bir şeirin misralarını xatırlayıram:
Qocaman çinarlar durub yan-yana,
Köksündən zəhmətin xoş ətri saçır.
Dönübdür şəhərim cənnətməkana,
Baxdıqca göz gülür, könül dil açır.
Bəli, qədim diyarımın hər qarışı göz oxşayır, sanki dil açıb danışır.Tarix Naxçıvanı, Naxçıvan da tariximizi yaşadır. Naxçıvan yaşanan tarixdir. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək: “Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çox zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, qədim tarixi olan Azərbaycan torpağıdır”.
Arzularımın diyarı...
Hələ məktəbə getdiyim ilk illərdə arzu edərdim ki, hər cür şəraiti olan məktəblərdə təhsil alaq, geniş küçələrdə addımlayaq, gül-çiçəyə qərq olmuş meydanlarda oynaya bilək. Bu arzular, uşaq xəyallarımdakı niyyətlər çox keçmədi ki, gerçək oldu. Bəli, bu gün bu şəhərdə həyat qaynayır, coşqun yaşam tərzi bərqərar olunub. Yollar, küçələr isə qurub-yaratmağa tələsən insanlarla doludur. Müasirliyi ilə qədimliyini özündə əks etdirən binalar, səkilər, rahat yollar qurub-yaratmaq əzmi ilə döyünən ürəklərin, bacarıqlı əllərin məhsuludur. Uzun illər blokada şəraitində qalmış bir məmləkətin qısa zaman kəsiyində bu qədər inkişaf edəcəyi heç kimin ağlına belə, gəlməzdi. Artıq bu, gerçəklikdir, günümüzün reallığıdır. İndi Naxçıvan, Azərbaycanın tacı olan bu tarixi məkan özünün yeni həyatını yaşayır. Mədəniyyət və istirahət parkları, əyləncə və istirahət mərkəzləri, Bazar gölü, “Saat Meydanı” turistik istirahət mərkəzi, Uzunoba ailəvi istirahət mərkəzi, kinoteatrlar, kafe və restoranlar. Küçələr boyu əkilmiş yamyaşıl ağaclar insanların əhval-ruhiyyəsini oxşayır. Hələ ətrafa xoş ətir saçan gül-çiçəklər... Bütün bunların hamısı blokada şəraitində yaşayan Naxçıvanı tanınmaz dərəcədə dəyişdirib.
Ümummilli liderimiz Heydər Əliyev doğma Azərbaycanımız haqqında, Naxçıvan haqqında düşünür və deyirdi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarımız arzularımız yerinə yetirilsin”.
Ulu öndərin çox sevdiyi və bir vaxtlar çətin iş rejimində çalışdığı şəhərdə bu gün hər şey tanınmaz dərəcədə yenilənib. Bu, ilk növbədə, ümummilli liderimizin ideyalarının təntənəsidir, onun quruculuq yolunu inamla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya göstərdiyi qayğının bariz nümunəsidir. Bu təntənə müasir Naxçıvanın gerçək simasıdır.
İndi bu şəhəri seyrə çıxan hər bir vətəndaş iftixarla “Mən bu şəhərin sakiniyəm” deyir. Gözəl bir şeirdə deyildiyi kimi:
Şəhərim çıraqban, kəndim çırağban,
Kəhkəşan sinəmdən nur alsın deyir.
Onun gecəsinin işıqlarından
O tayın gündüzü işıq istəyir.
Yaşıllıqlar məskənidir məkanım...
Bu gün şəhərimiz yaşıl örtüyə bürünüb. Yaşıllıqları ötən illərlə müqayisə belə, etmək mümkünsüzdür. Bu barədə düşünərkən balaca ikən yaddaşıma yazılan çətin günlər göz önümdə canlanır. Qışda soyuqdan qorunmaq üçün şəhərimizdə kimsəsiz, qərib kimi görünən beş-on ağacı kəsib istisinə qızındığımız, yayda isə “Kaş ki həmin ağaclar qalaydı, kölgəsində sərinlik tapardıq”, – dediyimiz vaxtları indi ürəkağrısı ilə xatırlayıram. Muxtar respublikamızın yaşıl sərvətinin dağıdılmasından narahat olan və onu qorumağa çağıran ulu öndərimizin təbiəti qorumaqla bağlı çağırışları muxtar respublikanın əhalisi üçün bir həyəcan təbili oldu. Bu çağırışa elliklə qoşulmaq, ona səs vermək, qırılıb-tökülənlərin, dağıdılanların əvəzini qaytarmaq lazım idi. Ancaq necə? Bu çətin işin öhdəsindən gəlmək mümkün idimi? Axı muxtar respublikada yaşıllıqların istismarı bir yana dursun, iqtisadi tənəzzül də bir tərəfdən insanların əl-qolunu bağlamış, sabaha olan ümidlərini puça çıxarmışdı. Belə bir çətin məqamda ulu öndər Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi köməyə gəldi. Həyat yavaş-yavaş öz axarına düşməyə başladı. Yaşıllaşdırma ilə bağlı layihələrin həyata keçirilməsinə böyük önəm verildi. Hər il yol kənarlarına yüzlərlə ting basdırıldı. Şükürlər olsun ki, o ağrılı, qadalı günlər geridə qalıb.
Yaşıllıq ərazilərimiz ilbəil artırılır, meşə-bərpa işləri aparılır. İlin bütün fəsillərində yaşıl libaslı zəhmətkeş bağbanları şəhərimizin gəzməli-görməli yerlərində mövsümə uyğun işlər apararkən görmək olar. Bu xeyirxah tədbirlər nəticəsində Naxçıvanın siması gündən-günə gözəlləşir. Bu diyara üz tutan qonaqlar da məhz bu gözəllikdən zövq alırlar.
Aydın məram, konkret hədəf
Qısaca bunu deməliyəm ki, Vətənə, yurda bağlı əsl rəhbər olan yerdə həyatın məcrası da düzgün istiqamətə yönəlir, insanlar yolundan sarpmır, sözlə işin vəhdəti təmin edilir, nizam-intizam şüurlu olaraq varlığımıza hakim kəsilir. Bütün bunlar isə sürətli inkişafa dinamik xarakter verən başlıca şərtdir. Çalışmaq və yenə də çalışmaq bugünkü həyatımızın alternativsiz qayəsidir. Atalar yaxşı deyib: “Halva-halva deməklə ağız şirin olmaz”. Gərək arzusunda olduğun məqsədə çatmaq üçün qol çırmayıb iş görəsən. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin idarəetmə məktəbini keçən, onun dövlətçilik xəttinin incəliklərini mənimsəyən, muxtar respublikanı dərindən tanıyan, potensialını və problemlərini yaxşı bilən, təşəbbüskar, coşqun enerjili, aydın proqramlı muxtar respublika rəhbəri öz məramnaməsini hələ 25 il öncə belə ifadə etmişdi: “Prezident Heydər Əliyevin dövlətçilik platformasına sadiq qalacağam, onun bu böyük etimadını layiqincə doğrultmağa çalışacağam”.
Bəli, aydın məram, konkret hədəf göz qarşısındadır. Özünün intibah dövrünə qədəm qoyan Naxçıvanda illərdir ki, yeni həyat başlayıb. Cəmiyyət burada bir yumruq halında birləşib. Bu birlik hesabına Naxçıvan aydan-aya deyil, gündən-günə dəyişir, gözəlləşir, inkişaf edir. İnkişaf və yeniləşmə istiqamətində keçilmiş şərəfli yolun dərsləri, dövlətçilik, quruculuq, idarəetmə sahəsində toplanmış zəngin təcrübə Azərbaycanın bu qədim və həmişəcavan diyarının sabahkı üfüqlərinə də gur işıq salır.
Nuray ƏSGƏROVA
jurnalist