“Oğlumun nağılları və yaxud bizim həqiqətlərimiz” silsiləsindən üçüncü nağıl
Növbəti nağıl-həqiqətin ilk cümlələri axşam işdən evə qayıdanda öz-özünə yarandı. Qapını açıb içəri keçməyimlə oğlum əlimdəki çantaları alıb öz otağına qaçdı və bir neçə dəqiqədən sonra üzgün olaraq yanıma qayıtdı. Nə baş verdiyini anlamışdım. Ona söz verdiyim oyuncağı almaq tamam yadımdan çıxmışdı. Sabah mütləq alacağıma inandırandan sonra balacanın kefi bir az düzəldi...
...Həmin hadisənin ən yaxşı tərəfi isə uşaqlıq illərimi geri gətirməsi olmuşdu. Uşaqlıq oyunlarımız, oyuncaqlarımız, daha doğrusu, oyuncaqsız uşaqlığımız gözlərimin önündə canlanmışdı.
Dərslərini bitirən oğlum dişlərini fırçalayıb yerinə uzananda məni çağırdı. Nağıl vaxtı idi. Ona bu gün yaşadığı uşaqlığa görə müstəqilliyimizə, dövlətin bugünkü qayğısına borclu olduğunu anlatmalıydım...
* * *
...Bir vaxt vardı, heç nə yoxdu... Heç nə olmayan o vaxtlarda bapbalaca bir kəndin uşaqları heç vaxt ataları işdən gələndə onların qabağına qaçmır, boş olan əllərindən nə çantalarını alıb otaqlarına qaçırdılar, nə də bu haqda hər hansı təcrübələri var idi.
Həmin o vaxtlarda insanlar elə bir çətinlik içində yaşayırdılar ki, evə bir tikə çörək gətirməkdən başqa düşünəcəkləri mövzu, uşaqların da bu vəziyyətdə ata-analarından istəyəcəkləri hər hansı bir istək yox idi.
Belə bir zamanda da uşaqlar böyüyürdü, onlar da “uşaqlıqlarını” oyunlarla keçirmək istəyirdilər. Balaca kəndin balacalarının oyuncaqları da qeyri-adi idi o vaxt. Köhnə parçalardan hazırlanmış və alüminium simlə bir neçə yerdən bərkidilmiş “yumru futbol topu” o dövrkü uşaqların ən çox sevdiyi və oynadığı oyuncaqları idi. Məhəllələrarası yarışlar da məhz belə toplarla keçirilərdi. Futbol ayaqqabısı isə bir neçə uşaqda olardı. Qalanları ayaqyalın bu “top”un arxasınca qaçar, iki daş arasında qurulmuş “qapı”ya qol vurmağa çalışardılar.
O dövrdə yaşca məktəbin yuxarı siniflərində oxuyan uşaqların alüminium simdən hazırladıqları dördtəkərli arabalar da digər uşaq oyuncaqlarından idi. Barmaq qalınlığındakı söyüd budaqlarının hər iki ucuna ip bağlayıb Beyrək “kamanı”, qurumuş günəbaxan zoğlarını torpaqdan çıxarıb torpağını təmizləyib Koroğlu “əmudu”, yaxud elə o günəbaxan çubuğundan Babək “qılıncı” düzəldərdilər. Ən çox oynadıqları oyunlardan biri də həmin bu “silahların” istifadə edildiyi məhəllələrarası “güllə-güllə” oyunu idi.
Qız uşaqlarının ən sevimli oyuncaqları isə ya analarının, ya bibilərinin, ya da özlərindən böyük bacılarının bir-birinə sarınmış əski parçalarından hazırladıqları “gəlinciklər” idi.
Gizlənqaç isə qız və oğlanların birlikdə oynadığı folklorun – dünənin bu günədək qoruyub saxladığı unudulmaz uşaq oyunu idi.
– Dədə, bəs o uşaqların heç velosipedləri, gəlincikləri, rəngbərəng topları, tətiyini sıxanda səs çıxaran tapançaları, pultla idarə olunan maşınları yox idi?
– O uşaqların dövründə sənin yaşadığın xoşbəxt günlər yox idi. O uşaqların yaşadığı günlərdə sənin yaşadığın dövlət, sənin yaşadığın müstəqillik, sənin yaşadığın firavan həyat, sənin yaşadığın bir çox gözəlliklər yox idi. Ona görə də o uşaqların nə sənin saydığın oyuncaqları var idi, nə də ata-analarının onları almağa imkanları çatırdı.
– Yaxşı, dədə, nağılın sonrasını danış...
* * *
...Nağılın sonrasında oğlum da, mən də susmuşduq. Mən oyuncaqsız uşaqlığımızdakı günləri yadıma salıb kövrəlsəm də, oğlumun müxtəlif fərqli oyuncaqlarını, bizim, sadəcə, şəkillərdə və televiziya ekranlarından gördüyümüz velosipedini, həyətin dörd bir tərəfindəki futbol toplarını düşünüb onun yaşadığı zamana – uşaqlığına həsəd aparırdım. Yəqin ki, oğlum da nağıldakı uşaqları düşünürdü.
Sükutu oğlum pozdu:
– Dədə, əvvəl kitablarda oxuduğun nağıllarda sehrli xalatlar vardı, sehrli qüvvələrlə keçmişə qayıtmaq olurdu. İndi elə etmək olmazmı?
– Necə etmək?
– Keçmişə qayıtmaq... Keçmişə qayıdıb toplarımın, pultla işləyən maşınlarımın, bacımın gülüb-ağlayan gəlinciklərinin bir neçəsini həmin uşaqlara vermək istəyirəm. Qoy mənim oyuncaqlarımdan onların da olsun.
– Yaxşı, sən yat, mən elə edəcəyəm ki, sən yuxunda keçmişə qayıdacaqsan. Onda oyuncaqlarından o uşaqlara hədiyyə edərsən.
* * *
Gözlərini bərk-bərk yumub yatmağa çalışan oğlum yuxusunda gedəcəyi keçmişi, bizim dövrü, bizim dövrün uşaqlarını xəyal edirdi. Elə bu düşüncələrlə də bir neçə dəqiqədən sonra yuxuya getdi. Bəlkə, elə yuxusunda həmin uşaqlarla görüşdü də, öz oyuncaqları ilə birlikdə oynadı da. Amma bir gün bizim həqiqətlərimizin gizləndiyi nağılların, kitablardan oxuduğu nağıllar kimi dilinin yüyrək olmadığını anlayacaq. Zaman keçdikcə biləcək ki, əslində, o uşaqların da, o uşaqların atalarının da çəkdiyi çətinliklərin səbəbi xaos və qarmaqarışıq, sabahı bəlli olmayan zaman idi. Daha doğrusu, zamanı və yaşayışı o vəziyyətə gətirənlər.
* * *
...Səhər yuxusundan gülümsəyərək oyanan oğlum bu yazını yazdığımdan xəbərsiz gəlib kənardan mənə baxmağa başladı. Üzümə zillənən baxışlarındakı mənadan aydın olurdu ki, axşamkı nağıldakı o uşaqlardan birinin öz dədəsi olduğunu artıq bilir. Yaxınlaşıb boynumu qucaqlayaraq başını çiynimə qoyması da evin hər tərəfinə səpələnmiş oyuncaqlara görə minnətdarlıq jesti idi.
Göydən üç alma düşdü, yaxud P.S. Yeməkdən sonra məktəbə yollanırıq. Hər ikimizin üzündə təbəssüm var. Oğluma başa salıram ki, sənin oyuncaqlarını – velosipedini də, toplarını da mən alıb gətirmişəm. Amma müstəqil və inkişaf edən dövlətin bugünkü günündə yaşamasaydıq, mən də evə əliboş qayıdacaqdım, sən də o vaxtkı uşaqlardan seçilməyəcəkdin.
Elxan YURDOĞLU