Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işlərindən şəhərimizdəki Heydər Əliyev, Zəroş Həmzəyeva və “İstiqlal” küçələrindəki bir neçə yaşayış binasına da pay düşüb. Həmin küçələrdə altmışıncı illərdə istifadəyə verilmiş bir neçə yaşayış binasında əsaslı təmir işləri aparılıb, binaların təməli möhkəmləndirilib, giriş qapıları, pəncərələr, dam örtüyü dəyişdirilib, kommunikasiya xətləri yenilənərək lazımi kommunal şərait yaradılıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov həmin binaların sakinləri ilə görüşüb, yaradılan şəraitlə tanış olub. İcra başçısı bildirib ki, Naxçıvan şəhərinin gözəlliyinə hər gün yeni çalarlar əlavə olunur. Yeni binalar, yaşayış kompleksləri inşa edilir, köhnə binalara yeni həyat verilir. Bütün bu işlər ümummilli lider Heydər Əliyevin quruculuq siyasətinin Naxçıvanda uğurla həyata keçirildiyini göstərir. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə təmir olunan bu yaraşıqlı binalar da həmin siyasətin bəhrəsidir. Aparılan belə quruculuq işləri əhalinin rahatlığı, firavan həyatı üçündür.
Qeyd edilib ki, qurub-yaratmaq işin birinci tərəfidir. Əsas məsələ qurulanları, yaradılanları qorumaq və gələcək nəsillərə olduğu kimi çatdırmaqdır. İnanırıq ki, həm binalarda, həm də ətraf ərazidə yaradılan səliqə-sahman sakinlər tərəfindən qorunacaq və şəhərimizin gözəlliyinə heç bir xələl gəlməyəcəkdir.
Sonra Naxçıvan Şəhər Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı Zahid Gözəlov çıxış edərək təmir olunan binaların şəhərimizə xüsusi gözəllik bəxş etməsindən və bu gözəlliyi hamılıqla qorumağın vacibliyindən danışıb.
Təmir olunan binaların sakinləri yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Qafar QƏRİB