Tarixi abidələr bu yurdun qədimliyindən soraq verir
Naxçıvan torpağı özünün tarixi və memarlıq abidələri ilə zəngindir. Bu torpaqda insan yaşayışının neçə minillik tarixini özündə yaşadan Qazma, Gəmiqaya, Kültəpə, Oğlanqala və sair kimi qədim yaşayış məskənlərindən – arxeoloji abidələrdən tutmuş ta bu günümüzün memarlıq incilərinədək uzanan siyahıda iki mindən çox maddi-mədəniyyət nümunəsi var. Və bu abidələr içərisində, təbii ki, orta əsrlərdə yaranan və bütün Şərq aləmində tanınan Naxçıvan memarlıq məktəbinin yadigarları da az deyil.
Bu memarlıq inciləri sırasında dini abidələr də çoxluq təşkil edir. Buraya, əsasən, məscidlər, xanəgahlar, mədrəsələr daxildir.
Bəhs olunan abidələr içərisində Parçı imamzadəsi də var. Bu abidə orta əsrlərə aid ziyarətgahdır. Abidə Xanlıqlar kəndinin şimal hissəsində yerləşir. Günbəzli böyük binadan ibarət olan imamzadənin mərkəzi salonunda bir qəbir var. Deyilənlərə görə, vaxtı ilə qəbrin üzərində kitabə olub. Abidənin üzərində sonralar türbə ucaldılıb. Memarlıq-konstruktiv əlamətlərinə görə Parçı imamzadəsi 16-17-ci əsrlərə aid edilir.
Yolum, güzarım Xanlıqlaradır
Şərur şəhərinin mərkəzində köhnə tanışlarımdan biri – təqaüdçü müəllim Məhəmmədəli Cəlilovla qarşılaşdım. Hal-əhval tutduqdan sonra Xanlıqlara gedəcəyimi dedim. Üzümə baxıb gülümsündü:
– Xanlıqlar şəhərinə?
Təəccübləndiyimi görüb özü də sualına aydınlıq gətirdi:
– Kəndimizin şəhərdən nəyi əskikdir? Yəqin son vaxtlar yolunuz ora düşməyib. Gəl otur maşınıma, səni aparım gəzdirim. Öz gözlərinlə gör ki, kəndimizdə necə büsat qurulub, necə şəhər mədəniyyəti yaradılıb.
Yeri gəlmişkən deyim ki, Şərur şəhərindən Naxçıvan şəhərinə gedən yol Xanlıqların içərisindən keçir. Yadıma əvvəllər bu yaşayış məntəqəsindən keçən yolun çətinliyi düşdü. İki avtomobil qarşı-qarşıya gələndə biri saxlayıb gözləməli olurdu. Kənd mərkəzinə gələn piyadalar da həddindən artıq əziyyət çəkirdilər. Hələ mən yolun kələ-kötür olmasını demirəm. Elə bil Məhəmmədəli müəllim ürəyimdən keçənləri üzümdən oxumuşdu:
–Ümumi uzunluğu 4 kilometrə yaxın olan yolumuza daha söz ola bilməz. Asfalt örtük salınıb, yol boyu 1 körpü, 20 su keçidi tikilib. İkizolaqlı yolun hərəkət hissəsinin eni 9 metrdir.
...Bu da Xanlıqlar. Kəndin ətraflarındakı traktorların, toxumsəpən aqreqatların səsi bir-birinə qarışmışdı. Gələcəyin bol taxıl məhsulunun əsası da məhz indi – payızda qoyulur. Torpağa toxum düşür.
Kənd mərkəzi göz oxşayır
Xanlıqlarda oktyabrın 21-də əsl bayram sevinci yaşanıb. Həmin gün burada bir neçə sosial obyekt istifadəyə verilib. Onlardan biri kənd mərkəzidir. Yeni binanın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Bu gün Xanlıqlar kəndi muxtar respublikanın abad yaşayış məntəqələrinin sırasına qoşulur. Kənddə müasir avtomobil yolu, məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Burada fəaliyyət göstərən təşkilatların işinin günün tələbləri səviyyəsində qurulması, kənddə elektrik, qaz və rabitə xətlərinin yenilənməsi göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Eyni zamanda görülən bu işlər insanların rahatlığı istiqamətində həyata keçirilən tədbirlərin davamıdır”.
Mərkəzin qarşısında kənd ağsaqqalı İsmayıl Səfərovla görüşdük. Sevincinin həddi-hüdudu yox idi. Bizi görcək dedi:
– Görürsünüz, necə yaraşıqlı ikimərtəbəli kənd mərkəzimiz var. Daha kəndimizin qurumları əvvəlki kimi hərəsi bir tərəfdə – dağınıq deyil. Burada rabitə evi, polis sahə məntəqəsi, icra nümayəndəliyi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq məntəqəsi, mədəniyyət evi və zal yerləşir. Bizim borcumuz tikilənləri, qurulanları lazımi səviyyədə qorumaqdan, kəndimizdə həyata keçirilən tədbirlərdə fəal iştirak etməkdən ibarətdir. Mən ixtisasca aqronomam, özü də kitab, qəzet-jurnal həvəskarıyam. Kitabxanamıza üzv yazılmışam. Daha rayon mərkəzinə getməyə ehtiyac yoxdur. Burada nə az, nə çox, 8 mindən çox kitab vardır.
Qeyd edək ki, kənd mərkəzində yerləşən rabitə evində 256 nömrəlik yeni nəsil ATS quraşdırılıb. ATS Xanlıqlar və Stansiya Daşarx kəndlərində 140 abonentə xidmət göstərir. Həmçinin burada poçt bölməsi yaradılıb, gündəlik mətbuatın, danışıq və internet kartlarının satışı təşkil edilib.
Ölkənin inkişafı təhsildən keçir
Kənd tam orta məktəbinin qarşısında qələbəliklə rastlaşdıq. Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İlham Mustafayev bildirdi ki, bu gün məktəbdə “Heydər Əliyev ili”nə həsr olunmuş tədbir keçiriləcək. Tədbirə valideynlər də dəvət olunublar.
Biz də tədbirdə iştirak etdik. Müəllimlərin, valideynlərin ürək sözlərini, şagirdlərin ifasında ulu öndərimizə, ölkə Prezidentinə, Vətənimizə həsr olunmuş şeirlərin bədii qiraətini dinlədik. Məktəbin müəllimi Bəsti Cəlilovanın dediyi sözlər isə hamının ürəyindən xəbər verdi:
–Bu gün kəndimizdə qurulanlar, yaradılanlar dahi rəhbərimizin siyasətinə sadiqliyin ifadəsidir. Bu siyasət hesabına ölkəmizin iqtisadi qüdrəti gündən-günə artır. Bu siyasət bizi inamla işıqlı gələcəyə doğru aparır.
Məktəbin direktoru Nurəddin Niftəliyevlə söhbət zamanı öyrəndik ki, ötən tədris ilində məktəbin 4 məzunu ali məktəblərə, 2-si orta ixtisas məktəbinə, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Tələbə adını qazananlardan biri 500-700 intervalında bal toplayıb. Zirzəmi ilə birlikdə 3 mərtəbəli, 396 şagird yerlik təzə məktəb binasının istifadəyə verilməsi pedaqoji kollektivi təhsil uğurlarını daha da artırmağa ruhlandırıb.
Təhsil ocağında 22 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır.
Məktəbin kitabxanasına yeni ədəbiyyatlar və dərsliklər verilib, kitab fondu zənginləşdirilib.
Kompüter otaqlarında 38 kompüter quraşdırılıb və internetə qoşulub. Məktəbdə hər 6 şagirdə bir kompüter düşür. Sinif otaqlarında quraşdırılan 4 elektron lövhə isə interaktiv tədrisin daha səmərəli aparılmasına şərait yaradıb. Elektron lövhələrin və kompüterlərin sürətli internet xəttinə qoşulması tədris prosesi zamanı ölkəmizin digər təhsil ocaqları ilə videoəlaqə yaratmağa və keçilən dərsləri izləməyə imkan verir.
İnsanların sağlamlığı naminə
Muxtar respublikamızda geniş vüsət almış quruculuq tədbirləri sırasında yeni xəstəxanalar tikmək, tibb məntəqələri, həkim ambulatoriyaları inşa etmək, onların maddi-texniki bazasını gücləndirmək, əhalinin sağlamlığı keşiyində dayanmaq dövlətimizin vacib qayğılarından biridir. Bu istiqamətdə son illər muxtar respublikamızda ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Xanlıqlar kəndində inşa olunmuş ikimərtəbəli həkim ambulatoriyası bu istiqamətdə aparılan quruculuq işlərinin məntiqi davamıdır. Ambulatoriya binasında stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, aptek, mama və manipulyasiya otaqları vardır. Ambulatoriyaya lazımi tibbi avadanlıqların qoyulması kənd əhalisinə göstərilən səhiyyə xidmətinin keyfiyyətini xeyli yüksəldib.
Nümunəvi xidmət
Kənd meydanında tikilən ikimərtəbəli binada ərzaq, sənaye və təsərrüfat malları mağazaları, qadın gözəllik salonu, 2 bərbərxana, dərzi sexi, ayaqqabı təmiri sexi və ət satışı dükanı yerləşir. Xidmət mərkəzində 9 nəfər işlə təmin olunub. Bura da əhalinin gur yerlərindən biridir. Köhnə tanışım Hüseyn Əliyev adamların arasından ayrılıb bizə yaxınlaşdı:
– Allah bizə bu şəraiti yaradanların ömrünü duz dağına döndərsin. Daha adi bir işdən yana rayon mərkəzinə getməkdən canımız qurtarıb. Qənd, çay, bel, dəryaz, balta aldım. Vaxtım hədər yerə itmədi. İndi gedirəm traktorla sahəmi şumladam. Taxıl əkəcəyəm.
Bu kəndin adamları torpağa, əməyə bağlıdırlar. Bekar qalmağı xoşlamırlar, vaxtlarının qədrini bilirlər. Xidmət mərkəzi bu işdə onların çox karına gəlib.
Xanlıqlar həm də nur mənbəyidir. 35/10 kilovoltluq “Xanlıqlar” yarımstansiyası Şərur rayonunda 21 min 358 nəfərin yaşadığı 15 kəndi elektrik enerjisi ilə tam təmin edir. Elektrik yarımstansiyasının yenidən qurulması dayanıqlı və keyfiyyətli enerji təminatında mühüm rol oynayır.
Qeyd etdiyimiz kimi, bu il Xanlıqlar kəndində kompleks quruculuq işləri aparılıb. Yeni sosial obyektlərin tikilməsi ilə yanaşı, kənddə 1000 metr fiber-optik kabel və 6500 metr elektrik xətti çəkilib, 250 kilovat-amper gücündə yeni transformator quraşdırılıb, 1200 metr uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yeri dəyişdirilib.
Kəndin içməli və suvarma su təminatı da diqqət mərkəzində saxlanılıb, 800 metr uzunluğunda arxlara müxtəlif diametrli borular salınıb, 500 metr uzunluğunda içməli su xətti təmir olunub.
Sözün həqiqi mənasında, görən deyir, bir də görüm qəsəbə timsallı Xanlıqları.
Kəndin təsərrüfat həyatı
Xanlıqların zəngin əkinçilik ənənələri vardır. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İlham Mustafayev bildirdi ki, 1483 hektar ərazisi olan kənddə 580 təsərrüfat var. Bu təsərrüfatlarda 2465 sakin yaşayır. Aqrar islahatlar zamanı kənd sakinlərinə 661 hektar pay torpağı verilib. Kəndin təbii-coğrafi mövqeyi burada əkinçilik və heyvandarlığın inkişafı üçün gözəl şərait yaradır. Elə buna görə də kənd sakinləri uzaq keçmişdən günümüzədək bu sahələri inkişaf etdirməyə çalışıblar.
Dövlət qayğısı da yetərincədir. Təkcə bu il kəndin torpaq mülkiyyətçilərinə 45 min manat kredit verilib. Son illər aparılan meliorativ tədbirlər, yeni artezian quyularının istifadəyə verilməsi kəndin suvarma və içməli su problemini həll edib, torpaq sahələrinin əkilməsinə, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına səbəb olub. Taxılçıların qazandığı uğurlar daha sevindiricidir. Cari ildə 355 hektarın taxılı biçilib, 1136 ton məhsul istehsal edilib ki, bu da hər hektardan 32 sentner “sarı kəhrəba” tədarükü deməkdir.
Hazırda kəndin ayrı-ayrı məhəllələrində 3 çörəkbişirmə sexi fəaliyyət göstərir. Bu sexlərdə 30 nəfərədək kənd sakini çalışır. Əhalinin çörəyə olan tələbatı bu sexlərin vasitəsilə ödənilir.
Kənddə həyata keçirilən möhtəşəm quruculuq-abadlıq işləri sakinlərə yüksək ovqat bəxş edib. Təbii ki, bunlar muxtar respublikada insan amilinə yüksək qiymət verilməsinin nəticəsidir. Xanlıqların fədakar insanları bunu dərindən dərk edir, bu gün nail olduqları ilə kifayətlənmir, sabah daha yüksək nailiyyətlər qazanmağa çalışırlar.
Cəfər ƏLİYEV