22 Dekabr 2024, Bazar

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda bitki və heyvanlar aləminin öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsaslarının araşdırılması bu elmi-tədqiqat müəssisəsinin qarşısında duran əsas vəzifələrdən biridir. İnstitutun tərkibində 4 şöbə, 4 laboratoriya, Nəbatat bağı, Təbiət muzeyi, Herbari fondu və Yaşıl aptek fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının fauna biomüxtəlifliyinə daxil olan onurğalı və onurğasız heyvanlar aləminin tədqiqi, genofondunun qorunması və səmərəli istifadə imkanlarının tədqiqi istiqamətində isə bu elmi qurumun Zooloji tədqiqatlar şöbəsi araşdırma aparır.

Elmi fəaliyyətə 2003-cü ildən başlayan və ilk günlərdən hərtərəfli dövlət qayğısı ilə əhatə olunan, səmərəli elmi fəaliyyət üçün zəngin maddi-texniki baza yaradılan şöbədə iş planına uyğun olaraq tədqiqatlar aparılıb və mühüm nəticələr əldə edilib. Belə ki, muxtar respublika şəraitində ilk dəfə olaraq kənd təsərrüfatı heyvanlarında, ev quşlarında parazitlik edən törədicilərin növ tərkibi, yüksək virulentli parazit növləri, onların müxtəlif ekoloji mühitlərdə xəstəliktörətmə qabiliyyəti, bioloji, ekoloji xüsusiyyətləri araşdırılıb. İri və xırdabuynuzlu heyvanların, ev quşlarının xəstəliklərinin kliniki gedişi, onların məhsuldarlığa təsiri, hematoloji dəyişiklikləri və sair müəyyən edilib. Cənubi Qafqazın ibtidailər faunasına ilk dəfə 3 koksidi növü əlavə olunub. Xəstəliklərin profilaktikası üçün təsirli mübarizə tədbirləri hazırlanıb. 

Həmçinin muxtar respublikada gövşəyən heyvanlar arasında geniş yayılmış ağırgedişli helmintozların törədiciləri, bioloji xüsusiyyətləri, yoluxma müddətləri öyrənilib. Region parazitofaunasına yeni helmint növləri əlavə edilib. Tədqiqat işinin nəticələri əsasında heyvandarlıqla məşğul olan fermerlər və fərdi təsərrüfat sahibləri üçün xəstəliklərin qarşısının alınmasına xidmət edən metodik tövsiyələr çap edilib.

Bununla yanaşı, Araz Su Anbarında hidrofaunanın əsas tərkib hissələrindən olan dib faunası öyrənilib. Müasir hidrobioloji metodlarla dib faunasının kəmiyyət göstəriciləri, formalaşdırdığı təbii yem bazası, dib orqanizmlərinin vətəgə əhəmiyyətli balıq növlərinin qidalanmasındakı rolu araşdırılıb, yemin enerji tutumu, qidalılıq əmsalı və həmin orqanizmlərin suların bioloji özünütəmizləmə proseslərindəki fəaliyyəti dəyərləndirilib. Hazırda muxtar respublikada içməli suyun əsas mənbəyini təşkil edən çayların dib faunası, onun əsas sistematik qrupları, biosenozların araşdırılması davam etdirilir. Hələlik ərazi hidrofaunasında 66 növ ibtidai, 300 növ infuzor, 185 növ zooplankton orqanizm, 700 növ dib onurğasızı və 32 balıq növü aşkar edilib.
Eyni zamanda muxtar respublika bağçılığında geniş yer tutan çəyirdəkli və tumlu meyvə ağaclarının 59 növ zərərverici həşəratları və onların 56 növ təbii düşmənləri ətraflı öyrənilib. Araşdırmalar zamanı 13 növ parazit və yırtıcının zərərvericilərin sayının məhdudlaşdırılmasındakı rolu və təsərrüfat əhəmiyyəti daha geniş araşdırılıb.

Şöbədə Naxçıvan Muxtar Respublikası ərazisində ətraflı aparılmış entomoloji tədqiqat işləri nəticəsində təbiətdə və kənd təsərrüfatında çiçəkli bitkilərin çarpaz tozlanmasında, onların məhsuldarlığının yüksəlməsində müstəsna fəaliyyəti ilə fərqlənən arıkimilər faunasında 7 fəsiləyə, 53 cinsə mənsub olan 335 arı növü aşkar edilib. Naxçıvan Muxtar Respublikası üçün 146 növ, Azərbaycan faunası üçün isə 77 növ ilk dəfə göstərilib. Zarqanadlıların Saplaqqarıncıqlılar yarımfəsiləsinə mənsub olan bütün növlərin ekoloji xüsusiyyətləri, zoocoğrafi mənşəyi, 4 yüksəklik qurşağı üzrə yayılması, qida əlaqələri, yuvalama yerləri və uçuş fenologiyası haqqında dəyərli nəticələr alınıb. Bu həşəratların bölgə florasında üstünlük verdikləri və zəngin növ müxtəlifliyi ilə fərqlənən bitki fəsilələri müəyyən edilib. Faunanın 15 zoocoğrafi faunistik kompleksə mənsub olmasının sübutu və təhlilinin nəticələri gələcək mütəxəssislər üçün etibarlı mənbə rolunu oynayacaq.
Bundan əlavə, ərazinin sututarlarında yayılmış 32 balıq növü ətraflı tədqiq edilib, onların morfometrik əlamətləri, bioloji xüsusiyyətləri, boy, çəki artımı, məhsuldarlığı, çoxalma ekologiyası, qidalanma xüsusiyyəti və ehtiyatı öyrənilib. Nəticədə, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası faunası üçün 8 yeni balıq növü göstərilib. Müqayisəli təhlillərlə aşkar edilib ki, Araz Su Anbarında yaşayan bentofaq balıqlar böyümə və kütlə artımına görə Azərbaycanın digər sututarlarında yayılmış eyni növün balıq fərdlərindən xeyli üstündür.

Şöbədə, həmçinin qədim Naxçıvan torpağının ornitofaunasının ilk dəfə olaraq əsaslı şəkildə tədqiqi aparılıb və muxtar respublikanın ornitofaunasının qorunması üçün xüsusi əhəmiyyət daşıyan 7 Mühüm Ornitoloji Ərazi (MOƏ) aşkar edilib. Ərazi ornitofaunası 241 növ və 167 yarımnöv quşla təmsil olunub. Muxtar respublika və Azərbaycan faunası üçün ilk dəfə yeni, çoxsaylı taksonlar göstərilib. Hazırda digər quru onurğalıların faunası ətraflı tədqiq edilir. Muxtar respublika faunasının xüsusi qorunma statusuna malik onurğalı heyvan növləri, onların biotop mənsubiyyəti, ekoloji xüsusiyyətləri, qorunmasının əsas kateqoriyalarının müəyyən edilməsi üzərində işlər aparılır.
Qeyd edək ki, şöbədə əsaslı aparılmış zooloji tədqiqat işlərinin nəticələri 2 cilddə “Azərbaycan Respublikasının “Qırmızı kitabı” (Nadir və nəsli kəsilməkdə olan fauna növləri)”, “Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı” (Onurğalılar)”, 2 cilddə “Azərbaycanın Mühüm Ornitoloji Əraziləri”, “Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı”, “Naxçıvan Muxtar Respublikasının onurğasızlar faunasının taksonomik spektri”, “Naxçıvan Muxtar Respublikasının zəhərli ilanları”,“Mühüm ornitoloji ərazilər: Naxçıvan”, “Naxçıvan Muxtar Respublikasının arıkimilər faunası”, “Naxçıvan Muxtar Respublikasında çəyirdəkli meyvə ağaclarının zərərverici həşəratları və onların entomofaqları”, “Naxçıvan Muxtar Respublikasının faunası: Balıqlar və suda-quruda yaşayanlar”, “Naxçıvanda quşların müşahidəsi” və digər kitablarda əksini tapıb.
Zooloqlarımız dünyanın ən nəhəng ensiklopediyası, zəngin informasiya mənbələrindən biri olan Vikipediyada 70 məqalə yerləşdirib.

Şöbə əməkdaşlarının əldə etdikləri nəticələrlə tanış olan xarici ölkə mütəxəssisləri faunamızın növlərinin zənginliyi ilə seçilən quşlar, balıqlar, kəpənəklər, arıkimilər ilə maraqlanmış və müxtəlif illərdə Naxçıvana səfər etmişlər. Tədqiqat dövründə zooloqlarımız Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında Türkiyə, Rusiya, İngiltərə, Almaniya, Hollandiya, Çexiya, İrlandiya, Macarıstan və digər xarici ölkələrin elmi-tədqiqat institutlarının mütəxəssisləri ilə 20-yə yaxın beynəlxalq tərkibli ekspedisiyalarda yaxından iştirak ediblər. Eyni zamanda AMEA Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının əməkdaşları ilə birgə tədqiqatlar aparıblar. Alimlərimizin əldə etdiyi nəticələr “Web of Science”, “Scopus” və başqa elmi bazalara daxil olan impaktfaktorlu jurnallarda işıq üzü görüb. Bir çox xarici ölkələrin və Azərbaycanın elmi müəssisələrinin tədqiqatçıları ilə sıx elmi əməkdaşlığını davam etdirən şöbə əməkdaşları Türkiyə, İran, Rusiya, Gürcüstan, Qazaxıstan, Bolqarıstan, Macarıstan, Çexiya, Polşa və digər xarici ölkələrdə keçirilən beynəlxalq konqres, konfrans və seminarlarda maraqlı məruzələrlə iştirak ediblər.
Şöbədə 2006-cı ildən Azərbaycan Respublikası üzrə Ümumdünya Təbiəti Mühafizə Fondunun “Naxçıvan Muxtar Respublikasında bəbirin monitorinqinin aparılması və onun mühafizə strategiyası” adlı beynəlxalq qrant layihəsi yerinə yetirilir. Əməkdaşlardan biologiya elmləri doktoru İsmayıl Məmmədov və Pərviz Fətullayev digər məsul qurumların mütəxəssisləri ilə layihə çərçivəsində muxtar respublika ərazisində yayılan nadir və nəsli kəsilmək üzrə olan vəhşi heyvan növlərinin aşkar edilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər keçirirlər. Aparılan uzunmüddətli araşdırmalar zamanı Zəngəzur dağ silsiləsinin cənub-qərb yamaclarında bəbir, cüyür ailələri və Xəzər uları, Səhra kəkliyi, Hind tirəndazı kimi nadir onurğalı heyvan növlərinin normal yaşam şəraitinin bərpa olunduğu qeydə alınıb. Qeyd edək ki, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq (İDEA) və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) muxtar respublika ərazisində quraşdırılan foto və videoçəkiliş qurğuları vasitəsilə heyvanların yaşam tərzinə müdaxilə etmədən onların həm şəkilləri, həm də videogörüntüləri əldə olunur. Bu istiqamətdə işlər hazırda davam etdirilir. Fondun “Asiya muflonu və bezoar keçisinin Azərbaycanda qorunma strategiyası” mövzusunda qrant layihəsi, bununla yanaşı, əməkdaş Arzu Məmmədovun iştirak etdiyi Azərbaycan Ornitoloji Cəmiyyəti ilə birlikdə Beynəlxalq “BirdLife” təşkilatının Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında “Yuvalayan quş növlərinin xəritələşdirilməsi” adlı qrant layihəsi uğurla yerinə yetirilib.

Naxçıvan Muxtar Respublikasının fauna biomüxtəlifliyinə daxil olan onurğasız və onurğalı heyvanlar, onların tədqiqi, qorunması və istifadə imkanlarının müəyyənləşdirilməsi istiqamətində şöbə əməkdaşları elmi-praktik və iqtisadi əhəmiyyət daşıyan tədqiqat işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyətlərini uğurla davam etdirir. Son illər şöbəyə yeni qəbul edilmiş gənc elmi işçilərin təqiqatçılıq sahəsində ümidverici mütəxəssislər kimi özlərini doğrultmaları onu deməyə əsas verir ki, yaxın gələcəkdə şöbədə daha geniş tədqiqatlar aparılacaq və onlar ölkə elminə yeni töhfələr verəcəklər.

Türkanə BƏYLƏRLİ
AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti üzrə mütəxəssisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR