1 oktyabr Beynəlxalq Ahıllar Günü ərəfəsində Şahbuz rayonundakı Ahıllar Evində yaşayan sakinlərin tibbi müayinəsi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkil etdiyi tibbi aksiyada muxtar respublika xəstəxanasının 17 ixtisaslı həkimi iştirak edib. Sakinlər ayrı-ayrılıqda stomatoloq, prakotoloq, göz, cərrah, tramvatoloq, uroloq, radioloq, lor, terapevt, cərrah və digər ixtisaslı həkimlər tərəfindən tibbi müayinələrdən keçiblər. Naxçıvan Muxtar Respublika Xəstəxanasından gətirilən USM aparatı vasitəsilə sakinlərin qaraciyər, öd kisəsi, mədaltı vəz, böyrəkləri və digər orqanları müayinə olunub. Xəstəlikləri aşkar olunanlara müalicələr yazılıb, həkim məsləhəti verilib.
Bir nəfərdə cərrahi müdaxiləyə ehtiyac aşkar olunduğundan müalicə məqsədilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.
Ahıllar evinin tibb məntəqəsinə ilkin tibbi yardım üçün ləvazimat, dərman və sarğı materialları təhvil verilib.
Sonra Ahılar evində çay süfrəsi də təşkil olunub. Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşı Vüqar Məmmədov sakinlərə öz xoş arzularını çatdırıblar.
Ahıllar Evinin sakini Məhərrəm İbrahimov ahıllara göstərilən bu xidməti dövlətimizin əhalinin hər bir təbəqəsinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi layihələrin uğurlu icrası kimi dəyərləndirərək minnətdarlıqlarını bildirib.
Həmin gün həkim briqadası Şahbuz rayonunun Yuxarı Qışlaq və Badamlı kəndlərində evlərində sosial xidmət göstərilən ahılları və onların ailə üzvülərinin də müayinələrini aparıb.
Qeyd edək ki, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə tibbi aksiyaların digər rayonlarda da davam etdirilməsi nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti