Bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqlarının icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinin gözlənilməsi nəzarətdə saxlanılmalıdır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarından ibarət yaradılmış işçi qrupu, Şərur Rayon İcra Hakimiyyətinin nümayəndələrinin də iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qanunvericiliyə uyğun icarəyə verilməsinin monitorinqi aparılıb.
İşçi qrup bələdiyyə sədrləri ilə görüşüb və icarəyə veriləcək torpaq sahələrinə baxış keçirib. Monitorinq zamanı qeyd edilib ki, muxtar respublikamızda aqrar sahədə həyata keçirilən islahatlar kənd təsərrüfatının inkişafına, kəndlinin həyat şəraitinin yaxşılaşmasına səbəb olub. Ölkəmizdə bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi nəticəsində bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərə icarəyə verilməsi, istifadə imkanları genişləndirilib.
Vurğulanıb ki, torpağın icarəyə verilməsi ilə bağlı məsələlərin qanunvericiliklə tənzimlənməsi torpağın icarəyə verilməsi hüququnun həyata keçirilməsinə geniş imkanlar yaradır. Torpaq sahəsi üzrə bağlanan icarə müqaviləsində tərəflərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, “Torpaq icarəsi haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarının normalarında təsbit olunub. Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi yalnız bələdiyyənin qəbul etdiyi qərarlar vasitəsilə rəsmiləşdirilməli, icarəyə verilən torpaq sahələri ilə əlaqədar yazılı müqavilələr tərtib olunmalıdır.
Keçirilən monitorinq zamanı torpaq icarəsi haqqında münasibətlərin pozulmasına görə qanunvericiliklə nəzərdə tutulan məsuliyyətlər haqqında iştirakçılara geniş məlumat verilib.
Monitorinqlərin aparılması davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti