22 Dekabr 2024, Bazar

Özünü dərk edəndən hər ötən gün daha da yaxşı yaşamaq, məqsədinə çatmaq, arzularını gerçəkləşdirmək üçün səylə çalışırsan. Həyatın qayğılarına o qədər başın qarışır ki, günlərin, ayların necə keçdiyinin fərqində belə, olmursan. Zaman qatarı isə dayanmadan hərəkət edir. Yaxınlarının xeyrində, şərində iştirak edir, yaxşı günün də, pis günün də yoldaşı olursan. Keçən hər gün isə ömür ağacından bir yarpaq qoparır. İllər su kimi axıb gedir, həyatın güllü-çiçəkli yazı, barlı-bəhərli yayı öz yerini xəzanlı payıza, çovğunlu qışa verir. Bircə dəqiqəlik ötənləri düşünəndə yaşananlar, sanki kinolent kimi gözünün önündən gəlib keçir. Elə bil dünən idi küçə-bacada uşaqlarla qaçdı-tutdu oynamağın, məktəbdə parta arxasında şagird yoldaşınla müəllim duymasın deyə, astaca pıçıldaşmağın.

Unudulmaz xatirələrdən qəhərlənib gözlərin dolduqda isə ötənləri paylaşmaq üçün ətrafında bircə adam da tapılmır. Tənhalığı hiss etdiyin an qədirbilən dövlətin qayğısı səni həyata bağlayır. Başa düşürsən ki, tənha olsan da, kimsəsiz deyilsən, – deyən Fəridə nənənin gözlərindən axan yaş ötən günlərinin yeganə yadigarı olan şəkilləri, sanki kimdənsə qoruyurmuş kimi bərk-bərk saxladığı əllərinin üzərinə gilələnir... Naxçıvan şəhərinin Atabəylər məhəlləsi, bina 5, ev 43-də bir vaxtlar tənhalıq məngənəsində sıxılan, indi isə dövlətimizin qayğısı ilə firavan həyatını yaşayan 82 yaşlı, nurani çöhrəsində ilıq bir təbəssüm gəzdirən Fəridə xanım ilə keçmişi vərəqləyir, xatirələrə işıq salırıq...
Onun haqqında oxucularımıza qısaca məlumat verərək deyim ki, Fəridə Tağıyeva 1938-ci il iyulun 1-də Ordubad şəhərində zəhmətkeş ailədə dünyaya göz açıb. Bir bacı, bir qardaş olublar. Atası, anası sovetlər dönəminin əzab-əziyyətli günlərində min bir zəhmət hesabına əlləşib-vuruşub onları böyüdüb. Fəridə də gənc yaşlarından zəhmətə qatlaşaraq valideynlərinə dəstək olub. Bir müddət Ordubad rayonundakı ipək fabrikində çalışıb. Atası dünyasını dəyişdikdən sonra ailənin qayğısı xeyli çoxalıb. 1970-ci ildə Nadir Dünyamalıyevlə ailə həyatı quran Fəridə həyat yoldaşının işi ilə əlaqədar Naxçıvan şəhərinə köçüb. Tale elə gətirib ki, övladı olmayıb. Gənclik illərində olduğu kimi, evlilik dönəmində də həyat yoldaşı ilə çiyin-çiyinə verib yorulmadan çalışan Fəridə bu birliyin sayəsində ev-eşik sahibi olub. Lakin 1980-ci ildə həyat yoldaşı dünyasını vaxtsız dəyişdikdən sonra evdə tək-tənha yaşamağa məcbur qalıb. Çəkdiyi ağrı-acılara baxmayaraq, əsl Azərbaycan qadını kimi başını dik tutub, öz halal zəhməti hesabına gün-güzəran keçirib. Ölkəmizin müstəqillik əldə etməsi ilə hər bir Vətən övladı kimi, Fəridə Tağıyevanın da çöhrəsinə təbəssüm qonub. Elə bu səbəbdəndir ki, müstəqillik illərində zəhmətsevərliyi birə-beş artıb. Lakin zaman keçdikcə yaş öz sözünü deyib, gündən-günə əmək qabiliyyəti azalıb. Bu zaman isə qədirbilən dövlətimiz xeyirxahlıq əlini ona uzadıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən tədbirlər sayəsində bütün ahıl vətəndaşlar kimi, Fəridə Tağıyevanın da sosial problemləri öz həllini tapıb. 2012-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təyinatı ilə Nübar İsmayılova Fəridə Tağıyevaya evində sosial xidmət göstərir. Xidmətə yeməklərin hazırlanması, mənzilin səliqəyə salınması, evə lazım olan zəruri ərzaq, sənaye və məişət mallarının alınması, kommunal xərclərin ödənişinin təşkil edilməsi, ehtiyac olduqda evə həkim dəvət olunması və digər məişət qayğıları daxildir.
Fəridə xanım göstərilən xidmətdən ağızdolusu danışaraq deyir ki, Nübar İsmayılovanı ilk gündən doğma övladı kimi qəbul edib. Bu barədə söhbət açır:
– Övladım olmasa da, yaxşı bilirəm ki, o, valideyn üçün dünyada ən şirin nemətdir. Ata, ana gecə-gündüz övladın nazını çəkir, min bir zəhmət hesabına onu böyüdür. Lakin təəssüf ki, bəzi övladlar böyüyəndən sonra valideynlərinin üzünə ağ olur, haqqı yerə vurur, onu həyatın çətinlikləri ilə tənha buraxır. Halbuki, müqəddəs kitabımız “Qurani-Kərim”də, eləcə də milli kimliyimizin açarı olan “Kitabi-Dədə Qorqud” dastanında ataya, anaya yüksək qiymət verilir, övladın valideyninin daim qayğısında durmasının vacibliyi vurğulanır. Televiziya ekranlarında tez-tez valideynlərin övladları tərəfindən tərk edilməsi hallarını görəndə ürəyim sızlayır. Dövlətimin mənə göstərdiyi qayğıdan da yerlə-göy qədər razıyam. Nübar da mənim bütün ehtiyaclarımı vaxtlı-vaxtında yerinə yetirir.
Fəridə Tağıyeva ilə söhbət əsnasında ona mehriban və qayğıkeşliklə yanaşan, hər sözünə saleh övlad kimi diqqətlə qulaq asan Nübar İsmayılovanın bu cür davranışı mənə xoş təsir bağışlayır. O da söhbətə qoşularaq deyir ki, Fəridə xanımı doğma anam qədər çox sevirəm. Bir-birimizə o qədər bağlanmışıq ki, bircə gün belə, ayrı qala bilmirik. Ondan uzaqda olanda da tez-tez zəng vurur, hal-əhvalını soraq alıram. Onu da qeyd edir ki, yaşı çox olmasına baxmayaraq, əli zirəkdir, səliqə-sahmanına söz ola bilməz. İşi qurtarandan sonra oturub ana-övlad kimi dərdləşirik. Onun məsləhətinə qulaq asanda xeyir tapıram. Fəridə xanım kimi ahılları görəndə valideynlərini tərk edən övladları daha çox qınayıram. Fikrimcə, biz valideynlər övladlarımızı erkən yaşdan ailə dəyərlərimizə uyğun düzgün tərbiyə etsək, belə xoşagəlməz hallar yaşanmaz.
Ata-anasını ahıl yaşda buraxıb gedənlərə xitabən deyirəm ki, bu gün ətrafımızda valideyn sevgisinə həsrət qalan yüzlərlə övlad var. Onların gecə-gündüz kaş ki ata-anam sağ olaydı, daim qulluğunda duraydım dediyini düşünün, əlinizdə olan böyük dəyərin qədir-qiymətini bilin ki, sonra kaş ki deməyəsiniz. Unutmayaq ki, hər birimiz yaşlanmağa məhkumuq. Valideynlərini tənha qoyub gedən, onları köməksiz halda buraxan övladlar bilməlidir ki, həyatın hazırladığı bu imtahandan onlar da keçəcək...

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR