Kənd təsərrüfatının əsas sahələrindən biri olan və strateji əhəmiyyətinə görə dənli taxıl bitkilərindən sonra ikinci yeri kartof bitkisi tutur. Həm də ikinci çörək sayılan kartofa olan tələbatın ödənilməsi məqsədilə görülən işlər də bu cəhətdən diqqət çəkir.
Həkimlər kartofu ən faydalı ərzaqlardan biri hesab edirlər. Tərkibində çox böyük miqdarda vitaminlərin, makro və mikroelementlərin zənginliyi səbəbindən onu “universal” adlandırırlar. Aparılan tədqiqatlar göstərir ki, kartof ürək-damar sisteminin sağlamlığına müsbət təsir edir.
Kartof B6 vitamininin mənbəyidir. Bu vitamin uşaqlarda beyinin inkişafını stimullaşdırır. Böyüklərdə kartofdan istifadə koqnitiv xüsusiyyətlərin azalma təsiri ilə bağlıdır. Bundan başqa, kartofun tərkibindəki nişasta orqanizmə serotonin, melatonin, noradrenalin kimi yaxşı əhval-ruhiyyə və keyfiyyətli yuxu hormonlarının üzə çıxmasına kömək edir. Tərkibindəki stabil nişasta bağırsaqlarda faydalı bakterial floranın inkişafı üçün əlverişli materialdır. Alimlər bu nişastanın qanda şəkərin miqdarına daha yaxşı nəzarət edilməsinə şərait yaratdığını təsdiqləyirlər.
İllərin təcrübəsi və aparılan təhlillər göstərir ki, kartofçuluq həm də iqtisadi cəhətdən daha çox gəlir gətirən sahələrdən biridir. Muxtar respublikanın torpaq-iqlim şəraiti kartofçuluğu inkişaf etdirməklə, əhalinin ilboyu yerli kartof məhsulu ilə təmin olunmasına imkan yaradır. Aqrar islahatlardan sonra muxtar respublikada bəzi məhsullar üzrə məhsuldarlığın artırılması və idxalın yerli istehsalla əvəzlənməsi sahəsində müsbət təcrübə qazanılıb. Bu istiqamətdə ən mühüm nailiyyət məhz kartofçuluqda əldə olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 11 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş və icrası uğurla başa çatdırılmış “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı” (2005-2010-cu illər) torpaq mülkiyyətçilərinin yenidən bu təsərrüfat sahəsinə qayıtmalarına imkan verib. Proqramın əsas məqsədi kartofçuluğu inkişaf etdirməklə bərabər, istehsalı artırmaq, əhalinin artan tələbatının yerli məhsul hesabına ödənilməsini tam təmin etməkdən ibarət idi və qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilib.
Stimullaşdırıcı təsirə malik olan bu tədbirlərin nəticəsidir ki, kartof əkini sahələri ildən-ilə genişlənir. Daxili bazarın kartofla təminatında idxaldan asılılığın aradan qaldırılması, tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilib.
Sevindirici haldır ki, ötən illərdə də bu sahədə böyük uğurlar əldə olunub. Statistik məlumatlara görə, 1995-ci ildə muxtar respublikada 200 hektar sahədə kartof əkildiyi halda, 2005-ci ildə bu rəqəm 1990 hektara, 2010-cu ildə 2740,5 hektara, 2019-cu ildə isə 3228 hektara çatıb.
Onu da qeyd edək ki, kartof istehsalındakı artım tək sahələrin genişlənməsi hesabına deyil, həm də məhsuldarlıqda artıma nail olunması nəticəsində mümkün olub. Belə ki, 1995-ci ildə kartofun orta məhsuldarlığı 20 sentner olduğu halda, 2019-cu ildə 155,2 sentnerə çatıb.
Müstəqilliyin ilk illərində muxtar respublikanın kartofa olan tələbatının ödənilməsində idxal böyük paya malik idisə, hazırda hər il tonlarla faraş kartof ixrac edilir.
Onu da qeyd edək ki, məhsul bolluğunun yaradılmasında soyuducu anbarların istifadəyə verilməsinin böyük rolu var. Bu anbarlar bir tərəfdən məhsul satışı ilə bağlı meydana çıxan problemləri aradan qaldıraraq yerli istehsalla məşğul olmağa marağı artırırsa, digər tərəfdən əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatı üçün də geniş imkanlar yaradır. Bu gün muxtar respublikada ümumi tutumu 18 min 940 ton olan 40 soyuducu anbar fəaliyyət göstərir.
Kartof istehsalında başlıca diqqət yetirilən məsələlərdən biri də yüksək reproduksiyalı toxumlarla təchizat məsələsidir. Dövlətin diqqət və qayğısı nəticəsində artıq bu məsələ də öz həllini tapıb. Muxtar respublikada yaradılmış toxumçuluq təsərrüfatları, həmçinin ailə təsərrüfatçıları və torpaq mülkiyyətçiləri tərəfindən muxtar respublikaya Türkiyə, İran və digər dövlətlərdən gətirilən keyfiyyətli toxum məhsulları kartofçuluqla məşğul olanların işlərini intensivləşdirib.
Bütün bunlar onu göstərir ki, kartof əhali üçün əsas ərzaq, istehsalçı üçün gəlir mənbəyidir. Cari ilin yazında muxtar respublikada 3241 hektar sahədə kartof əkilib. Hazırda məhsul yığımı davam edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq Sərəncamla Naxçıvan Muxtar Respublikasında 2020-ci il “İxrac ili” elan edilib. Bu, əkinçilik məhsullarının ixrac imkanlarını artırmaqla yanaşı, bu sahənin daha da genişləndirilməsinə stimul verib.
Əvvəlki illərdə olduğu kimi, bu il də əkilmiş kartofun daxili tələbatı ödəməklə yanaşı, xarici bazarlara da ixrac ediləcəyi gözlənilir.
Zəkəriyyə GÖZƏLOV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin aparat rəhbəri