Sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin real həyata uzlaşması, bir fərd olaraq özünəqulluq və özünə xidmət bacarıqlarına malik olması, müstəqil yaşam vərdişlərinə yiyələnməsi, fiziki və əqli inkişaf səviyyəsinə uyğun olaraq təhsil alması onların inkişafını şərtləndirən əsas amillərdən biridir. Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda xüsusi qayğıya ehtiyacı olan şəxslər daim diqqət mərkəzində saxlanılır, onların yüksək səviyyədə təhsil almasına, asudə vaxtlarının səmərəli təşkilinə, cəmiyyətə inteqrasiyasına həssaslıqla yanaşılır.
Son illərdə muxtar respublikamızda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə yaradılmış “Sosial könüllülük” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud şəxslər könüllü gənclər tərəfindən mütəmadi ziyarət olunur, onlara mənəvi dəstək göstərilir. Eyni zamanda xüsusi günlərdə və bayram ərəfələrində sosial könüllülər həmin kateqoriyadan olan insanların yanında olmaqla, öz gənclik öhdəliklərini yerinə yetirirlər.
Onların cəmiyyətə inteqrasiya olunması və müstəqil fərd kimi yetişməsi üçün yaradılan mərkəzlərin böyük əhəmiyyəti vardır. Belə mərkəzlərdən biri də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzidir. Bu yaxınlarda həmin mərkəzdə olub, orada təhsil alan, həmçinin sosial könüllü kimi ziyarət etdiyimiz bir neçə məhdud fiziki imkanlı uşaq və yeniyetmə ilə həmsöhbət oldum. Onlardan biri 10 yaşlı Rüstəm Rüstəmovdur.
Rüstəm 5 ildir ki, mərkəzdə təhsil alır, burada təşkil olunan tədbirlərdə, yaradıcılıq, bilik müsabiqələrində yaxından iştirak edir, muzey ekskursiyalarına gedir. Müxtəlif bayram tədbirlərində milli rəqslərimizlə çıxış edir, şeirlər deyir. Rüstəmin qazandığı uğurlar valideynlərini də sevindirir. Onun digər yoldaşları da fəallıq göstərirlər. Belə yeniyetmələrdən biri də mərkəzdə əvvəllər təhsil almış Umud Məmmədovdur.
Umud rəsm qabiliyyəti ilə seçilir. O, muxtar respublikamızda təşkil edilmiş müxtəlif rəsm müsabiqələrində iştirak edib, fəxri fərmanlarla təltif olunub. Ötən il sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə keçirilən bayram tədbirində rəqs nömrələri ilə çıxış edib. Bu ilin iyun ayında mərkəzdə keçirilən yaradıcılıq müsabiqəsində fəal iştirakına görə mükafatlandırılıb. Umud, həmçinin müxtəlif parça və tullantılardan maketlər də hazırlayır. O, mərkəzdə aldığı təhsili başa vurmağına baxmayaraq, fəallığı ilə seçildiyinə görə hazırda da tədbirlərə dəvət olunur və onların təşkilinə yardım göstərir.
Şüğeyib Hüseynov da mərkəzdə təhsil alıb fərqlənənlərdəndir. O, müxtəlif yarışlarda fəallığı ilə seçilir. Qaçış, eləcə də muxtar respublikamızda təşkil olunan boccia idman növü üzrə keçirilən yarışlarda iştirak edərək uğur qazanıb, fəxri fərmanlarla təltif edilib. O, bayram tədbirlərində öz yoldaşları ilə birgə müxtəlif rəqslər hazırlayır. Şüğeyib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun təşkil etdiyi sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq müsabiqəsində xor qrupunda da çıxış edib.
Göründüyü kimi, muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərimiz onlara göstərilən dövlət qayğısı hesabına təhsil ala, özlərini inkişaf etdirə bilir, cəmiyyət üçün faydalı bir şəxs kimi yetişirlər. Söhbət zamanı yeniyetmələrimizin simalarında müşahidə etdiyim təbəssüm və həyata olan sevgi də elə bu qayğının bəhrəsi idi.
Məhərrəm HƏSƏNOV
“Naxçıvan” Universitetinin IV kurs tələbəsi, sosial könüllü