Orta əsrlərdə “meyvə cənnəti” adlandırılan Naxçıvan ta qədimdən dadlı-tamlı meyvələri ilə dünyada tanınıb. Naxçıvanın mühüm karvan yollarının, o cümlədən Böyük İpək yolunun üzərində yerləşməsi burada meyvəçiliyin inkişafına geniş imkanlar yaradıb. Diyarımızda yetişdirilən üzüm, tut, armud, nar, ərik, şaftalı və digər meyvə növləri öz ləziz dadı ilə zaman-zaman buraya gələn səyyahları da heyran edib.
Bağçılıq ənənələri ilə şöhrətlənən qədim diyarımızda meyvələrdən həm təzə halda, həm də qurudulmuş şəkildə istifadə olunub. Yayın bolluğunu qışın yavanlığı üçün qənimət bilən əhali yaz, yay və payız mövsümlərində tədarük etdiyi ərzaq məhsullarını qışda könül xoşluğu ilə nuş edib. Onu da qeyd edək ki, muxtar respublikamızda hər il hektarlarla meyvə bağları salınır, ətraf mühitə qayğı göstərilir. Həmçinin diyarımızda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası xaricdən asılılığın aradan qaldırılmasına şərait yaradıb. Bərəkətli Naxçıvan torpağında yetişdirilən və hazırlanan meyvə quruları bu diyarı dünya miqyasında tanıdan vasitələrdəndir. Diyarımızda qurudulmuş alma, armud, ərik qaxı, gavalı, albuxara, alça, əncir, zoğal qurusu, üzümdən kişmiş, mövüc, şaftalıdan miyanpur, armuddan alana, cəvizdən hazırlanan sucuq öz dadı və ləzzəti ilə seçilməklə süfrələrimizə yaraşıq verir, geniş şəkildə istifadə edilir.
Azərbaycanın bir çox bölgələrində istehsal olunsa da, ən məşhur və yüksəkkeyfiyyətli quru meyvələr Ordubada məxsusdur. Qürurvericidir ki, Naxçıvandan kənarda da “Ordubad quru meyvələri” başlığı altında fəaliyyət göstərən dükanlara tez-tez rast gəlinir. Qeyd edim ki, muxtar respublikamızın bu bölgəsində meyvəçiliyin tarixi çox qədimlərə gedib çıxır. Tarixi mənbələrə əsasən deyə bilərik ki, rus tədqiqatçısı V.Qriqoryev 1833-cü ildə qeyd edirdi ki, Ordubad əyalətində becərilən meyvələr bütün Zaqafqaziyada ən yaxşı meyvə hesab olunur. Meyvələrinin çeşidliyinə görə bağlar diyarı kimi də tanınan Ordubadda bu aqrar sahə illərboyu sakinlərin başlıca məşğuliyyət sahələrindən biri olub. Rayon təsərrüfatçılarının istehsal etdikləri bol, keyfiyyətli, həm də rəngarəng çeşidli təzə və quru meyvələr, şirələr Ordubadın şan-şöhrətini daha da artırıb. Bu gün də yerli və xarici bazarda Ordubad meyvələrinin həm təzəsinə, həm də qurudulmuşuna tələbat yüksəkdir.
Xalqımızın məişət mədəniyyətini özündə əks etdirən meyvəqurutma ənənələrini yaşadan ailə təsərrüfatçılarımızdan biri ilə – Vənənd kənd sakini Xaliq Mayılovla həmsöhbət oluruq. O deyir: Atalarımız əbəs yerə deməyiblər ki, yayın bolluğu qışın yavanlığıdır. Meyvə bağımızdan topladığımız armud, ərik, almadan qax, şaftalı və armuddan alana, miyanpur, cəvizdən sucuq hazırlayırıq. Yazın ilk aylarından başlayaraq payızın axırlarına qədər meyvələri qurudur, həm qışa tədarük edir, həm də satış üçün ayırırıq. Həmçinin hazırladığımız məhsulları yaradılan şərait hesabına, muxtar respublikamızda təşkil edilən yarmarkalara, ailə təsərrüfatı məhsulları festivallarına çıxarırıq.
Müsahibim onu da bildirir ki, yaz fəslinin sonu və yayda yetişən ərik dadlı və sağlamlıq üçün də çox faydalı məhsuldur. Əriyin rayonumuzda 30-dan çox növü məlumdur. Bir vaxtlar Ordubad əriyini “çörək ağacı” adı ilə digər rayonlarımızda buğda ilə dəyişirdilər. Bu meyvədən qax, mürəbbə, kompot, cem hazırlayırıq. Həyətyanı sahəmizdə mövcud olan meyvə bağından abutalibi, cır əriyi, onların çəyirdəyini (dənəni) çıxarıb quruduruq. Ərik qurusuna (qax) tələbat yüksək olur, çünki ürəyin bir nömrəli dərmanı hesab edilir. Ondan qaysava da hazırlanır ki, bəzi bölgələrimizdə ərik qurusuna “qaysı” deyilməsi də bununla bağlıdır. Qurutduğumuz meyvələr içərisində tutun da özünəməxsus yeri vardır. Xüsusilə aclıq illərində bu meyvənin həm qurusu, həm də doşabı böyük nemət sayılırdı, çörəyi əvəz edirdi. İyun ayında yetişən tutu həyətdə günəşli yerdə parça və ya karton üzərində sərib qurudur, tam quruduqdan sonra saxlamaq üçün qablara yığırıq. Ağ tutun qurudulmuşu qışda süfrəmizdən əskik olmur, eyni zamanda alıcısı da çox olur. Gavalı və alçanın tam yetişməyənlərini duzlu suya salıb pörtlədir, daha sonra parça üzərinə sərir və quruduruq. Sarı rəngli gavalının qurusu daha çox qiymətləndirilir. Alça və tutdan, həm də lavaşa hazırlayırıq. Alça lavaşası daha çox müxtəlif yeməklərin tərkibində istifadə olunsa da, tut lavaşası çərəz kimi çay süfrəsinə qoyulur. Hazırda cəviz, fındıq və badam kimi çəyirdəkli meyvələr yetişən vaxtıdır. Onları da toplayıb quruduruq. Ordubadın alana, miyanpur, sucuğunun isə şöhrəti hər yana yayılıb. Alananı, əsasən, şaftalının “Nazlı” növündən və armudun “Şəkəri” sortundan, miyanpuru isə ərik və nazlı şaftalıdan (dənədən ayrılan – Ordubadda dənədən ayrılan şaftalıya həm də “güşdü” deyilir) hazırlayırıq. Alana içinə cəviz ləpəsinə şəkər tozundan olan qarışım doldurulur, miyanpurun içinə isə ondan fərqli olaraq hazırlanmış qarışım deyil, cəviz ləpəsi qoyurlar. Xalq arasında miyanpurdan orqanizmdəki ümumi zəifliyin, qanazlığının qarşısını almaq üçün müalicə vasitəsi kimi istifadə edilir. Ordubad sucuğunun isə şöhrəti hər yerə yayılıb. Bu çərəz növünü hazırlamaq üçün yaş cəviz sapa düzülərək qurudulur. Əvvəlcədən bişirilmiş bulamacın içərisinə salınır, sonra qurutmaq üçün ipə asırlar. Qurudulmuş sucuğu şüşə qabın içərisində uzun müddət saxlamaq mümkündür. Bəzi kəndlərimizdə sucuğa “basdıq” da deyilir.
Müsahibim bildirir ki, meyvələr, əsasən, təbii və süni yolla qurudulur. Təbii üsula günəş şüaları düşən yerdə və kölgədə qurutma, süni üsula isə müəyyən temperaturda və kimyəvi emal yolu ilə qurutma aiddir. Meyvəni günəş şüaları altında qurutmaq həm ekoloji cəhətdən təhlükəsizdir, həm də bu üsulla meyvələr tez quruyur. Lakin bunun mənfi cəhəti qurudulduqdan sonra meyvələrin bir qədər sərt olmasındadır. Kölgədə qurudulma prosesi zaman tələb etsə də, qurudulmuş meyvələr vitamin və mikroelementlərlə çox zəngin, həm də şirəli olur. Kimyəvi üsullarla qurudulmuş meyvələr isə uzun müddət saxlanılır, cəlbedici görünüşə və parlaq rəngə malik olur. Lakin bu üsul düzgün tətbiq edilmədikdə meyvələrdə toksiki kimyəvi, eləcə də boya maddələri ilə çirklənmələr baş verə bilir.
“Quru meyvə alarkən nələrə diqqət yetirmək lazımdır?” – sualına cavab olaraq müsahibim qeyd edir ki, əvvəlcə onun xarici görünüşünə diqqət etməlisən. Keyfiyyətli quru meyvə bərk deyil, elastik, üzəri parıltısız və təbii olur. Belə məhsulun üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir. Keyfiyyətini yoxlamaq üçün onun qoxusuna və dadına da fikir vermək lazımdır. Düzgün qurudulmuş meyvələr yüngül və təbii qoxuya malik olur. Məhsuldan benzin, qaz iyi və yaxud meyvəyə yad olan qoxu hiss etsəniz, bilin ki, həmin məhsul keyfiyyətsiz və sağlamlıq üçün təhlükəlidir. Quru meyvələrin uzun müddət xarab olmaması üçün saxlanma yerlərində havanın rütubət və temperatur rejiminə nəzarət etməli, əsasən, nisbi rütubətliliyin az olduğu şəraitdə, kölgədə saxlanılmalıdır.
Müsahibimin dediklərindən də belə nəticəyə gəlmək olar ki, Naxçıvanın dadı və faydası ilə seçilən quru meyvələri ölkəmizdən kənarda da adla tanınır və onlara tələbat yüksəkdir. Onu da deyək ki, diyarımızın quru meyvələri həm də gənc və sağlam qalmaq istəyənlər üçün əvəzsiz qidadır.
Güntac ŞAHMƏMMƏDLİ