Əzəmətli, yaşıl örpəyə bürünən dağları, min bir dərdin şəfası olan dərman bitkiləri, Batabatı, Zorbulağı ilə məşhur olan Şahbuzun istənilən guşəsinə nəzər salanda, ən ucqar dağ kəndlərimizdə belə, yaradılan şərait diqqəti cəlb edir. Müasir məktəb, tibb məntəqəsi, təbiət gözəllikləri ilə insan əlinin yaratdığı cazibədarlığın harmoniyasının yaşandığı kəndlərimiz insanlarda qürur, dövlətimizə minnətdarlıq hissini artırır. Belə yurd yerlərimizdən biri də Şahbuz rayonunun Yuxarı Qışlaq kəndidir.
Elə biz də yurd yerində yaradılan şəraitlə tanış olmaq üçün yola düşürük. Yuxarı Qışlaq kəndi rayon mərkəzindən 20 kilometr məsafədə yerləşir.Yolboyu gözəl təbiət mənzərələrini seyr edə-edə ünvana çatırıq. Öyrənirik ki, 300 nəfərin yaşadığı bu kənd həm də uzunömürlülər diyarıdır. Kənd yerinin belə bir adəti var. Onlar bir-birləri ilə o qədər yaxın, doğma münasibətdədirlər ki, yad birini görəndə mütləq kim olduğu ilə maraqlanır, onu qonaqlayıb əzizləməyə çalışırlar. Elə Allahverdi baba kimi. Kəndin bu 89 yaşlı sakini ilə görüşürük. Hal-əhval tutduqdan sonra uzaqdan diqqətimizi çəkən qayalarla maraqlandığımızı, kənd haqqında yazı yazmaq istədiyimizi görən baba: – Qızım, bax o gördüyün Papaqlı qayadır. Onun yanındakı qayanı isə “Dədə Qorqud qayası” adlandırırıq. Baxın, sanki başında papaq, ciynində əsa Dədə Qorqud əyləşib ordan kəndi seyr edir. Burdan yuxarıda, kəndin lap başında isə “Qara qaya” və “Ağ qaya” deyilən yerlər var. Onlar rənglərinə görə belə adlandırılıblar. Ağ qayadan Zor bulağın suyu aşıb-daşaraq gözəl bir şəlalə yaradıb ki, yaz-yay aylarında buranın adını eşidənlər mütləq görməyə gəlirlər. Kənd camaatı oranı “Ağ qaya şəlaləsi” adlandırır. Rayonun müxtəlif kəndlərindən, o cümlədən muxtar respublikamızın ayrı-ayrı bölgələrindən bu şəlalə haqqında eşidib-bilənlər onun ətrafında istirahət etməyə gəlirlər. Elə yeri gəlmişkən sizə “Quşlu qaya” və “Pirdaş” haqqında da danışmaq istəyirəm. “Quşlu qaya” qartalların məskəni olduğuna görə adını da elə buradan götürüb. “Pirdaş” isə xalqımızın müxtəlif dini inancları ilə bağlı olan bir ocaqdır. İnsanlarımız qədim zamanlardan hansısa bir diləyinin gerçəkləşməsi üçün buraya üz tutar, nəzirlər deyərdilər. İnanca görə, bu ocağa üz tutanın niyyəti mütləq hasil olarmış. Elə buna görə də gördüyünüz o daşın adı “Pirdaş” olaraq qalıb.
Allahverdi baba deyir ki, bizim kəndimiz otlaq sahələri ilə də zəngindir. Belə ki, burada uzun müddət Xanlıqlar, Bayramölən, Abışı ayı basan obaları da mal-heyvanların saxlanılması üçün istifadə olunub.
Söhbətimizin bu yerində Sara xala da bizə qoşulur. Yaşı altmışı haqlayan Sara xala ömrünü bu dağlardan dərman bitkiləri toplamaqla keçirib. O deyir ki, kəndlərinin kəfşənləri qantəpər, kəklikotu, solmazçiçəyi, dazotu, cacıq, çaşır kimi faydalı bitkilərlə zəngindir. Hər biri min bir dərdin dərmanı olan bu bitkiləri toplayır, onları qurudaraq qışa tədarük edirik. Qış aylarında isə əli buralara çatmayan qohum-qardaşlarımıza pay göndəririk. Bir də gördüyünüz bu dağlarımız üzərliyin məskənidir ki, onu yığıb, dəstə bağlayırıq. Kəndimizdə elə bir ev yoxdur ki, onun həyətindən üzərlik asılmasın. Bu da qədim zamanlardan üzərliklə bağlı müxtəlif inancların mövcud olması ilə əlaqədardır. Soy-kökünə bağlı olan xalqımız bu gün də o inanclara sahib çıxır. İnanca görə, üzərlik bədnəzərin düşmənidir. Əgər körpə evdə çox ağlayır, nasazlayırsa onun nəzərə gəlməsindən qorxan böyüklər həmin an körpə uşağa üzərlik yandırırlar. Evinə yeni əşya alanda, toy evlərində, müxtəlif məclislərdə bədnəzərdən qorunmaq üçün üzərlik yandırırlar. Üzərlik yandıran adam bu sözləri təkrarlaya-təkrarlaya üzərliyi qorumaq istədiyi şəxs və ya əşya üzərində fırladır:
Üzərliksən havasan,
Min bir dərdə davasan.
Üzərliyim çırtlasın,
Yaman gözlər pırtlasın.
Səmimi söhbətinə görə Sona xalaya minnətdarlığımızı bildirib, haqqında xoş sözlər eşitdiyimiz ailə təsərrüfatçısı Fərman İbrahimovun mənzilinə üz tuturuq. Fərman dayı bildirir ki, uzun müddətdir, kənd təsərrüfatı ilə məşğul olub, artıq bir ildir ki, ailə təsərrüfaçısı kimi fəaliyyət göstərir. Təsərrüfatında mal-qara saxlamaqla məşğul olsa da, əsas gücünü arı ailələrinin saxlanılmasına verib. Belə ki, qırxa yaxın arı ailəsindən əldə etdiyi məhsulları təşkil olunan kənd təsərrüfatı məhsulları yarmarkalarına çıxarmaqla yanaşı, müxtəlif mağazalara da satışa verir.
Ailə təsərrüfatçısına işlərində uğurlar arzulayaraq Allahverdi babanın haqqında danışdığı şəlaləni görməyə tələsirik. Kəndin mərkəzindən uzaqlaşıb dağ yolu ilə irəlilədikcə hündürdən görünən kənd mənzərəsinə valeh olmamaq mümkünsüzdür. Budur, çox keçmədən ünvana çatırıq. Şəlalələrin ən gözəl təbiət hadisələrindən biri olduğunu heç kim inkar edə bilməz. Başını aşağı salaraq hündürlükdən sanki yerə çırpılan büllür su, xüsusən də şəffaf qayalar və mənzərəli çəmənliklər fonunda, həqiqətən, sehrli mənzərədir. Öz görkəmi ilə kəndə xüsusi gözəllik verən “Ağ qaya şəlaləsi”nin yaxınlığında kənd sakinləri bura gələn qonaqların rahatlığı üçün istirahət yeri də yaradıblar.
Şəlalənin ətrafındakı ərazilərdə ot biçini ilə məşğul olan kənd sakinləri ilə də həmsöhbət oluruq. Zeyni baba deyir ki, ay qızım, heyvanlarımızın qışa tədarükünü bu ərazilərdən toplayırıq. Kəndimizdə əkinçilik, bağçılıqla da məşğul olunur. Mən həyətyanı sahəmdə müxtəlif meyvə ağacları əkmişəm. Yetişdirdiyim məhsullardan doğmalarıma, yaxınlarıma sovqat göndərirəm.
Kəndlərimizdə Zeyni baba kimi torpağın dilini bilən, ona tər axıdıb verib zər alan onlarla zəhmət adamı var. Onlar zəhmətə qatlaşaraq ən qiymətli nemət olan torpaqdan istədiklərini əldə edə bilirlər. Kəndli onu da yaxşı bilir ki, ancaq zəhməti və torpağın dilini anlayıb ona ürəkdən bağlanmaqla yaxşı yaşayışını təmin edə, bazarda bolluq və ucuzluq yaradılması işinə öz töhfəsini verər. Bunun özü də Vətənə, dövlətə xidmət növüdür.
Telli MƏMMƏDOVA