Babək Rayon Məşğulluq Mərkəzinin keçirdiyi növbəti əmək yarmarkasını giriş sözü ilə mərkəzin direktoru Qurban Tarverdiyev açaraq bildirmişdir ki, əhalinin yeni iş yeri tapması üçün ən çevik formalardan sayılan əmək yarmarkalarının keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Məşğulluq Mərkəzinin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarla, sahibkarlıq subyektləri ilə sıx əlaqə saxlayır, boş iş yerləri haqqında məlumatlar toplayır və həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər.
Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev çıxış edərək əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Tədbirdə işaxtaran vətəndaş Ceyhun Hacıyev çıxışında məşğulluğun təmin olunması üçün əmək yarmarkalarının sərfəli metod kimi əhəmiyyətini vurğulamış, yeni iş yerlərinin yaradılması üçün dövlətimiz tərəfindən keçirilən tədbirləri ölkə vətəndaşlarına göstərilən qayğı kimi dəyərləndirmişdir.
İşaxtaran vətəndaşlara yarmarkada 14 təşkilatdan 96 boş iş yeri təqdim edilmiş, 24 nəfərə işə göndəriş verilmişdir.
Xəbərlər şöbəsi