Muxtar respublikamızda torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması üçün vaxtaşırı müşahidələrin aparılması diqqətdə saxlanılır. Torpaqların şorlaşma, şorakətləşmə, müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, bu cür ərazilərin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aid qurumlarla razılaşdırılmaqla müvafiq komissiya yaradılıb, torpaqların monitorinqinə başlanılıb.
Artıq komissiya tərəfindən Ordubad rayonu üzrə torpaq sahələrinin monitorinqi başa çatdırılıb, rayon üzrə 24,1 hektar şorlaşmış torpaq sahəsi müəyyən edilərək xəritələşdirilib.
Hazırda Babək və Culfa rayonlarında bu istiqamətdə işlər davam etdirilir. Şorlaşan, şorakətləşən, bataqlaşan, digər kəmiyyət və keyfiyyət göstəricilərini dəyişən torpaq sahələri müəyyənləşdirilir, torpaqların şorlaşmasının və bataqlaşmasının səbəbləri öyrənilir.
Muxtar respublika ərazisində aparılacaq monitorinqlərin yekununda komissiya tərəfindən hesabat hazırlanacaq, torpaqlarda baş vermiş dəyişikliklərin aradan qaldırılması üçün zəruri aqrotexniki və meliorativ tədbirlər müəyyənləşdiriləcək.
Qeyd edək ki, monitorinqlərin aparılmasına Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri cəlb edilib.
Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Xidmətinin
mətbuat xidməti