18 May 2024, Şənbə

Şəhər mövzusu maraqlı olduğu kimi, həm də rəngarəng və mürəkkəbdir. Şəhərdə yaşayan, yaxud kənddə yaşayıb şəhərlə sıx əlaqələri olan hər bir kəs bilir ki, şəhər, hər şeydən əvvəl, onun üçün müasirlik və mədəniyyət, işgüzar mühit deməkdir. Şəhərdə yaşayıb, onun gözəlliklərini duya bilən insanlar 10-15 günlüyə kəndə, sakit bir guşəyə gəlib rahatlıq tapsalar da, növbəti günlərdə yenə də şəhərin qaynar həyatına qayıtmaq istəyirlər. Çünki təbiəti etibarı ilə insan sosial-mədəni inkişafda öz yerini axtaran yeganə varlıqdır.

Son zamanlar, xüsusən də təbiətlə sıx ünsiyyət tələbatının artdığı bir dövrdə kəndlərə, kənd həyat tərzinə marağın çoxalmasına baxmayaraq, şəhərlər həmişəki kimi öz üstünlüyünü qorumaqdadır. Şəhərlə kənd arasındakı fərq aradan qaldırıldıqda iri şəhərlərdən tutmuş ən ucqar kənd­lərə qədər ölkənin hər yerində bütün cəmiyyətin yaşaya bildiyi bir sosial-mədəni mühit formalaşır. Bu gün muxtar respublikamızda bu mühit uğurla formalaşdırılmaqda, şəhər mədəniyyəti regionun ən ucqar kəndlərində belə, duyulmaqdadır.

Şəhərlər sivilizasiyalı mədəniyyətin başlanğıcı, elmin, təhsilin, dünyəvi düşüncənin mərkəzi sayılır. Dünyada bir çox şəhərlərin yaranmasında dinin, mədəniyyətin, iqlimin, dəniz və quru yollarının təsiri çox olub. Bir çox şəhərlər tarixən olduğu kimi, sivilizasiyaların qovuşma nöqtəsi, mədəniyyətlərarası dialoqa açılan yolların geniş qapısı rolunu indi də oynamaqdadır. Tarixə məlum olan ilk belə şəhərlər cəmiyyətdə oturaq həyata keçiddən sonra ilk dövlətlərin paytaxtları kimi yaddaşımızda qalıb. O dövrdən bu günə qədər şəhərlər cəmiyyətdə özünün quruluşu və insanların birgə mədəni dəyərlərini paylaşaraq yaşamaq üçün yaratdığı imkan və fürsətləri ilə inkişafa təkan verən insan məskənləridir. Şəhər həm də böyük ölkələrin idarə olunduğu, tarixdə iz qoymuş böyük şəxsiyyətlərin parlaq ideyalarının və cəsarətli qərarlarının səsləndiyi yerdir. Bunlarla yanaşı, şəhər həyatı sosial həyatda anonimliyin sürətlə dərinləşdiyi, maşın-mexanizmlərin səs-küyünün artdığı, ekoloji vəziyyətin daim diqqət tələb etdiyi bir məkandır.
Şəhər haqqında hər kəsin bir hekayəsi vardır. Kimin üçün şəhər onun yaxşı iş yeri, kimin üçünsə gənclik illərinin acı-şirin xatirələrini yaşadığı bir məkandır. Bu gün də bura bizim hər gün müəyyən işlər dalınca gəldiyimiz və yaxud işlədiyimiz, oxuduğumuz, yaşadığımız bir şəhərdir.
Şəhərdə məskən salıb yaşamağın öz qayda-qanunları vardır. Belə ki, burada hamı bir-birini tanımasa da, hamının qəbul etdiyi birgə yaşayış normaları vardır ki, bunlara mütləq əməl olunmalıdır. İnsanlar dəyişilib cəmiyyət müasirləşdikcə tələbatlar da dərinləşə və təkmilləşə bilir. Ancaq cəmiyyətdəki ümumi həyat tərzinin vacib bir elementi kimi şəhər burada yaşayan insanların mədəniyyət naminə könüllü olaraq kollektiv hərəkətlərə qoşulduğu bir yaşayış məskənidir. İndi bir çox kənd­lərimiz öz sosial-mədəni şəraitinə görə şəhərlərlə yarışa girsə də, şəhərə məxsus olan kollektiv tələbatlar özünəməxsusluğuna görə yenə seçilir. Adamların sərnişin kimi şəhərdaxili avtobusların, tamaşaçı kimi konsert və kino zallarının, ziyarətçi kimi muzey və sərgilərin, azarkeş kimi stadionların, pasient kimi klinikaların xidmətlərindən istifadə etmək imkanı şəhərə şəhər görüntüsü verən, insanları bir-birini şəxsən tanımasa da, onlara uzun illər bir ünvanda yaşamağın zövqünü yaşadan ən əsas amillərdəndir. Başqa sözlə, şəhər ona görə şəhərdir ki, buranın sakinlərinin həyat tərzinə onların işindən əldə etdikləri qazancla bərabər, həm də mədəni münasibətlərin yaratdığı rekreasiya faktoru da təsir edir.
Bunlardan əlavə, bu şəhər həm də ona görə dəyərlidir ki, o, bütöv bir xalqın çətin mübarizə dövrlərində öz müdrik qərarları ilə minlərlə, yüz minlərlə insanı öz arxasınca apara bilən dahi rəhbərin yaşayıb fəaliyyət göstərdiyi bir şəhərdir. Bəli, şəhərimiz təkcə bu regionun təhsil, mədəniyyət, idman və səhiyyə mərkəzi, turistlərin sevimli istirahət və əyləncə məkanı olmaqdan əlavə, həm də yaxın tariximizə dərin iz qoymuş siyasətçilərin də doğma şəhəri, fəaliyyət yeridir.
Əvvəlki dövrlərə görə indi şəhərimiz çox dəyişilib. Şəhər həyatı dinamik inkişaf, sürətli dəyişikliklər həyatı olduğundan şəhərimizdəki hamar yollar, çıraqban gecələr, abad küçələr, gözəl, işıqlı milli reklamlar, səliqəli park və bağçalar, bir-biri ilə növbələşmiş xidmət obyektləri zamanın tələbi, inkişafın zəruri şərtidir. Gündən-günə artan avtomobillər, sıx inşa olunan müxtəlif infrastruktur şəbəkəsi, ticarət, tikinti işlərinin yaratdığı vəziyyət həm də şəhərin yüklənməsini artıran bir inkişafın nəticəsidir. Cəmiyyətin inkişafının mütləq şərt olduğu bir vəziyyətdə şəhər təsərrüfatının proqnozlaşdırılması, onun onlarla il sonrakı perspektivlərini nəzərə almaqla imkanlarının planlaşdırılması bugünkü şəhər mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Heç nəyə biganə ola bilməyən şəhərli gözlədiyi təmir-abadlıq işlərinə, hamının rahatlığına mane törədən standartdankənar tikililərin təmizlənməsinə nə qədər sevinirsə, eyni ilə salınandan üç ay sonra təkrarən qazılan təzə asfalta, doğranaraq yeni dəyişdirilən qaz, su xətlərinə də öz təəssüfünü gizlədə bilmir: heyifdir axı!

Şəhərimiz inkişaf edib gözəlləşir. İndi şəhərimiz bura gələn kənd əhlini, yaxud ölkəmizin, dünyanın başqa yerlərindən gələnləri təəccübləndirir. Onlarda dərin təəssürat yaratmaq üçün heç də qeyri-adi təbiət möcüzəsi axtarmaq lazım deyil. Onsuz da bu şəhər özünün qədim və yeni tarixi, coğrafi mövqeyi və ətraf landşaftı ilə hamını heyrətə salır. Ürəyində çoxdan kök salmış yurd sevgisi hisslərini yenidən alovlandırmaq, bu dünyanın ən qədim şəhər mədəniyyətini görmək istəyirsənsə, buyur, gəl bizim şəhərə. Bu şəhər, hər zaman olduğu kimi, indi də özünün gözəlliyə bürünmüş yeni libasında bütün qonaqlarına “xoşgəldin” deyir. Bizim şəhər neçə-neçə nəsillərin həzin xatirə və şirin arzularının bütöv bir hekayəsini özünə sığdıran tarix yaşıdı Naxçıvan şəhəridir.

Kəmalə MƏMMƏDOVA

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR