Muxtar respublikamızda insanların sağlamlığının qorunması və istirahətlərinin səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Son illər Naxçıvan şəhərinin ətrafında yaradılan istirahət mərkəzləri isə sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkilinə geniş imkanlar açıb. Uzunoba gölü ətrafında çimərliyin fəaliyyət göstərməsi bu sahədə həyata keçirilən tədbirlərin davamı olmaqla yanaşı, həm də insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Burada yaradılan şərait və göstərilən xidmət gənclərin asudə vaxtının təşkili, eyni zamanda onlarda qarşılıqlı dostluq münasibətlərinin yaranmasına da xidmət edir. Burada yaradılanları və bir gün ərzində insanların istirahəti ilə tanış olmaq üçün Uzunobaya yollandıq.
Uzunoba gölü ətrafındakı gözəlliklərdən çox yazılıb, videosüjetlər, reportajlar hazırlanıb. Bu reportajımızda daha çox çimərlikdə istirahət üçün yaradılan şəraiti, təhlükəsizlik tədbirlərini, yüksək xidməti və muxtar respublikamıza təşrif buyuran qonaqların istirahəti üçün hər bir nüansın düşünüldüyünü diqqətə çatdırmaq istəyirik.
Çimərliyə yaxınlaşarkən yolun sağ və sol tərəfində vurulan lövhələr diqqətdən yayınmır. Həmin lövhələrin birində vətəndaşların nəzərinə təhlükəsizliklə bağlı təlimatlar çatdırılır. İrəliyə doğru getdikcə buradakı şərait, təmizlik ilk baxışdan insanda xoş təəssürat yaradır. Uzunoba gölünün ətraf əraziləri tamamilə abadlaşdırılıb, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitariya qovşaqları, istirahətə gələnlərin nahar etmələri üçün guşə yaradılıb, voleybol və çimərlik futbolu üzrə futbol meydançası inşa edilib.
Gölün ətrafında insanların istirahətinin təşkili üçün kifayət qədər oturacaq və günəşdən qorunmaq üçün çətirlər qoyulub. Həmçinin burada qayıq da fəaliyyət göstərir ki, istənilən vətəndaş qaydalara uyğun olaraq ondan istifadə edə bilər. Burada sərinləşdirici içkilər, milli mətbəximizə xas olan müxtəlif yeməklər və ərzaq məhsulları təklif edən bina fəaliyyət göstərir. Təmizliyə riayət etmək məqsədilə tullantıların atılması üçün ərazi boyunca qutular quraşdırılıb.
Çimərlikdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə və gözətçi məntəqələri yaradılıb. Göl ətrafında diqqətlə müşahidə edən və çevik davranışlı insanlarla tez-tez rastlaşmaq olar. Bu şəxslər Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdır. Hər an baş verə biləcək təhlükənin qarşısını almaq üçün onlar isti və küləkli havada belə, çimərliyə üz tutanların xidmətindədir.
Məntəqə rəisi, kapitan Rüfət Məmmədova yaxınlaşırıq. İsti aylarda günün çox hissəsini göl ətrafında keçirən kapitanın qaralmış üzü, itibaxışlı gözləri onun qorxmaz, cəsarətli və yardımsevər olduğunu göstərir. Elə sözlərinə də insan həyatını xilas etməyin nə qədər dəyərli olması ilə başlayır: – Suda boğulan insanı xilas etmək, onu yenidən həyata qaytarmaq düşündüyünüz qədər asan deyil. Bu, çətin iş olsa da, lakin mahiyyəti xilas etmək olduğu üçün çox şərəflidir. Bu anlamda deyərdim, bizlər və həkimlərin işi daha məsuliyyətlidir.
Uzun illərdir, bu sahədə çalışan Rüfət Məmmədov deyir ki, bu peşəni seçmisənsə, özündən qorxu hissini kənarlaşdırmalısan. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Uzunoba gölü ətrafında gündəlik 6 nəfərlik heyətlə saat 800-dan 1900-dək tam hazır vəziyyətdə vətəndaşların xidmətindədir. Bununla yanaşı, hər gün bir əməkdaşımız təhlükəsizliyin bərpası üçün 24 saat ərzində burada qalır. Xilasetmə texnikamız və digər nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilib, mütəmadi olaraq təmizləmə işləri aparılır, eyni zamanda çimərlikdən istifadə edən vətəndaşların maarifləndirilməsi məqsədilə xüsusi lövhələr yerləşdirilib, üzmə sərhədlərini müəyyən edən nişanlar qoyulub və bir çox profilaktik tədbirlər aparılıb.
Kapitan Məmmədov bildirdi ki, gün ərzində gölə gələnlərin sayı 250-300 nəfər olur. Lakin həftə sonları bu rəqəm 700-800-ü aşır. Cari mövsümdə ölümlə nəticələnən hər hansı bir hadisə baş verməyib, 21 nəfər isə boğulma təhlükəsi ilə üzləşib və onlar əməkdaşlarımız tərəfindən xilas ediliblər.
Ötən şənbə havanın nisbətən küləkli olmasına baxmayaraq, çimərliyə gələnlərin sayı daha çox idi. Fürsətdən istifadə edib, onların fikirlərini öyrənmək istədik. Şərurdan olan Elşən Cəfərov nəvələri ilə bu yayın çox hissəsini məhz Uzunoba gölündə keçirib. O deyir: – Uzunoba gölü ətrafında çimərlik yaradılandan bura gəlirəm. Baxın, təmizlik, səliqə-sahman, istirahət üçün yaradılmış rahat şərait gənc və yaşlı nəsli özünə cəlb edir. Nəvələrim bura gələrkən çox sevinirlər. Bəzən işlərlə əlaqədar olaraq həftə ərzində bir dəfə gələ bilirəm, onda da nəvələrim məndən küsür. Yaradılan bu şəraiti qorumaq hər birimizin borcudur. Quran əllər, bu imkanı bizə verənlər var olsun.
Küləyin tumar çəkdiyi dalğaların qoynunda istirahət edən uşaqların sayının çox olması isə təhlükəsizlik tədbirlərinin maksimum gözlənilməsi ilə əlaqədardır. Belə ki, uşaqlar suya girərkən xilasedicilər qayıqlarla onların ətrafında dolanır, nəzarətçi səsucaldıcı vasitəsilə valideynləri uşaqlarını suda nəzarətsiz buraxmamağa çağırır.
İstirahət üçün Culfadan buraya gələn Nicat Əsgərovun fikrincə, insanların Uzunobaya axışmasının əsas səbəbi suyun və çimərliyin təmiz olmasıdır: – Gəlib burada istirahət etmək çox yaxşıdır. Şərait yaradılıb, biz də bundan səmərəli istifadə etmək istəyirik. Gölün suyu çox təmizdir. Səbəbi isə odur ki, daim nəzarət olunur və tullantılar atılmır. Orqanizmin D vitamini qəbul etməsinin ən yaxşı vasitələrindən biri də çimərlikdir. Qum, su, günəş, təmiz hava müəyyən xəstəliklərin dərmanıdır. Bu gün (şənbə günü ) dostlarımızla voleybol oynayacaqdıq. Ancaq çimərlik futbolu üzrə muxtar respublika çempionatının oyunu var. Futbola həvəsimiz olduğu üçün məhz oyuna baxacağıq. Çimərlik meydançası yeni inşa edilib və hər dəfə gələrkən burada gənclərin oynadığını görür, onlara azarkeşlik edirik.
Qeyd edək ki, cari ilin iyun ayında Uzunoba gölü ətrafında yeni çimərlik futbolu meydançasının inşasına başlanılmış və artıq istifadəyə verilən meydançada çimərlik futbolu üzrə muxtar respublika çempionatının oyunları gedir. Bu meydança istirahətə gələn qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün də əla vasitədir.
Çimərlikboyu insanlara mane olmadan Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rüfət Məmmədovla söhbətimizi davam etdiririk. Kapitan bildirir ki, işləri təkcə göldə istirahət edənlərə nəzarətlə bitmir. Həmçinin çimərlikboyu gəzərək vətəndaşların səhhətinə diqqət edirlər: – Onlara tövsiyə edirik ki, ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələblərinə əməl etsinlər. Çimərlik ərazisini məişət və digər tullantılarla çirkləndirmək, üzmə sərhədlərini müəyyən edən nişanları ötüb keçmək qadağan olunur. Uşaqlar çimərlikdən yalnız valideynlərinin müşayiəti ilə istifadə etməli, xilasedicilərin tələblərinə sözsüz əməl olunmalıdır.
... Bu zaman gözətçi məntəqəsindən ucalan səs, – “xahiş olunur üzmə sərhədlərini müəyyən edən nişanları ötüb keçməyin”, – vətəndaşları bir daha təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırır.
Ceyhun MƏMMƏDOV