Bu mövzuda Şahbuz rayonunda konfrans keçirilmişdir
Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova konfransı açaraq belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır.
“Ailə dəyərlərinin yeniyetmə və gənclər arasında təbliği” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov bildirmişdir ki, dövlətin həyata keçirdiyi gənclər siyasəti çoxşaxəlidir və gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsinə, milli dəyərlərimizin qorunub saxlanılmasına hesablanmışdır. Yeniyetmə və gənclərin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, ailə dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həll edilməsi, onların sağlamlıqlarının qorunması muxtar respublikada gənclər siyasətinin əsas prioritetləridir.
“Müasir ailə modeli – ailədaxili münasibətlərin tənzimlənməsi əsas faktor kimi” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Zeynal Hümbətov bildirmişdir ki, yeni ailə həyatı qurmuş gənclərin xalqımızın ailə dəyərlərini qoruyub saxlaması, ailədaxili münasibətləri düzgün tənzimləməsi, öz övladlarını milli-mənəvi ruhda tərbiyə etməsi çox vacibdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Tural Hüseynov “Ailə münasibətlərinin hüquqi əsası” mövzusunda çıxış edərək demişdir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq xalqın milli-mənəvi dəyərləri, adət-ənənələri nəzərə alınaraq “Azərbaycan Respublikasının Ailə Məcəlləsi” qəbul edilmişdir. Çünki ailədəki münasibətlər cəmiyyətdəki münasibətlərin bir hissəsidir. Ailə cəmiyyətin ilkin institutu, müəyyən mənada, sosial təşkilatıdır.
Qeyd olunmuşdur ki, ailə hüququ ictimai münasibətlərin müəyyən növünü, ailə münasibətlərini, yəni nikah faktından əmələ gələn və ailəyə mənsub olan münasibətləri tənzimləyir. Eyni zamanda ailəni quran şəxslərdən hüquq və dövlət himayəsindən düzgün istifadə etməklə ailədaxili məsələlərə məsuliyyətlə yanaşmanı tələb edir. Ailə ictimai həyata öz təsirini göstərir, o, insan nəslinin davam etməsində, uşaqların tərbiyəsində, şəxsiyyətin formalaşmasında həlledici rol oynayır. Qadın və kişi ailə münasibətlərində bərabər və şəxsi əmlak hüquqlarına malikdirlər. Bu, ailə qanunvericiliyinin mühüm prinsipial müddəasıdır.
Dəyirmi masada “Zərərli vərdişlərin ailə münasibətlərinə mənfi təsiri” mövzusunda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Yulət Əliyev, “Yeniyetmə və gənclərin sosial aktivliyinin təmin edilməsi” mövzusunda Şahbuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sevindik Abdullayev çıxış edərək yetkinlik yaşına çatmayanların zərərli vərdişlərə meyil etməsinin, uşaq əməyinin istismarının, valideynlər tərəfindən uşaqların nəzarətsiz qalmasının ailə faktoruna mənfi təsirindən danışmışlar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti