Ölkəmizin, eləcə də muxtar respublikamızın ictimai həyatında gənclərin xüsusi rolu vardır. Müasir günümüzdə onlar icra olunan bir sıra könüllülük proqramlarına qoşularaq öz ictimai fəaliyyətlərini təmin edirlər. Hər şeydən öncə könüllülük hər hansı bir maddi və mənəvi qarşılıq gözləmədən həyata keçirilən əməkdir. Artıq ölkəmizdə, həmçinin muxtar respublikamızda bir neçə könüllülük proqramı yaradılıb. Bu səbəbdən ölkə Prezidentinin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi heç də təsadüfi deyil.
Günümüzdə aktual məsələlərdən biri də xüsusi qayğıya ehtiyacı olan şəxslərlə münasibət və onlara yardım təşkil etməkdədir. Gənclərdə olan mərhəmət və qayğı hissi onların cəmiyyətimizdə yaşayan xüsusi qayğıya ehtiyacı olan insanlar naminə bir araya toplanmalarına səbəb olub. Bu isə, öz növbəsində, həmin kateqoriyaya aid insanların cəmiyyətimizə inteqrasiya olunmasına zəmin yaradır. Həmçinin fəal gənclərin icra etdikləri layihələr çərçivəsində məhdud fiziki imkanlı gənclərin əl işlərinin satışı və tanıdılması kimi tədbirlər də həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə yaradılmış “Sosial könüllülük” proqramı buna ən ideal misal ola bilər. Artıq bu sosial toplumun 50-dən çox gənc iştirakçısı vardır və bu gənclər mütəmadi olaraq məhdud fiziki imkanlı şəxslərlə, eləcə də tənha ahıllarla görüşüb onlara mənəvi dəstək göstərirlər. Eyni zamanda xüsusi günlərdə və bayram ərəfələrində sosial könüllülər həmin kateqoriyadan olan insanların yanında olmaqla, öz gənclik öhdəliklərini yerinə yetirirlər.
Sosial könüllülük gənclər üçün şərəfli bir işdir. İlk sosial könüllülər 1 may 2019-cu ildə fəaliyyətə başlamış, 1 oktyabr 2019-cu ildə müddətləri başa çatsa da, fəaliyyətlərini bu günədək davam etdirirlər. Öz məramlarının layiqincə yerinə yetirilməsində sosial könüllülüyə seçilmiş gənclərin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun təşkil etdiyi “Sosial Könüllülük Akademiyası”nda 4 həftəlik təlimlərdə həssas qruplarla necə davranmalı və ünsiyyətin necə qurulması yollarını mənimsəmələri başlıca rol oynayır.
Bütün bu göstəricilərə əsaslanaraq demək olar ki, “Sosial könüllülük” layihəsi könüllü gəncləri cəmiyyətimizin əsas aparıcı qüvvələrindən birinə çevirməklə yanaşı, gələcəkdə bu sahədə daha peşəkar gənclərin yetişməsinə də öz töhfəsini verəcəkdir.
Məhərrəm HƏSƏNOV
“Naxçıvan” Universitetinin III kurs tələbəsi, sosial könüllü