12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Ağbulaq kəndi ətrafında təmizlik aksiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Gənclər Fondunun birgə təşkil etdiyi aksiyada 30 gənc iştirak edib.
Aksiyanı keçirməkdə məqsəd gənclərin maarifləndirilməsi və onların asudə vaxtlarının səmərəli təşkili, ətraf mühitin mühafizəsi və bununla bağlı məsuliyyət hissinin daha da artırılması olub.
Çıxışlardan sonra aksiya iştirakçılarına təmizlik avadanlıqları paylanılıb, kəndin ətrafı tullantılardan təmizlənib.
Sonra gənclər üçün Ağbulaq İstirahət Mərkəzində çay süfrəsi təşkil olunub. Eyni zamanda 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən bir qrup istedadlı gənc mükafatlandırılıb.
Qeyd edək ki, təmizlik aksiyası Kəngərli rayonunun Xok kəndi ərazisində yerləşən Anbarı gölü ətrafında və “Şahbuz könüllüləri”nin iştirakı ilə Batabat yaylağı ərazisində də keçirilib. Aksiya zamanı insanların istirahət etdiyi ərazilər, göllərin kənarlarındakı tullantılar gənclər tərəfindən toplanaraq ərazidən uzaqlaşdırılıb.
- Ceyhun MƏMMƏDOV