Şəffaflığı, operativliyi, məsuliyyəti, mənəvi zənginliyi, gülərüz və səbirliliyi özündə əks etdirən, min illərlə formalaşmış milli-mənəvi dəyərlərimizin nadir töhfəsidir könüllülük. Könüllü olmaq özünü inkişaf etdirmək, yeni dostlar qazanmaq, sosial əhatəni genişləndirmək, vaxtı səmərəli keçirmək, öyrənmək, iş təcrübəsi qazanmaq, cəmiyyətə yararlı bir şəxsiyyət kimi yetişməkdir. Heç bir qarşılıq gözləmədən digər insanlara, bütün canlı, cansız varlıqlara sevgi ilə xidmət etmək, həmin sevgini könüldən paylaşmaq, bölüşməkdir. Lazım gəldikdə könüllü əsgər kimi Vətənin müdafiəsində fədakarlıq edərək Şəhidlik adlı ali zirvəyə yüksəlməkdir...
Gələcəyimiz olan gənclərin inkişafına verdiyi töhfələrlə də daim qəlbimizdə yaşayan ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanan xeyriyyəçilik və könüllülük hərəkatı bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda uğurla davam etdirilir.
Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi ilə bir daha şahidi olduq ki, Azərbaycan gəncliyi könüllülük hərəkatının aparıcı qüvvəsi kimi ölkədə baş verən bütün proseslərin mərkəzində dayanır. Qədim diyarımız Naxçıvanda isə könüllülük hərəkatı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından sonra geniş vüsət almağa başlayıb. Ötən dövr ərzində muxtar respublikamızda müxtəlif əhatəli könüllülük proqramları – Gənclər Fondu könüllüləri, Sosial könüllüllər, Gənclər və İdman Nazirliyi, Ekologiya, Ədliyyə, Məhkəmə, Sədərək, Səyyar dövlət qulluğu və Turizm könüllüləri, eləcə də digərləri fəaliyyət göstərməyə başladı. Bu yaxınlarda istifadəyə verilən “Naxçıvan könüllüləri” vebsaytı isə “Könüllülər ili”nə ən gözəl töhfə olmaqla, diyarımızda könüllülük hərəkatına yeni təkan verəcək. Könüllülərlə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını təmin edəcək www.naxkonulluleri.nmr.az saytı vasitəsilə gənclər istədikləri qurumlarda könüllü olmaq üçün onlayn qeydiyyatdan keçə, onları maraqlandıran suallara cavab tapa bilərlər.
Naxçıvan könüllülərinin birliyinə, həmrəyliyinə mövcud pandemiya dövründə də bir daha şahid oluruq. Böyüklərə hörmət və diqqət göstərməyi, onlara qayğı ilə yanaşmağı ən ali dəyər kimi qəbul edən sosial könüllülərimiz muxtar respublikanın rayon və kəndlərində yaşı 65-dən yuxarı olan tənha, sosial qayğıya ehtiyacı olan insanları ziyarət edərək onlara xidmət göstərməyi, evlərində təmizlik işləri aparmağı, qayğılarını çəkməyi özlərinin vətəndaşlıq borcuna çeviriblər. Biz də təşəbbüskarlığı, fəallığı ilə seçilən, asudə vaxtını səmərəli şəkildə dəyərləndirən könüllülərimizin bir neçəsi ilə həmsöhbət olduq.
“Naxçıvan” Universitetinin tələbəsi Məhərrəm Həsənov bir sıra könüllülük platformalarının iştirakçısıdır. O deyir ki, ötən il Gənclər Fondunun könüllülük proqramına qoşulub və layihənin davam etdiyi 3 ay ərzində hər ayın birincisi seçilib: – Könüllü olduğum müddət ərzində fondun bütün layihələrinin həm iştirakçısı, həm də təşkilatçısı olmuşam. “Sosial Könüllülük Akademiyası”nın ilk könüllüsü kimi muxtar respublikamızda yaşayan, sosial qayğıya ehtiyacı olan insanlara mənəvi dəstək verən layihələrdə iştirak etmişəm. Səyyar dövlət qulluğu xidmətində könüllü olmaqla dövlət qulluğunda, eləcə də orta məktəblərdə müəllim kimi fəaliyyət göstərmək istəyən vətəndaşlara səyyar xidmətlər göstərmişəm, ekologiya könüllüsü kimi isə bir sıra ekoloji yürüşlərdə və təmizlik aksiyalarında iştirak etmişəm. Könüllülük mənə, hər şeydən əvvəl, cəmiyyət üçün faydalı bir fərd olmağı, sosial həyatda mühüm bir mövqe tutmanın zəruriliyini öyrətdi. Ətrafımda sağlam dostlar qazanmağıma şərait yaratdı. 2019-cu ildə Gənclər Fondunun dəstəyi ilə ilk layihəm olan “TGT CUP” intellektual oyunlar liqasını həyata keçirdim, hansı ki həmin layihədə 300-ə yaxın tələbə iştirak etmişdi. Ötən il nailiyyətlərimə görə “İlin ən fəal könüllüsü” nominasiyası ilə təltif olundum. Pandemiya dövründə də onlayn şəkildə baş tutan layihələrdən – “Çoxbilmiş”, “Çoxbilmişin söz oyunu”, “Onlayn bilik” kimi intellektual yarışlarda, “Evdə qal, istedadını göstər!” kimi bir sıra təlimlərdə iştirak edib ilk beşlikdə yer ala bildim. Mən digər gənclərə də asudə vaxtlarını səmərəli keçirmək, bilik və təcrübələrini artırmaq üçün ən yaxşı fəaliyyət növünü – könüllü olmağı tövsiyə edirəm.
“Naxçıvan” Universitetinin İngilis dili müəllimliyi üzrə II kurs tələbəsi Alsu Məmmədli deyir ki, könüllülük fəaliyyəti ona bir çox yeni keyfiyyətlər qazandırıb: – Şəkidən Naxçıvana gəlmişdim və heç kəsi tanımırdım, sosial əhatəm, demək olar ki, yox idi. Bacımın tövsiyəsi ilə sosial könüllü kimi qeydiyyatdan keçdim, qəbul edildim. Gənclər Fondunda gənclərin rahat fəaliyyəti üçün yaradılan şərait məni burada təşkil edilən çoxsaylı tədbirlərdə iştiraka həvəsləndirdi. Könüllü olmaqla, bir neçə arzumu reallaşdıra bildim. Hər şeydən əvvəl, yeni insanlar tanıdım, dostlar qazandım. “Labirint” strateji intellekt oyunu, TİR atıcılığı kimi yarışların iştirakçısı olmaqla öz qabiliyyətimi daha da inkişaf etdirə bildim. Pandemiya dövründə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllüsü kimi rayon mərkəzləri, kəndlərdə tənha ahılları ziyarət etdik, onların yaşayış sahələrində təmizlik və abadlıq işləri apardıq, tənha ağsaqqal və ağbirçəklərimizə bu çətin dönəmdə övlad ola bildik. Bu dövrdəki fəaliyyət çərçivəsində görülən tədbirlərdə, xüsusən yaşı 65-dən yuxarı olan və hazırda tənha yaşayan ahıllara sosial xidmətlərin göstərilməsində iştirakıma görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun təşəkkür plaketi ilə təltif olundum. Həmçinin könüllü kimi stolüstü tennislə məşğul olmaq bacarığımı da artırdım. Avqustun 10-da bu idman növü üzrə keçirilən muxtar respublika birinciliyində II yeri tutaraq diplomla təltif edildim.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbəsi Ruslan Rüstəmzadə Bərdə rayonunun Nazırlı kəndindəndir. Ruslanın da özünü inkişaf etdirmək istəyi onun Gənclər Fondunda könüllü olmağa gətirib çıxarır. O deyir ki, Naxçıvana gələn gündən burada gənclər üçün yaradılan şəraiti görüb, həvəslənib. Könüllü kimi bir sıra layihələrin, eləcə də diyarımızda keçirilən festivalların, ekoloji yürüşlərin, fondun təşkil etdiyi kitab müzakirələrinin, intellektual oyunların, seminarların iştirakçısı olub: – Mən burada heç vaxt özümü yad hiss etmədim. Könüllü olmaqla, hər şeydən əvvəl, böyük bir ailə qazandım. O ailədə köməkləşməyi, təcrübə əldə etməyi, araşdırmağı, gördüyüm işə könül verməyi öyrəndim, bir sözlə, xeyirxah əməllərə sahib olmaq keyfiyyətini əxz etdim. “Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Erudik kvartet” kimi intellektual yarışlarda iştirak edərək öz bilik və bacarıqlarımı artırdım. Pandemiya dövründə də vaxtımı səmərəli keçirmək üçün fondun təşkil etdiyi vebinarlarda canlı, ya da onlayn iştirak etmişəm. 9-28 aprel tarixlərdə keçirilmiş “Evdə qal, istedadını göstər!” onlayn istedad müsabiqəsində II yeri tutaraq diplomla təltif edilmişəm. Gələcəkdə də könüllülük fəaliyyətimi davam etdirib ətrafımdakı gəncləri də bu fəaliyyətə cəlb edəcəyəm. Gələcək gənclərin əlindədir və o yalnız bizimlə daha parlaq və gözəl görünür.
Naxçıvan Dövlət Universitetinin tələbəsi Çilənay Yusifova deyir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə yaradılmış “Sosial Könüllülük Akademiyası”nın ilk məzunlarındandır: – Könüllü olmaq ixtisasımı daha dərindən mənimsəməyə, bu sahədə faydalı təcrübələr qazanmağıma kömək etdi, eyni zamanda gələcəkdəki fəaliyyətim üçün böyük stimuldur. Bir çox psixoloji, sosial təlimlərdə iştirak etmişəm. Könüllülük mənə insani dəyərləri, insansevərliyi, əməksevərliyi təlqin edir. Pandemiya dövründə də fəaliyyətimi dayandırmadım. Yaşı 65-dən yuxarı olan tənha yaşayan insanlarla görüşdük, evlərində aparılan tibbi-profilaktik və dezinfeksiya işlərinə köməklik etdik. Bu işlərdə göstərdiyim fəallığa görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondu tərəfindən pandemiya dövrünün fəal könüllüsü kimi təşəkkür plaketi ilə təltif edildim. Bu, mənim kimi könüllü olan gənclərə göstərilən diqqət və qayğının təcəssümüdür. Gələcəkdə də daha geniş təcrübə qazanmaq üçün könüllü fəaliyyətimi davam etdirəcəyəm.
Müsahibələrdən də göründüyü kimi, könüllü olmaqla xeyirxahlıq, mərhəmət, insansevərlik, vətənpərvərlik kimi ali dəyərləri mənimsəyən Naxçıvan gəncləri dövlət başçımızın “Biz birlikdə güclüyük!” çağırışına qoşularaq üzləşdiyimiz bu ciddi sınaqda da birlik və əzm nümayiş etdirirlər. Onların vətənpərvərlik ruhu, vətəndaşlıq mövqeyi, milli təəssübkeşliyi uğurlu gələcəyə olan inam və ümid hisslərimizi daha da artırır...
- Güntac ŞAHMƏMMƏDLİ