Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 20 milyon nəfəri ötüb.
Worldometer saytına istinadla xəbər veririk ki, avqustun 9-da dünyada koronavirusa 219 min 598 nəfər yoluxub, 4 min 798 nəfər isə həyatını itirib.
Saytın məlumatına əsasən, hazırda dünyada koronavirus infeksiyasına yoluxanların sayı 20 milyon 31 min 558 nəfərə, ölənlərin sayı isə 734 min 98 nəfərə çatıb. Eyni zamanda, 12 milyon 904 min 43 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 393 min 417 xəstədən 64 min 827 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.
ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 5 milyon 199 min 444 nəfərə çatıb. Yoluxma sayına görə ABŞ-dan sonra ikinci yeri Braziliya tutur - 3 milyon 35 min 582 nəfər. Hindistanda 2 milyon 215 min 74, Rusiyada 892 min 654, Cənubi Afrika Respublikasında 559 min 859, Meksikada isə 480 min 278 nəfər koronavirusa yoluxub.
ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 165 min 617 nəfər. İlk beşliyə daxil olan Braziliyada 101 min 136, Meksikada 52 min 298, Birləşmiş Krallıqda 46 min 574, Hindistanda isə 44 min 466 nəfər koronavirus səbəbindən həyatını itirib.
Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.