Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması sahəsində tədbirlər davam etdirilir.
Əkin sahələrinin suvarma suyu ilə təmin olunması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə iyul ayında bir sıra tədbirlər görülmüş, 10 kilometr beton və torpaq kanal, 17,7 kilometr ara arxlar və 4,5 kilometr kollektor lildən təmizlənmiş, 230 metr yeni qapalı drenaj xətti çəkilmiş, 93,5 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır. Qeyd olunan dövrdə 9,4 kilometr yeni suvarma xətti çəkilmişdir.
Muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 32,2 milyon kubmetr su verilmiş, bunun müqabilində 27 min 360 hektar torpaq sahəsi suvarılmışdır. Həmçinin torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün çay və selovlarda selə qarşı 2,8 kilometr istiqamətləndirici bənd salınmışdır. Kəngərli rayonunun Böyükdüz kəndində 800, Şahbuz rayonunun Türkeş kəndində 270 hektar ərazidə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 8,6 kilometr suvarma xətti çəkilmiş, 112 supaylayıcı hovuz və suvarma hidrantı quraşdırılmışdır.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şərur rayonunda Cəlilkənddə içməli su sisteminin tikintisi başa çatdırılmış, müxtəlif diametrli plastik borularla 18,3 kilometr içməli su xətti çəkilmiş, ev birləşmələri aparılmışdır. 342 abonentlə müqavilə bağlanaraq sayğac quraşdırılmış, 2222 sakin fasiləsiz olaraq içməli su ilə təmin olunmuşdur. Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin tikintisi başa çatmışdır. Sutəmizləyici qurğu saniyədə 236 litr sutəmizləmə gücünə malikdir və 27 min 700 istifadəçiyə xidmət edir.
Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində 11,1 kilometr su və 8,5 kilometr kanalizasiya, Sədərək rayonunda 320 metr su, 5,2 kilometr kanalizasiya, Kəngərli rayonunda isə 11,5 kilometr su xətti çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin
mətbuat xidməti