Kəngərli rayonunda növbəti əmək yarmarkası keçirilib. Yarmarkaya 12 təşkilatdan 62 boş iş yeri təqdim olunub.
Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Məzahir Rüstəmov çıxış edərək muxtar respublikada əhalinin məşğulluğu istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, vətəndaşların işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikanın bütün bölgələrində, eləcə də Kəngərli rayonunda hər il bir neçə dəfə keçirilən əmək yarmarkalarıdır. Yarmarkalara hazırlıq dövründə görülən işlər, xüsusilə işəgötürənlərlə birgə əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində əhəmiyyətli rol oynayır.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səxavət Həsənov çıxış edərək bildirib ki, əmək yarmarkaları işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə zəmin yaradır.
İşaxtaran vətəndaş Şəlalə Həsənova əmək yarmarkalarının təşkilini muxtar respublikada insan amilinə göstərilən diqqət və qayğı kimi dəyərləndirib.
Sonra tədbir iştirakçıları əmək yarmarkasına çıxarılmış boş iş yerləri barədə məlumat alıblar. Həmin gün 14 nəfərə işə qəbul edilmək üçün göndəriş verilib.
Belə tədbir dünən Şahbuz rayonunda da keçirilib, əmək yarmarkasına 15 təşkilatdan 135 boş iş yeri təqdim olunub, 15 nəfərə göndəriş verilib.
Xəbərlər şöbəsi