Artıq iyun ayından başlayaraq muxtar respublikada intensiv taxıl biçini aparılır. Profilaktik tədbirlər nəticəsində Ordubad, Sədərək rayonlarında, eləcə də Naxçıvan şəhərində taxıl biçini təhlükəsiz başa çatıb, digər rayonlarda isə davam edir.
Qeyd edək ki, bu strateji əhəmiyyətli məhsulun təhlükəsiz yığılması diqqətdə saxlanılaraq biçin aparılan sahələrin yaxınlığında, əlverişli yerlərdə Fövqəladə Hallar Nazirliyinin gündəlik olaraq yanğından mühafizə bölmələrinin, motoxilasedicilərin, səyyar patrul xidmətləri təşkil olunub. Nazirliyin bu sahədəki başlıca vəzifələrindən biri də biçindən sonra əkin yerlərinin yandırılmasının qarşısını almaqdır. Ötən illərin statistikasına əsaslanaraq qeyd edə bilərik ki, bu sahələrdə maarifləndirici tədbirlər əhəmiyyətli dərəcədə effektiv təsir göstərsə də, təəssüf ki, bəzi fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən biçilmiş sahələrin yandırılması hallarına hələ də rast gəlinir. Bu isə bir sıra ciddi fəsadlar törədir və qətiyyən yolverilməzdir. Yanğın zamanı yaranan yüksək temperaturun torpağın üst qatına sistematik təsiri humus ehtiyatını, torpaq biotasını məhv edir və nəticədə, torpağın fiziki-kimyəvi xassələri və mexaniki strukturu dəyişir. Vahid sahədə samanın 30-40 saniyədə yanmasına baxmayaraq, bu qısa müddət torpağın üst qatının 360 dərəcəyə qədər yanmasına kifayət edir. Bu temperaturda torpağın 0-5 santimetr qatında humusun yanması, 10 santimetr qatında isə suyun buxarlanması baş verir. Yanğından sonra torpağın həyat qabiliyyətini yenidən bərpa etməsi üçün əlavə resurslar və zaman tələb olunur.
Fermerlər və torpaq mülkiyyətçiləri bilməlidirlər ki, sahələrin yandırılması torpağın üst qatındakı mineral maddələri də yararsız hala salır. Samanın və eləcə də digər bitki qalıqlarının yandırılması həm ekoloji cəhətdən ziyandır, həm də torpağın məhsuldarlığını aşağı salır. Belə ki, sahələrin yandırılması, torpağın münbitliyinin kəskin surətdə azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasına səbəb olur, həm də növbəti ildəki məhsuldarlığı 20-30 faiz azaldır.
Əkin sahələrini yandıran fermerlər və torpaq mülkiyyətçiləri bilməlidirlər ki, buna görə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. Qeyd edək ki, “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edildiyi kimi, əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltmək üçün İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fiziki şəxslərə 400 manatdan 600, vəzifəli şəxslərə 1500 manatdan 2000, hüquqi şəxslərə isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə müəyyənləşdirilib.
Əlavə olaraq qeyd etmək istəyirik ki, artıq torpaq mülkiyyətçiləri, fermerlər və kənd sakinləri qışa tədarüklə bağlı sahələrdən mal-qara üçün yem ehtiyatı yaradır, ot-saman tayaları yığırlar. Onları evin çardağına və elektrik xətlərinin altına yığmaq yolverilməzdir. Ot-saman tayaları xüsusi ayrılmış yerlərdə yerləşdirilməli, ətrafı çəpərlənməlidir. Tayanın ətrafında və yaxınlığında tonqal qalamaq, siqaret çəkmək və açıq oddan istifadə etmək yanğın təhlükəsi yaradır.
Torpaq mülkiyyətçilərinə, fermerlərə və kənd sakinlərinə müraciət edərək bir daha onların diqqətinə çatdırırıq ki, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi məqsədilə taxıl zəmilərinin biçindən sonra yandırılmasına yol verilməməli, taxıl sahələrindən saman yandırmadan çıxarılmalı, yaxud küləşi xırdalanaraq mulça halında əkin sahələrinə verilməlidir. Taxıl zəmilərində hər hansı bir yanğın təhlükəsi ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya yanğın təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilməlidir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti