22 Dekabr 2024, Bazar

 

 

 

Hər bir insan üçün yaşadığı regiona məxsus və mövsümə uyğun formalaşdırdığı qida rasionu onun sağlam qidalanmasında əvəzolunmaz rol oynayır. Ola bilsin ki, standart diyet proqramlarının istifadəçiləri üçün region və mövsüm anlayışlarının eyni sağlam qidalanma proqramı adı altında cəmlənməsi qəribə görünsün. Amma bu cür qidalanmanın insan sağlamlığı üçün nə qədər əhəmiyyətli olduğu qənaətindəyik. Fikrimizcə həyati əhəmiyyət kəsb edən bu cür mövzuların cəmiyyətimizdə vaxtaşırı xatırlanmasına və sistemli şəkildə öyrənilməsinə olan ehtiyac getdikcə artmaqdadır.

Diqqətinizə çatdıraq ki, regional və mövsümi rasional qidalanma proqramını bu sahədə fəaliyyət göstərdiyim on ilə yaxın bir müddət ərzində şəxsi təcrübəmlə  formalaşdırmış və ona əsaslanaraq tərtib etdiyim sağlam qidalanma proqramında müsbət nəticələr əldə etmişəm. Sağlam qidalanma proqramımda milli mətbəximizdən və yerli məhsullardan istifadə etməyim işimlə bağlı qürur hissi duyduğum nüanslardan biridir.

Hər bir xalqın milli mənsubiyyətinin göstəricilərindən biri də onun qidalanma mədəniyyətidir. Müasirləşmə və qloballaşma bu mədəniyyəti bizə unutdurmamalı və bu mədəniyyət xor görülməməlidir. Çünki, bir ölkədə kütləvi şəkildə qidalanma  mədəniyyəti, davranışı dəyişdirilərsə orada zamanla xəstəliklər də artar.

İnsan yaşadığı torpaqlarda bitən taxıllar, meyvələr, tərəvəzlər, bitkilərlə və həmin torpaqlarda mövcud olan  yerli növ heyvanların əti və südü ilə qidalanır. Buna görə də, genetik quruluşumuz bu qidalanma növünə uyğun formalaşır. Sağlam yaşamaq və yaşlanmaq istəyən vətənində və mövsümündə bitən nemətlərdən bol-bol istifadə etməlidir. Yaşadığımız torpaqlar uca Yaradanın bizə bir lütfüdür. Amma çox təəssüflər olsun ki, “arıqlatmaq”, “kilo verdirmək” məqsədilə peyda olub, məşhurlaşan müxtəlif diyet proqramları və qidalanma sistemləri bunu dərindən dərk etməyimizin qarşısını alır.

 Bildiyiniz kimi, əsrimizin ən böyük problemlərindən biri də piylənmə, artıq çəki və və bunun özü ilə birlikdə gətirdiyi xəstəliklərdir. Qarşılaşdığımız insanlardan çoxu arıqlamaq, ideal bədən quruluşuna malik olmaq və sağlam olmaq arzusundadır. Məhz bu arzular insanları çox zaman sonradan peşman olacaqları yollara istiqamətləndirir. Bu günlərdə yerli və xarici mətbuatda, bir çox internet resurslarında  arıqlamaq üçün xeyli sayda diyet proqramları ilə qarşılaşmaq mümkündür. Bunlara zülal əsaslı protein diyetlərini, tək yönlü mono diyetləri, tərəvəz əsaslı vegan diyetlərini və sairi göstərmək olar. Bu diyetlərdən hər birinin doğru və yanlış tərəfləri vardır. Bunları tətbiq edən diyetoloqlar da bu diyetlərin müsbət və mənfi cəhətlərini çox yaxşı bilirlər. Demək olar ki, bu peşənin mütəxəssisləri hələ də ideal qidalanma növü axtarışındadırlar. Son zamanlarda bir çox dünya diyetoloqları Aralıq dənizi qidalanma növü olaraq tanınan qidalanma mədəniyyətinin qidalanmadakı ən doğru istiqamət olduğu yönündə həmfikirdirlər. Fikrimizcə, bu qidalanma növü və mədəniyyəti Aralıq dənizi sahillərində yaşayan insanların sağlamlığı üçün ən doğru metoddur. Çünki, bu qidalanma növü və mədəniyyəti onlara öz əcdadlarından miras qalmışdır. Bu regionda yaşayan insanlar da bu mirasa layiqincə sahib çıxaraq bütün dünyaya tanıtmışlar. Bəs biz? Hər bir millətin əcdadı gələcək nəsillərinə miras ötürəcək bir qidalanma mədəniyyəti formalaşdırdıqları halda, bizim əcdadlarımız bizə belə bir miras qoymayıbmı ki, bu gün artıq çəkinin qarşısında bu qədər aciz qalmışıq? Əlbəttə, bizə də dünyada öz layiqli yerini tutacaq bir qidalanma mədəniyyəti miras qalmışdır. Sadəcə öz ənənə və dəyərlərimizə sahib çıxa bilmirik. Nəticədə isə milli mətbəximiz və qidalanma mədəniyyətimizlə əlaqəsi olmayan bir çox diyetləri tətbiq edərək kilo verdiyimiz halda, bir müddət sonra yenidən artıqlaması ilə aldığımız kilolar bizə həm maddi, həm də mənəvi yönlərdən zərərlər verir.

Diyetlərə sadəcə artıq çəki problemi ilə başlayıb, sonradan zəncirvari şəkildə gələn xəstəliklərə düçar olanların sayı hər gün daha da artmaqdadır. Görəsən problem nədədir? Bu sualı  ətrafımızdakı bu cür insanlara yönləndirdikdə ən çox eşitdiyimiz cavablar “mən iradəsizəm” və ya “diyet etdim, arıqladım, lakin, sonradan iş həyatıma, ağız dadıma uyğun gəlmədiyi üçün davam edə bilmədim” olur. Dəfələrlə artıq çəkidən xilas olmaq üçün müraciət edənlərin belə bir sualı ilə qarşılaşmışam: “Siz də qida rasionuma digər diyetoloqlar kimi ağız dadıma uyğun olmayan, yerli olmayan meyvə və tərəvəzlər salacaqsınız?” Cavabladıqda ki, rasionunuzda yalnız öz bölgənizdə yetişən və ağız dadınıza uyğun qidalar olacaq, bu, müraciət edənlər üçün daim sevindirici hal olmuşdur. Müxtəlif adlarla tanınan diyetləri yarımçıq saxlayıb, səbəbini də iradəsizlikdə görənlərə demək istərdik ki, problem sizdə deyil etdiyiniz diyetlərdədir. Çünki, bu cür dietik qidaların həyatınızda davamlı olması üçün qidalanma sisteminizin tərkibi sizin qidalanma mədəniyyətinizə, ağız dadınıza, mövsümə və nəhayət, ailə büdcənizə uyğun olmalıdır. Əks təqdirdə həyatınız boyu müxtəlif diyetlərlə çəki versəniz belə, sonradan normal qidalanma sisteminizə qayıtdıqda yenidən kilo alacaqsınız. Qısaca desək, ideal çəkinizi və sağlamlığınızı qorumaq istəyirsinizsə regional və mövsümü rasional qidalanmağa əhəmiyyət verməlisiniz. Əsası vücudunuzu tanımağınız və Allahın qoyduğu təbiət qanunlarına tabe olmağınızdır. Misal üçün qışın oğlan çağında, arıqlamaq üçün sizin səhərlər xiyar, pomidor, zeytun turşusu yeməyinizə ehtiyac yoxdur. Kilo vermək üçün ekzotik meyvələrə də ehtiyac yoxdur.

Diqqətinizə çatdırım ki, idxal ekzotik məhsullara üstünlük vermədən, yaşadığımız regionda yetişən yerli məhsullardan istifadə etməklə bu işi daha sağlam və effektiv formada həyata keçirə bilərik. Naxçıvanda yaşayan birinin diyet məqsədi ilə Avropa sayağı səhər yeməyinə ehtiyac yoxdur. O, səhər yeməyində şor-kərə, bal, xama, lavaş yeyərək, kəklikotulu çay içərək də çox asanlıqla kilo verə bilər. Dediklərimizdən elə anlaşılmasın ki, hansısa ölkələrdə yetişən meyvələrdən dadılmasının və ya hansısa xalqın milli yeməklərindən yeyilməsinin əleyhinəyik. Əleyhinə olduğumuz məqam bunların adət halına salınması və bu cür qidalanmanın yerli əhaliyə “başqa çarən yoxdur” kimi təqdim edilməsidir.

Oxucularda sual yarana bilər ki, bozbaş, piti, qovurma, kabab, bal, kərə yeyərək kilo almışıqsa yenə bu yeməkləri yeyərək necə kilo verə bilərik? Cavab isə çox sadədir. Artıq çəki almanın səbəbi adıçəkilən bu ləziz yeməkləri yemək deyil. Əsl səbəb, bozbaş yeyərkən yanında sirkəni, soğanı və sumağı, yağlı qoyun əti yeyərkən yanında abqoranı, balıq əti yeyərkən narşərabı, qəbizlikdən əziyyət çəkərkən lifli qidaları və suyu, həmçinin dağ otlarından hazırlanan çayları rasionumuza daxil etməməyimizdir. Çox sadə düzəlişlər etməklə, alışdığınız dadlardan məhrum qalmadan regional və mövsümü rasional qidalanaraq ideal çəkimizə qovuşa bilərik. Bunun üçün bir neçə sadə məsləhətlər verə bilərik:

 Çalışın hər həftə yerli bazarlara çıxarılan mövsümi və bolluq təşkil edən məhsullardan istifadə edərək öz həyat tərzinizə görə bir qidalanma cədvəli tərtib edəsiniz. Günə erkən saatlarda başlayın. Belə bir atalar sözü var: “Tez duran ilə tez evlənən peşman olmaz”. Çəki vermədə yemək yemə saatlarının stabilliyi çox vacibdir. Vücud özünü güvəndə hiss etməlidir ki, “dar gün” üçün topladığı piy kütləsinin mübadiləsinə icazə versin. Vücudunuz ehtiyac duyduğu qidanı vaxtlı vaxtında qəbul etdiyinizə əmin olarsa maddələr mübadiləsi sürətlənəcək və ac qalma ehtimalınıza qarşı piy toplamayacaq. Diqqət etməli olduğunuz məqamlardan  biri də yediyiniz qidanı yaxşıca çeynəməyinizdir. Bu sağlam bir həzm prosesi üçün çox vacibdir. Yeməklər arası məsafə ehtiyacınıza görə 3-5 saat arası olmalıdır. Yeməklərdən dərhal sonra su, çay içilməsi tərk edilməli və maye qəbulu yeməklərdən öncəyə salınmalıdır. Qəbizlikdən əziyyət çəkən insanlar rasionlarında suyu və lifli qidaları (çiy meyvə və tərəvəzləri) artırmalı, yerli bitkilərdən faydalanmalıdır. Qeyri stabil qidalanma və az hərəkətlilik insulin rezistentliyinə (müqavimətinə) və o da öz növbəsində piylənməyə gətirib çıxarır. Belə bir davranış “əyləşib normal yemək yesəm kilo alacam” düşüncəsindən irəli gəlir. Əvvəlcə düşüncələrimizi düzəltməli və  gündəlik tələbatımıza uyğun 2-5 öyünlük qidalanma planı tərtib etməliyik. İslam peyğəmbərinin buyurduğu kimi: “Acmamış süfrəyə oturmayın və doymamış süfrədən qalxın”. Çünki, doyma siqnalı mədədən beyinə iyirmi dəqiqəlik bir gecikmə ilə ötürülür. Siz yemək yeməyə davam etdiyiniz halda doyduğunuzu hiss edirsinizsə əmin olun ki, lazımından artıq yemisiniz.  Mədənizi təsəvvürünüzdə üç yerə bölün. Bir hissəsini yemək, bir hissəsini su, bir hissəsini də hava üçün ayırın. Yeməklərdən 15-20 dəqiqə əvvəl ehtiyacınıza ( köp, qəbizlik, hər hansı həzm problemi və ya  xroniki xəstəliyinizə) uyğun içilən sular həm mədənizdə müəyyən bir hissəni tutar, həm də sizin həddən artıq yemək yemə istəyinizi (sizə əziyyət vermədən) qaydaya salar. Hər bişmiş yeməyin yanında yeyilən mövsümi və yerli tərəvəzlərdən hazırlanan çiy salatlar və ədviyyatlar yediyiniz yeməyin “qlisemik indeksi”ni (şəkər yükünü) qaydaya salar, maddələr mübadiləsini sürətləndirər və sağlam bədən quruluşunuzu saxlamağa yol açar. Gündəlik qida rasionunu tərtib edərkən bu deyilənləri diqqətə alanlar mütləq faydasını görərlər. Hər kəsə sağlam qidalanmaq arzusu ilə fikirlərimizi dahi Nizami Gəncəvinin bu misraları ilə yekunlaşdırırıq:

         Nə şəhvət, nə yuxu, nə də ki yemək,

  Həyatın mənası olmasın gərək.

 

Pərvanə QƏHRƏMANOVA

Şəfa Özəl Tibb Mərkəzinin əməkdaşı,

diyetoloq

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR