22 Dekabr 2024, Bazar

İlahi qüdrətin bənzərsiz nişanəsi, şairlərin, yazıçıların ilham mənbəyi, sağlamlığımızın keşikçisi, yolyoldaşımız, sığınacaq yerimizdir ağaclar. Kölgəsi ruhumuzun dincliyi, yarpağı, çiçəyi, gövdəsi, qabığı dərdimizə məlhəmdir. Bağları, parkları, həyətləri bəzəyən,  meyvəsi ilə ağzımıza dad, süfrəmizə bəzək gətirən, güclü küləklərin, qasırğaların qarşısında etibarlı sədd, örtük olandır ağaclar. Əbəs yerə deyil ki, Məhəmməd Peyğəmbərin (s.ə.s) hədislərindən birində deyilir ki, ömrünüzə bir gün qaldığını bilsəniz də, yenə ağac əkin, ən böyük savab ondadır. Beşikdən məzara qədər–hər vaxt köməyimizə yetəndir ağaclar... 

Ağac həyatın və əbədiyyətin simvolu kimi türk xalqlarının mifologiyasında, inanclarında mühüm yer tutur. Qədim əcdadlarımız hansısa ağacı kəsmək zərurəti qarşısında qalanda belə, əvvəlcə onun önündə diz çöküb, üzr istəyərdilər. “Kitabi-Dədə Qorqud” dastanından öyrəndiyimiz “Ağac əkmək savabdır” kəlamı bu gün də bir çoxumuzun əsas amalına çevrilib. Niyə də çevrilməsin? Ətrafımızda yaşıllığı ilə bizə həyat enerjisi verən, havanı digər zərərli qazlardan, mikroorqanizmlərdən təmizləyən ağaclar bizim yaşamağımızın, oksigenlə təmin olunmamızın əsas qarantıdır. Ona “həyat ağacı” kimi dəyər verilməsinin səbəbi də məhz ağacın insanlara saysız-hesabsız faydaları ilə əlaqədardır. 

Bağ salmaq, ağac əkmək, ümumiyyətlə, ətrafı yaşıllıq aləminə qərq etmək ata-babalarımızın qədim adətlərindən olub. Ağac bolluq, şirinkamlıq, mehribançılıq nişanəsi hesab edilib. El içində yaşayış evinin ətrafında əkilən ağacın onun qayğısını çəkən ailəyə xeyir-bərəkət, xoş güzəran gətirəcəyinə inanılıb. Hədisi-şəriflərdən birində deyilir: “Bir kimsə bir ağac əkərsə, ağac meyvə verənə qədər onu qoruyub qulluq edərsə, bu ağacdan tökülən hər meyvə Allah qatında o kimsə üçün bir sədəqə olar”.

İnsanlar aşayiş binaları tikərkən, yaxud məskən saldıqları yerdə, ilk növbədə, bu yerlərin yaşıllaşdırılması, ağaclarla əhatə edilməsi qayğısına qalırlar. Bir ağac əkməklə nəinki sağlamlığımızı qoruyur, həm də çayların, bulaqların qurumasının qarşısının alınmasına fayda veririk. Lakin onu kəsməklə təkcə həmin ağac deyil, eyni zamanda quşlar, həşəratlar, bir sözlə, canlı təbiət məhv edilir. Əsas vəzifəmiz ağac əkib yetişdirmək, onlara qayğı göstərmək, onları qorumaq olmalıdır. Ağac əkmək çox xeyirli bir iş olduğu kimi, eyni zamanda bir vətənsevərlik nümunəsidir. Hamımız Vətənimizə, torpağımıza bağlıyıq. Torpağın müqəddəsliyi insanın cövhərində, sanında, qanında, təmiz və pak hisslərində yaşayır. Təbiət də anamız, Vətənimiz, torpağımız qədər müqəddəsdir. Bir vaxtlar əksər kənd­lərimizdə mavi yanacaq olmadığından, minlərlə qocaman ağac, yaş pöhrələr qırılır, təbiətə ziyan vurulurdu. Lakin son illər ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikamızda təbiətə qayğı prioritet istiqamətlərdən biridir. Diyarımızda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi, mövcud yaşıllıqlara qulluq edilməsi sahəsində xeyli iş görülüb və bu işlər hazırda da davam etdirilir. Aparılan yaşıllaşdırma, meşə və bərpa işlərində insanlarımız birlik, bərabərlik nümayiş etdirir, könüllü gənclərimiz şəhərimizin yaşıllığı, gözəlliyi qayğısına qalırlar. Məhz bunun nəticəsidir ki, “Naxçıvan çox təmiz şəhərdir” sözlərini həm yerli, həm də xarici qonaqların dilindən tez-tez eşidirik. İndi şəhərimizdəki parklar, xiyabanlar, küçələr və ümumiyyətlə, hər bir yer zövq oxşayır, bu gözəlliklər gündəlik həyatımızda əhval-ruhiyyəmizin yüksək olmasına xeyli dərəcədə müsbət təsir göstərir.

Ağac əkmək dünyada yaxşı iz qoymaq, hər ağac isə bir insanın öz xatirəsini yaddaşlara həkk etməsidir. Bu xatirə milli dəyər nümunəsi kimi illər keçsə belə, anılır, yaddan çıxmır. Məlum həqiqətdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi və iştirakı, eyni zamanda tapşırıq və tövsiyələri əsasında muxtar respublikada ağac əkini geniş vüsət alıb, hətta kənd təsərrüfatına azyararlı, qeyri-münbit torpaq sahələri belə, əkin dövriyyəsinə daxil edilib. Əgər 20 il bundan əvvəl muxtar respublika ərazisinin 0,6 faizi yaşıllıq idisə, indi bu rəqəm 20 faizə çatdırılıb. Diyarımızın bütün bölgələrində hər həftənin şənbə günü iməciliklər keçirilir, yeni meyvə bağları, meşə zolaqları salınır, təbiətin zənginləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Vaxtlı-vaxtında göstərilən aqrotexniki qulluğun nəticəsidir ki, ağaclar bol məhsul verir. Bu ilin ilk rübündə də meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində tədbirlər görülüb, 30,1 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 22 min ağac və gül kolu əkilib. Bütün bunlar ekologiyanın qorunmasına, gələcəyimizə qayğıdır.
Texnikanın günü-gündən inkişaf etdiyi müasir dövrdə ekoloji tarazlığın qorunub saxlanılmasına öz töhfəsini verən Naxçıvanda hər birimiz, xüsusilə də fəal, yaradıcı gənc nəsil ekoloji mədəniyyətə sahib olmaqla, təbiətə, sərvətlərimizə, ümumi evimiz olan ətraf mühitə qayğı ilə yanaşmalı, ən azı bir ağac əkməklə onun qorunmasına töhfə verməliyik!

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR