18 May 2024, Şənbə

Yoxsulluq tarixən bəşəriyyəti narahat edən əsas sosial problemlərdən biri olmuşdur. Bu səbəbdən də 1992-ci il  dekabrın 22-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası hər il oktyabrın 17-nin “Yoxsulluqla Beynəlxalq Mübarizə Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir.
Hər bir ölkədə yoxsulluğun aradan qaldırılması həyata keçirilən dövlət siyasətinin prioritet istiqaməti kimi xarekterizə olunur. Ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsini, sosial sahədə dinamik inkişaf tempinin təmin edilməsini diqqət mərkəzində saxlamış, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Müstəqilliyimizin ilk illərində ölkəni bürüyən siyasi böhran və iqtisadi tənəzzül əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb olmuş, nəticədə, Azərbaycanda yoxsulluq səviyyəsi yüksəlmişdir. Lakin 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan yenidən 1969-cu ildən başlanan intibah və tərəqqi yoluna qədəm qoymuş, əhalinin sosial problemlərinin həlli, başlıcası isə yoxsulluq səviyyəsinin azaldılması sahəsində ardıcıl tədbirlər görülmüş, dövlət proqramları qəbul olunaraq icra edilmişdir. Ulu öndərin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” bu sahədə görülən işlərin miqyasını daha da artırmışdır.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması ölkə Prezidenti cənab İlham Əliyevin də daim diqqət mərkəzindədir. Dövlət başçısının 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə qəbul olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, eləcə də 2004-2008 və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları əhalinin həyat səviyyəsinin yaxşılaşmasına, yoxsulluq səviyyəsinin azaldılmasına səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası bu gün sosial-iqtisadi inkişafının yeni mərhələsini yaşayır. Son illər ərzində həyata keçirilən islahatlar iqtisadiyyatın dinamik inkişafını, makroiqtisadi göstəricilərin davamlı artımını, əhalinin rifah halının yaxşılaşmasını, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan təbəqənin sosial müdafiəsinin gücləndirilməsini təmin etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 30 may tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)” təsdiq edilmişdir. Proqramda muxtar respublikada vətəndaşların məşğulluğunun təmin olunması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması, onun rəqabət gücünün artırılması öz əksini tapmış, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 9 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, 2009-cu ildə isə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” muxtar respublikanın sürətli inkişafına, infrastrukturun genişlənməsinə, yeni istehsal sahələrinin yaradılmasına, iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun təmin olunmasına səbəb olmuşdur. Nəticədə, son 10 ildə muxtar respublikanın iqtisadiyyatı 12,5 dəfə, o cümlədən sənaye 45,4 dəfə, kənd təsərrüfatı 4,5 dəfə, tikinti sektoru 14,2 dəfə, nəqliyyat sektorunda gəlirlər üzrə 3,3 dəfə, informasiya və rabitə sektoru 9,7 dəfə, əhalinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 55,1 dəfə artmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sənaye, kənd təsərrüfatı, sahibkarlıq fəaliyyəti genişlənmiş, yeni müəssisələr yaradılmış, infrastruktur, kommunal xidmətlər yaxşılaşmış, sosial xidmətlərin həcmi yüksəlmişdir. İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində əhalinin gəlirləri artmış və maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Son 10 il ərzində 58 min 460 yeni iş yeri yaradılmış, sahibkarlıq subyektlərinin sayı 2 dəfə artmış, nəticədə, iqtisadi fəal əhalinin sayı 24,7 faiz, məşğul əhalinin sayı 30,1 faiz, əhalinin gəlirləri 9,5 dəfə, əməkhaqqı 9,5 dəfə artmış, işsizliyin səviyyəsi sıfra enmişdir.
Muxtar respublikada hər il kompleks məşğulluq tədbirləri, o cümlədən əmək yarmarkaları keçirilir. Həmçinin əmək bazarında ixtisaslı kadrlara olan tələbatın ödənilməsi, işsiz və işaxtaran vətəndaşların müxtəlif peşələrə yiyələnməsi, eləcə də onların məşğulluğunun təmin edilməsi məqsədilə peşə kursları təşkil olunur.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, pensiya, təqaüd və müavinətlərin məbləğinin mütəmadi olaraq artırılması, yeni təqaüdlərin təsis edilməsi sosial müdafiəyə ehtiyacı olan insanlara göstərilən dövlət qayğısının təzahürüdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə pensiyaların məbləği 8,6 dəfə, ehtiyac meyarının və sosial müavinətlərin məbləği 3 dəfə artırılmışdır.
Muxtar respublikada aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan şəxslərin hüquqlarının qorunması, yaşayışlarının yaxşılaşdırılması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi həyata keçirilən sosial siyasətin əsas istiqamətini təşkil edir. Haliyədə muxtar respublikada bu kateqoriyadan olan şəxslərə müxtəlif növ sosial xidmətlər göstərilir. Belə ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın ləğvində iştirak edərək sağlamlığını itirənlərə və 1941-1945-ci illər müharibəsi əlillərinə, ümumilikdə, 297 minik avtomobili verilmiş, 147 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə, 3068 məhdud fiziki imkanlı şəxs müxtəlif texniki reabilitasiya vasitələri, həmçinin bu kateqoriyadan olan 1576 şəxs isə sanatoriya və pansionatlarda müalicə və istirahətləri üçün göndərişlərlə təmin olunmuşlar. Sosial təminat sahəsində aparılan islahatların davamı olaraq qəbul edilən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, aztəminatlı ailələrin maddi-rifah halını yaxşılaşdırmaq məqsədi ilə aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımı ödənilir.

Muxtar respublikada məşğulluq səviyyəsinin yüksəldilməsi infrastrukturun yenilənməsi, sahibkarlıq fəaliyyətinin daha da sürətlənməsi, kənd təsərrüfatının inkişafı nəticəsində iqtisadiyyatın davamlı yüksəlişi təmin olunmuş və yoxsulluq səviyyəsi kəskin azalmışdır. Dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin həcminin artırılması, sosial infrastrukturun inkişafı bundan sonra da əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəlməsinə və yoxsulluq səviyyəsinin minimum həddə qalmasına zəmin yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR