Muxtar respublikamızda son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində nail olunmuş sosial-iqtisadi inkişaf region əhalisinin normal həyat tərzinin təmin edilməsində başlıca stimul kimi dəyərləndirilir. İnkişafın bəhrələrini həyatımızın bütün sahələrində görmək mümkündür. Muxtar respublikada demoqrafik vəziyyətə nəzər salsaq, bunun bir daha şahidi olarıq. 1 sentyabr 2013-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 9023 nəfər və ya 2,1 faiz artaraq 433252 nəfər təşkil etmişdir. 2013-cü ilin yanvar-avqust aylarında 7082 körpə doğulmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 144 nəfər çoxdur.
Qeyd edək ki, doğulanların sayının ilbəil artması ilə yanaşı, son illərdə iki və üç uşaq dünyaya gəlməsi halları da çoxalıb. Bu sevincdən Culfa rayonunun Yaycı kənd sakini Həsən Quliyevin ailəsinə də pay düşüb. Daha doğrusu, həmin gün ailə ikiqat sevinc hissi yaşayıb. Belə ki, oktyabr ayının 9-da bu ailədə 12 ildən sonra üçüz uşaqlar dünyaya gəlib. Uşaqlardan biri qız, ikisi oğlandır. Uşaqların və ananın səhhəti tam qənaətbəxşdir.
Bu münasibətlə Naxçıvan Doğum Mərkəzində tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək üçüz uşaqların dünyaya gəlməsi münasibətilə ailəni Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından təbrik edib. Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxışlarında vurğulayıblar ki, muxtar respublikada səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, ailələrin hüquqlarının qorunması və onların sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Bu da əhali artımında mühüm rol oynayan amillərdir.
Tədbir iştirakçıları ailəyə hədiyyələr təqdim ediblər.
Qeyd edək ki, ailənin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ünvanlı sosial yardım təyin olunub.
Üçüz uşaqların anası Mahirə Quliyeva onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Xəbərlər şöbəsi