Muxtar respublikada torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində işlər davam etdirilir. Qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən Sədərək rayonunda aparılan planaalma işləri yekunlaşdırılıb. Bununla da muxtar respublikanın bütün yaşayış məntəqələri üzrə torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi başa çatdırılıb.
Muxtar respublika üzrə plana alınmış bütün daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumatları xidmətin informasiya bazasına daxil edilib, topoqrafik elementlərin, mühəndis-kommunikasiya xətləri və qurğularının, xüsusi qorunan ərazilərin, hidroqrafiya elementlərinin sərhədləri müəyyənləşdirilib.
Dəqiqləşdirilmiş məlumatlar əsasında torpaqların uçotunun müasir tələblərə uyğun aparılması, bu sahədə işlərin texnoloji cəhətdən modernləşdirilməsi təmin ediləcək, avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemi formalaşdırılacaq.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və
Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti