22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iyun ayının birinci yarısında qəbul etdiyi qərarlar və keçirilən tədbirlər sırasında iki mühüm məsələ də yer alıb. Naxçıvan Muxtar Respublikasında pandemiyanın mənfi təsirlərindən qorunmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi işsiz kimi qeydiyyata alınan vətəndaşlara hər ay 190 manat olmaqla, 2 ay üçün 380 manat vəsaitin ödənilməsini həyata keçirib. Bu günə qədər isə 8677 nəfərə 3 milyon 297 min manat birdəfəlik vəsait ödənilib.

Eləcə də pandemiyanın muxtar respublika iqtisadiyyatına mənfi təsir göstərməsinin qarşısını almaq məqsədilə vergiödəyicisi kimi qeydiyyatda olan sahibkarlıq subyektlərində çalışan işçilərin əməkhaqlarının ödənilməsi və fərdi sahibkarlara birdəfəlik maliyyə yardımının verilməsi üçün vəsait ayrılıb. Belə ki, 293 sahibkarlıq subyektində çalışan 3266 muzdlu işçinin əməkhaqqının ödənilməsi üçün, ümumilikdə, 1 milyon 257 min manat məbləğində birdəfəlik maliyyə yardımı göstərilmişdir. Ümumilikdə, qeyd edilən sahələr üzrə muxtar respublikada, fəaliyyət göstərən sahibkarlara bu günə qədər edilən maliyyə yardımının məbləği 2 milyon 997 min manat olmuşdur. Vəsaitlərin ayrılması davam etdirilir.
Fürsətdən istifadə edərək yardım almış vətəndaşların bir neçəsi ilə həmsöhbət olduq. Onların dedikləri:

Elşən CƏFƏROV, sahibkar: – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını sürətli inkişaf mərhələsinə çıxarıb. Qarşıya qoyulmuş vəzifələrin icrası, çoxşaxəli iqtisadiyyatın formalaşması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, mühüm əhəmiyyətə malik Dövlət proqramlarının reallaşdırılması nəticəsində muxtar respublikada davamlı inkişaf təmin olunub. Naxçıvanda sahibkarlığın inkişaf etdirilməsi üçün yaradılan münbit şərait öz bəhrəsini verib ki, bunun da çox hissəsi Sahibkarlığın İnkişafı Fondunun payına düşür. Dövlət sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər bu gün də uğurla davam etdirilir.

Sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkara, iş adamına sahib çıxması iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə bundan sonra da böyük töhfələr verəcək. Biz sahibkarların dövlətin ayırdığı vəsaitlə təmin edilməsi göstərilən qayğıdan xəbər verir. Bunun üçün dövlətimizə minnətdarıq.

Xalidə ƏSGƏROVA: – Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində yerinə yetirilən ardıcıl tədbirlərdən ibarətdir. Bu gün muxtar respublikamızda əhalinin maddi təminatının yaxşılaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, eləcə də yoxsulluğun aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər hər birimizin gözü qarşısında cərəyan edir. Bu tədbirlərin davamı olaraq pandemiya dövründə hər bir işsiz vətəndaşa kömək məqsədilə 190 manat vəsait ayrıldı. Mən də ayrılan vəsaitdən yararlandım. 2 ay davamlı olaraq aldığım vəsait ailəmizin təminatı baxımından çox kömək oldu. Göstərilən qayğıya, işsiz vətəndaşlar üçün yaradılan şəraitə görə dövlətimizə minnətdaram. Bütün bunlar ölkəmizdə insan amilinə verilən qiymətin daha bir ifadəsi, müstəqil Azərbaycan Respublikasının artan iqtisadi qüdrətinin göstəricisidir.

Rəfael Kərimov, sahibkar: – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası mühüm əhəmiyyətə malikdir. Dövlət proqramına uyğun olaraq muxtar respublikada işsizliyin aradan qaldırılması, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi istiqamətində uğurlu tədbirlərin həyata keçirilməsi cari ildə də davam etdirilir. Muxtar diyarımızda həyata keçirilən davamlı sosial-iqtisadi islahatların, o cümlədən əhalinin məşğulluğunun, ünvanlı sosial yardımın təmin edilməsinin məntiqi nəticəsidir ki, sakinlərin sosial rifah halı daha da yaxşılaşıb. Proqramın icrası əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə hərtərəfli şərait yaradır, aztəminatlı ailələrin özünüməşğulluq imkanlarını artırır.

Dilarə ƏLİYEVA: – Davamlı sosial-iqtisadi inkişafın əsas məqsədlərindən biri həyat səviyyəsinin yüksəldilməsidir. Bu mənada, muxtar respublikamızda iqtisadi inkişafın artan tempi əhali gəlirlərinə də öz təsirini göstərməkdə, insanların həyat səviyyəsinin yüksəlməsi üçün əsas amil rolunu oynamaqdadır. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və səmərəli məşğulluğun təmin olunması sahəsində aparılan dövlət siyasəti də bu məqsədə xidmət edir. Əhalinin məşğulluq problemlərinin həlli istiqamətində görülən işlər, yaradılan yeni emal və istehsal müəssisələri, mövcud istehsal sahələrinin fəaliyyətinin bərpa edilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyi bu problemlərin həllində mühüm rol oynayıb. Həyata keçirilən iqtisadi siyasət, son nəticədə, özünü insanların həyat səviyyəsinin yüksəlməsində göstərir ki, bu da yeni inkişafa aparan əsas amillərdən biridir. Yardım alan vətəndaşlar arasında adımın olması məni çox sevindirdi, ailəmə maddi dəstək oldu. Dövlətimizin hər zaman öz vətəndaşının yanında olmasını hiss etmək, həqiqətən də, insana böyük qürur yaşadır. Mən bütün bunlara görə ailəmiz adından dövlətimizə minnətdaram.
Əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən son tədbirlər bir daha sübut etdi ki, bu gün ulu öndərin ideyaları dönmədən, uğurla həyata keçirilməkdədir.

Nuray CƏFƏROVA
jurnalist

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR