Ailə kiçik bir dövlətdir qənaətini hər eşidəndə onun dövlətlə eyni statusa qoyulması mənə inandırıcı gəlmirdi. Ancaq zaman keçdikcə ailəni, nəinki kiçik, hətta böyük dövlət kimi də qəbul etdim. Təhlilə çəksək, ailə ilə dövlətin bənzər istiqamətləri olduğunu görərik. Ailənin başçısı ata evin idarə edəni, böyüyü, ailənin xoş gün-güzəranını düşünən, gecə-gündüz çalışaraq qazandığı əməkhaqqının son qəpiyinə kimi ailəsi üçün xərcləyən missiyasındadır. Ailənin ikinci statuslu nümayəndəsi hesab olunan ana evi qurub-yaradan, uşaqların qayğısına qalan, onları böyüdüb gözəl tərbiyə edən, təhsilləri ilə maraqlanan müqəddəs varlıqdır. Övladlar isə böyüklərinə itaət edib, onların buyurduğu yolla gedərək ailə başçılarına hörmət qoyan, firavan gələcək üçün çalışanlardır.
Sağlam ailə, öz növbəsində, sağlam cəmiyyət deməkdir. Bu dövlətin təməlləri düzgün qurularsa, gələcəyi şübhə altında olmaz. Çünki ailə milli dəyərlərin təməlidir. “Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə, hörmət və ehtiram lazımdır”, – deyən ümummilli lider Heydər Əliyev ailə siyasətinin formalaşmasında mühüm tədbirlər görmüş, ailə münasibətlərini tənzimləyən zəngin hüquqi baza yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir, 34-cü maddəsində isə “Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır” kimi müddəalar öz əksini tapır. Bununla dövlət ailənin müdafiəsinə, onun sosial quruluşunun və nüfuzunun qorunmasına təminat vermişdir. 1999-cu ildə ailə münasibətlərinin tənzimlənməsini özündə əks etdirən Ailə Məcəlləsi hüquqi sənədinin qəbul edilməsi də mühüm əhəmiyyətə malikdir.
Sosial politologiya elminin dərinliyinə getsək, görərik ki, illərlə qoruyub saxladığımız adət-ənənələrimizin də əsası ailədən başlayır. “Kitabi-Dədə Qorqud” dastanında ailə dəyərlərindən geniş bəhs edilib. Oğuzlarda ailə quruculuğunun məzmunu evlənmə mərasimində bəylə gəlinin bir-birini bəyənmələri valideynlərinin razılığı, xeyir-duası üstündə qurulub. Qadını Dirsə xana deyir: “Xan babamın göygisi, Qadın anamın sevgisi, Atam-anam verdiyi, Göz açuban gördüyüm, Könül verüb sevdiyim”. Bu ifadələrdən aydın olur ki, ailə həyatı qurmaqda mütləq ata-ananın izni olmalıdır. Həmçinin dastanda diqqətçəkən digər məqam Baybörə oğlu Bamsı Beyrəklə Baybican qızı Banuçiçəyin bir-birini bəyənib qəbul etmələridir. Yəni dastanda xoşbəxt ailə üçün zəruri olan şərt bəy-gəlin və qayınana, qayınata həmrəyliyi ardıcıl verilib. Burada qorunub saxlanan ailə dəyərlərinin fərqli məqamları yer alıb.
Tarixən milli-mənəvi dəyərimizin saxlanc yeri olan ailənin əsas atributları valideynlər hesab edilib. Çünki valideyn böyük hörmət sahibi, ailə məsələlərinin həlledicisidir. Valideyn statusuna malik olan üzvlər tarixən ailə dəyərlərinə sahib çıxan, onu təbliğ edən nümayəndələr olublar. Onlar bizim baş tacımız, sözünü dinlədiyimiz müqəddəs varlıqlar hesab edilib hər zaman. Milli dəyərlərimiz anaya, ataya itaət etməyin vacibliyini göstərib. “Qurani-Kərim”də də “Ana müqəddəsdir”, “Cənnət anaların ayaqları altındadır”, “Ataya ibadət Allaha ibadətdir” kimi qiymətli fikirlər yer alıb. Fədakarlıq rəmzi olan valideynlik hər zaman təkrarsız qayğı təcəssümü olub hər birimiz üçün.
Amma bu dəyərləri yetərincə qiymətləndirməyənlər də var. Milli dəyərlərimizi yaşadaraq övladlarını tərbiyə edən ozamankı valideynlərlə bugünkü Avropa mədəniyyətindən təsirlənən bəzi valideynləri müqayisə etsək, bir sıra nöqsanların olduğunu aydın görərik. Sevən cütlüklərin kor-koranə ailə həyatı qurmasından söz açaq. Əvvəla, ailə həyatı quracaq şəxsə bu barədə ətraflı məlumat verilməlidir. Məsələn, o zamanlar analar qızlarını ərə verərkən deyərdilər ki, ailə kiçik dövlətdir. İki şəxsin yolunu, adət-ənənələrini “birləşdirib” ömür-gün sürdüyü ittifaqdır. Kişi evin başçısı, idarə edənidir. Qadın isə onun qulluğunda duran, ona hörmət edən, “yuva”nın qurucusudur. Yoldaşına hörmət və ehtiram borcundur. Ailənin qədrini bil. Qayınananın, qayınatanın bir sözünü iki etmə, qulluqlarında dur. Onlar sənin böyüklərindir. Gələcək övladlarının bütün təlim-tərbiyəsi də səndən asılıdır.
Bu nəsihətlərlə izdivaclar daha uzunömürlü olardı. Nə qədər acı olsa da, deməliyəm ki, indiki bəzi valideynlər övladlarını ailə dəyərləri ilə bağlı düzgün tərbiyələndirmir, onları bu mövzuda düzgün istiqamətləndirmirlər. Bəzən ailə quran şəxslərin vəzifələrini layiqincə dərk etməməsi, səhv addımlar atmaları ilə nəticələnir. Ailə dəyərlərinə məhəl qoyulmur. Milli-mənəvi dəyərlər əhatəsində böyüməyib evlənən çütlüklər, təbii ki, bunu sabah dünyaya gələcək körpələrinə də aşılaya bilməyəcəklər. Bu zaman ailə dəyərləri milli dəyərlər çərçivəsindən çıxır, Avropa dəyərlərinə yelkən açır. Şahidi oluruq ki, bəzi ərköyün uşaqlar düz istiqamətləndirilmir, düzgün tərbiyə olunmurlar. Uşaqlara “müasir” geyimlər almaq, zehinlərinə hopan pis vərdişlərə göz yummaq, istədiklərini həyata keçirmək, onları azad buraxmaq, şöhrətpərəst böyütmək, balaca məsum beyinlərini əxlaq normalarına zidd olan verilişlərlə, filmlərlə, hətta uyğunsuz cizgi filmlərinə baxmalarına şərait yaratmaqla korlamaq heç də tərbiyə metodu deyil. Unutmayaq ki, Hindistan yazıçısı Mahatma Qandi nahaq yerə deməyib ki, “Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir”.
Düzgün tərbiyə vasitəsi uşaqlara kitabları sevməyi öyrətməkdir. Özlərindən böyüklərlə necə danışmağı, onlara hörmətlə yanaşmağı aşılamaqdır. Uşaqları vicdanlı, dürüst, şəxsiyyət kimi formalaşdırmaq, milli dəyərlərimizə sahib çıxmağı təlqin etməkdir.
P.S. Körpələrin beyinləri yazılmamış ağ kağızdır. Onları düzgün istiqamətləndirmək valideyn adını, statusunu daşıyan hər bir insanoğlunun borcu və vəzifəsidir. Doğrudan da demokratik cəmiyyət olaraq ailə dəyərlərini unudanların, valideynlik missiyasını dərk etməyən hər kəsin buna ehtiyacı var. Sözüm, əsasən də, “İnstagram”, “Facebook”, “Whatshapp” və digər sosial şəbəkələrdən düzgün istifadə etməyi bacarmayan internet aludəçisinə çevrilmiş bəzi valideynlərədir. Bu sosial şəbəkələr elə bir zamanda meydana çıxdı ki, əlinə telefon alanlar bu fürsətdən lazımsız şəkildə istifadə etməyə başladılar. Milli dəyərlərimizi XXI əsrdə bu cür valideynlərlə görmək istəmirik. Bütün gününü uşağın qayğısına qalan atalara, beşikdə laylay çalan, uşaqlarla oyun oynayan, onlara zaman ayıran analarımıza ehtiyac böyükdür. Uşaqların təlim-tərbiyəsində əsas məsuliyyət ananın üzərinə düşür. Analıq təkcə bioloji məfhum deyil, o həm də uca bir zirvədir. Analar dünyanın ən həssas, ən qüdrətli və cəsarətli varlıqlarıdır. Müqəddəs hiss, duyğudur. Ümumiyyətlə, valideynlik missiyası uşağı düzgün, vətənpərvər, milli ruhda, sədaqətli və vicdanlı vətəndaş kimi yetişdirməkdədir... Elə Mirzə Ələkbər Sabirin təbirincə desək, “Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur”.
Türkan HÜSEYNLİ
Məqalə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi
“Milli dəyərlərimiz düşüncəmizdə” adlı esse müsabiqəsində fəxri fərmana layiq görülüb.