22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 20-si Qaz Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm qərarlar qəbul etmiş, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür. 1980-ci ildə Naxçıvan Muxtar Respublikasına yüksəktəzyiqli qaz xətti çəkilmiş, yaşayış məntəqələrinin 52 faizi mavi yanacaqla təmin edilmişdir. Lakin ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respublika blokada vəziyyətinə düşmüş, bütün kommunikasiya xətləri kəsilmiş, o cümlədən qazın ötürülməsi dayandırılmışdı. Uzun fasilədən sonra 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa edilmiş və yaşayış məntəqələri tam qazlaşdırılmışdır. Hazırda muxtar respublikada 90 min 426 təbii qaz istehlakçısı vardır ki, bunlardan 87 min 727-si əhali abonenti, 2699-u isə qeyri-əhali abonentdir.

Muxtar respublikada qaz təsərrüfatının inkişafı daim diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq 2013-cü ildə 27 kilometr uzunluğunda Naxçıvan-Şahbuz ortatəzyiqli qaz xətti istifadəyə verilmişdir. Bundan başqa, uzunluğu 81,6 kilometr olan Naxçıvan-Sədərək magistral qaz kəməri izolyasiyalı borularla yenidən çəkilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyi sahəsində görülən işləri yüksək qiymətləndirərək demişdir: “Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır”.
Naxçıvan Muxtar Respublikasında təbii qaz təchizatının yaxşılaşdırılması və etibarlılığının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. İstehlakçıların fasiləsiz və təhlükəsiz mavi yanacaqla təminatını diqqət mərkəzində saxlayan birliyin kollektivi qarşıda duran vəzifələri uğurla yerinə yetirir. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə əlaqədar müvafiq sosial obyektlərin, inzibati binaların qaz təchizatı yenidən qurulur. Təbii qazdan səmərəli istifadəni təmin etmək məqsədilə təzyiqin normalara uyğun saxlanılması üzrə gündüz və gecə texnoloji rejimləri yaradılmış və sərfiyyat qeydiyyatının aparılması ciddi nəzarətə götürülmüşdür.
Muxtar respublikada qaz təsərrüfatında infrastrukturun təkmilləşdirilməsi məsələləri də daim diqqət mərkəzində saxlanılır. Bu tədbirlər çərçivəsində aşağıtəzyiqli qazdan istifadə edən istehlak obyektlərində smartkarttipli elektron qaz sayğaclarının quraşdırılması davam etdirilir. Bu günə qədər Naxçıvan şəhərində 20 min 230 smartkarttipli elektron qaz sayğacı quraşdırılmışdır. Bu istiqamətdə işlər davam etdirilir. Muxtar respublikada təbii qaz istehlakçıları tərəfindən istifadə olunan və qaz təsərrüfatında istismarda olan nəzarət-ölçü cihazlarının yoxlanma və kalibr edilməsi laboratoriyası da fəaliyyət göstərir. Bu laboratoriya qazpaylayıcı stansiyalarda müvafiq işlərin, nəzarət-ölçü cihazlarının və texnoloji avadanlıqların kalibrlənməsini, onların kalibrlənmə prosedurlarını, həmçinin digər normativ-texniki sənədlərin tələblərinə uyğun aparılmasını təmin edir.
Kadr potensialının artırılması, qaz istismar sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi vacib məsələdir. 2016-cı il tarixdən başlayaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kursu fəaliyyətə başlamışdır. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə şəhər, rayon qaz istismar idarələrinin işçiləri müntəzəm qaydada kurslara cəlb olunmuşdur. Kursu bitirən müdavimlərə müvafiq qaydada sertifikatlar təqdim edilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan Dövlət Texniki Kolleci üzrə İstilik təchizatları və istilik texnikası avadanlıqları ixtisası Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinə hamiliyə verilmişdir. Hamiliyə verilən müvafiq ixtisas üzrə tələbələrin tədrisinə köməklik etmək məqsədilə Kollecdə Qaz təchizatı avadanlıqlarının kabinəsi yaradılmış, kabinə qaz təsərrüfatında istifadə olunan müxtəlif avadanlıqlarla təchiz edilmişdir.
Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi enerji təhlükəsizliyinin təmin olunmasına, ətraf mühitin qorunmasına da mühüm töhfə verir. Belə ki, muxtar respublikanın təbii qazla davamlı və keyfiyyətli təminatı təbiətin qorunmasında və ekosistemin zənginləşdirilməsində əhəmiyyətli rola malikdir.
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərində qış mövsümündə təzyiqin artırılması məqsədilə Naxçıvan şəhər qazpaylayıcı stansiyasında yeni qaz kompressor stansiyasının qurulması üçün üçtərəfli müqavilə imzalamışdır və bu ilin sonunadək quraşdırılması nəzərdə tutulur. Təbii qaz təchizatının etibarlılığını və səmərəliliyini artırmaq üçün Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərinin üzərindəki kran meydançasından, “Naxçıvan Qaz Turbin-Sement Zavod” qazpaylayıcı stansiyasına izolyasiya olunmuş polad borularla yüksəktəzyiqli yeraltı ötürücü yeni qaz kəməri çəkilmişdir. İstehlakçılara verilən təbii qazın dayanıqlı olması üçün istismarda olan təzyiq və qaztənzimləyicilərin, daşıyıcı, paylayıcı qaz kəmərlərinin, nəzarət-ölçü cihazlarının və digər texnoloji avadanlıqların yenilənməsi istiqamətində işlər nəzarətdə saxlanılır. Xidmətin qazpaylayıcı stansiyalarında Elster sənaye elektron qaz sayğacları üçün qaz nəqli proseslərinin uzaq məsafədən idarə edilməsi və operativ nəzarəti üzrə informasiya-ölçü qeydiyyat sistemi yaradılmışdır. Naxçıvan şəhəri üzrə dairəvi yeraltı ortatəzyiqli paylayıcı qaz kəməri üzərində korroziyaya qarşı mühafizə üçün Katod mühafizə avadanlığı quraşdırılmışdır.
Təbii qazdan təhlükəsiz və səmərəli istifadə olunması məqsədilə abonentlərin maarifləndirilməsinə xüsusi diqqət yetirilir, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün mütəmadi olaraq iş aparılır. Təbii qazdan qanunsuz istifadəyə qarşı mübarizə tədbirləri həm sakin­lərin təhlükəsiz yaşayışının, həm də fasiləsiz enerji təchizatının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Təbii qazdan səmərəli istifadə edilməsi və qaz sayğaclarına müdaxilələrin aradan qaldırılması məqsədilə hüquq-mühafizə orqanları ilə birlikdə reydlər keçirilir.
Qaz təsərrüfatı işçiləri yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da muxtar respublikada enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək, abonentlərin təbii qazla fasiləsiz təminatı üçün səylə çalışacaqlar.

Naxçıvan Muxtar Respublikası
Qaz İstismar Xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR