Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən videotəlimə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən 10 maliyyə və mühasibatlıq işçisi cəlb edilib.
Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Tədbiri giriş sözü ilə Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılova açaraq keçirilən təlimin aktuallığı və mahiyyəti barədə məlumat verib.
Sonra Maliyyə Nazirliyi Aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərov tərəfindən “Hesablar planı və müxabirləşmələr”, “Maliyyə hesabatlarının hazırlanması” adlı mövzularla bağlı təlim keçirilib. Memorial order formaları, təşkilatlarda kassa əməliyyatları üzrə sintetik uçotun aparılması, uzunmüddətli və qısamüddətli aktivlər və sair mövzularla əlaqədar slaydlarla zənginləşdirilmiş məlumatlar diqqətə çatdırılıb, praktik tapşırıqlar verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin
mətbuat xidməti