Muxtar respublikada rabitə sisteminin inkişafı diqqət mərkəzində saxlanılır, yeni texnologiyalar tətbiq olunmaqla xidmətin səviyyəsi ilbəil daha da yüksəldilir. 2020-ci ildə bu sahədə həyata keçirilən kompleks tədbirlər Culfa rayonunu da əhatə edir. Rayon rabitə idarəsindən aldığımız məlumata görə, cari ilin 5 ayı ərzində 141 yeni telefon xətti çəkilib, 489 ünvan genişzolaqlı internet xidməti ilə təmin olunub. Bundan başqa, ayrı-ayrı küçələrdən keçən xətlərdə yaranan nasazlıqlar aradan qaldırılıb, yararsız vəziyyətə düşmüş hissələrdə təmir-bərpa işləri görülüb.
Məlumatda o da qeyd olunur ki, Culfa şəhər Məmməd Əsgərov küçəsindəki 2736 və 42 saylı 3 mərtəbəli binalarda aparılan əsaslı təmirlə əlaqədar xətt təsərrüfatı yenilənib, vətəndaşlara yüksəksürətli rabitə xidmətinin verilişi təmin olunub. Hazırda rayonun Camaldın kəndində inşa olunan sosial obyektlərin xətt təsərrüfatının müasir tələblər səviyyəsində qurulması üçün işlər həyata keçirilir, paylayıcı şkaflar quraşdırılır, lazımi mal-materialla təchizat diqqətdə saxlanılır.
Qeyd edək ki, 1 iyun 2020-ci il tarixə olan məlumata görə, Culfa şəhərində biri inzibati binada olmaqla, 3 ATS istismar olunur, rayon üzrə isə ümumilikdə, 28 avtomat telefon stansiyası fəaliyyət göstərir. Telefon abunəçilərinin sayı 6938, internet xidmətlərindən istifadə edənlər isə 3960 nəfərdir.
- Nail ƏSGƏROV