Muxtar respublikada sosial-iqtisadi sahədə həyata keçirilən məqsədyönlü islahatlar yeni istehsal sahələrinin və iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, müasir infrastrukturun yaradılmasına səbəb olmuşdur. İqtisadi sahədə qazanılmış nailiyyətlər sosial müdafiə tədbirlərinin də əhatə dairəsinin genişlənməsinə və keyfiyyətinin daha da yaxşılaşmasına müsbət təsir göstərmişdir.
Əhalinin həssas qrupuna daxil olan əmək pensiyaçılarının rifah halının yüksəldilməsi ilə bağlı tədbirlərin muxtar respublikamızda müvəffəqiyyətlə icrası da daim diqqət mərkəzində saxlanılır. Onlara göstərilən xidmətlərin operativliyinin təmin olunması məqsədilə müxtəlif layihələr uğurla icra olunur.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bu istiqamətdə öz üzərinə düşən tapşırıqların yüksək səviyyədə icrası üçün mütəmadi olaraq işlər görür. Belə ki, fond Milli Qurtuluş Günü ərəfəsində iyun ayının pensiyalarının maliyyələşdirilməsi sahəsində işləri başa çatdırmışdır. Görülmüş tədbirlər nəticəsində pensiyaçılara bütün növ əmək pensiyalarının ödənilməsi təmin olunmuşdur. Pensiyalar plastik bank kartları, kənd yerlərində yaşayan pensiyaçıların isə istəkləri nəzərə alınaraq poçt bölmələri vasitəsilə ödənilmişdir. Həmçinin əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin vaxtlı-vaxtında maliyyələşdirilməsi üçün də müvafiq tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respubilkası Dövlət Sosial Müdafiə Fondu pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsi və pensiyaçıların pensiyalarını rahat şəkildə alması üçün müvafiq işləri bundan sonra da davam etdirəcək.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti