“Gəzmək insan ömrünü uzadır”, – deyib atalarımız. “Çox gəzən çox bilər”deyimi də elə bu qəbilədəndir. Çünki istirahətin, gəzməyin ruhun qidalanmasında çox faydası var, bunlar bizi ilboyu yaşadığımız qayğılardan uzaqlaşdırır. Yadımdadır, hələ balaca ikən televiziya kanallarında təqdim olunan istirahət məkanları, parklar mənə möcüzə kimi görünürdü. Elə-belə möcüzə yox ha...Tilovuma düşəcək “qızıl balığın” gerçəkləşdirəcəyi arzularımın içində yer alan bir möcüzə! O möcüzə ki sehrli aləmə aparırdı məni. O möcüzə ki hər zaman gözləyirdim ki atam bir gün məni də televiziyada seyr etdiyim əsrarəngiz parklara aparacaq...
Mən böyüsəm də, möcüzələrə olan inamım hələ də itməmişdi. Balaca qızcığazın arzuları içində özünün gələcəyi günü gözləyirdi. İsti bir yay axşamı işdən tələm-tələsik evə gələn atam bu əlçatmaz görünən möcüzələrimi reallaşdırmaq üçün məni şəhərimizdəki seyrəngaha apardı. Sonralar da dəfələrlə burada və şəhərimizin digər istirahət guşələrində olmuşam. Vaxtilə mənə və yaşıdlarıma xoş təsir bağışlayıb həmin ünvanlar...
Bəs bu gün? İndi həmin ünvanlarda gördüklərim uşaqlıq illərinin xatirələrindəki mənzərələrdən nə ilə fərqlənir? O vaxt mənə xoş gələn parklar, sən demə, adicə yaşıllığa bürünmüş, bir-iki oturacaq qoyulmuş istirahət guşələri imiş. Bu gün isə fərq yerlə göy qədərdir. Naxçıvan şəhəri və onun ətraf əraziləri gündən-günə gözəlləşib, abadlaşıb, müasirləşib, insanların sosial şəraitinin hərtərəfli təmini və istirahətlərinin mənalı keçməsi üçün lazımi infrastruktur yaradılıb. Danılası deyil ki, Naxçıvan şəhəri tarixin heç bir dönəmində bugünkü kimi abad, gözəl, füsunkar olmayıb. İnkişafın yeni mərhələsinə qədəm qoyan bu şəhər indi möcüzəvi məkanları ilə müasir Avropa şəhərlərindən birinə çevrilib. Təbii ki, hər gözəlliyin arxasında əziyyətli illər, çətin günlər dayanır. Heç bir uğur asan başa gəlmədiyi kimi bugünkü abadlıq, tərəqqi də qram-qram, zərrə-zərrə, zəhmətdən, dövlətə sadiqlikdən yaranıb. Bir zamanlar Naxçıvanın blokada şəraitində olduğunu düşünəndə inkişafın belə yüksək səviyyədə olacağına heç kim ümid etməzdi. Son 25 ildə muxtar respublikada insan ağlına sığmayacaq dəyişikliklər, inkişaf, tərəqqi uğurlu gələcəyə körpü salıb.
Şəhəri gəzdikcə, bir-birindən yaraşıqlı mənzərələri seyr etdikcə çiçəklənən hər ünvanda yeni gözəlliklərin şahidi olursan. Bu sırada insanların sevimli məkanlarına çevrilən parkları, qeyd etmək, xüsusilə yerinə düşər. Təmizlik, səliqə-sahman, nizam-intizam bu istirahət yerlərinin əsas atributlarına çevrilib.
Naxçıvan şəhərindəki Əyləncə və İstirahət Mərkəzi, “Saat Meydanı” turistik istirahət mərkəzi, Heydər Əliyev Mədəniyyət və İstirahət Parkı, “Bazar gölü” istirahət kompleksi və sair kimi bir çox belə məkanlar insanların mədəni istirahətini təmin edən ünvanlardır. Bura gələn turistlər də şəhərimizin gözəlliyini, istirahət guşələrini heyranlıqla izləyir, yaradılan şəraitdən, gözəlliklərdən ağızdolusu danışırlar. Gündən-günə gözəlləşən diyarımıza üz tutan əcnəbi vətəndaşların sayı ilbəil artır. Sevindirici haldır ki, 2020-ci ilin ilk rübündə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 45 min 512 turist gəlib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks tədbirlərin görülməsi də aparılan abadlıq-quruculuq siyasətinin daha bir nümunəsi kimi təqdirəlayiqdir. Proqram Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisinə də geniş imkanlar yaradıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Ali Məclis Sədrinin iştirakı ilə şəhərimizin gözəl yerlərindən birində Sahil Parkının istifadəyə verilməsində də məqsəd insanların asudə vaxtlarını səmərəli təşkil etmək, bununla yanaşı, həm də onların fiziki sağlamlığı qeydinə qalmaq, idmana kütləvi şəkildə cəlb olunmalarına şərait yaratmaqdır. Yeni mədəniyyət və istirahət parkı şəhərimizin arxitektura görünüşünü gözəlləşdirməklə qədim diyarımızın turizm potensialının daha da zənginləşdirilməsinə bir töhfədir.
Bu günlərdə həmin ünvanda oldum. Gördüklərim, füsunkar mənzərələr qəlbimdə munis duyğular yaratdı. Parkda sərgilənən rəngarəng çiçəklər hər kəs kimi, məni də öz sehrinə salmışdı.
20,6 hektar ərazini əhatə edən parkda 2 idman meydançası, tennis kortu və 4 stolüstü tennis quraşdırılıb, 100 yerlik kafe istifadəyə verilib. Hər birinin sahəsi 450 kvadratmetr olan idman meydançalarında müxtəlif idman qurğuları qoyulub ki, bu da sakinlərin fiziki sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Ərazidə uzunluğu 2834 metr olan velosiped zolağı salınıb, dayanacaq quraşdırılıb və 11 velosiped alınaraq parka gələnlərin ixtiyarına verilib.
Parkdakı ən gözəl mənzərələrdən biri isə şəlalələrdir. İki şəlalə və Naxçıvan çayında quraşdırılan 3 fəvvarə parkın gözəlliyini daha da gözoxşayan edib. Şəlalələri seyr etdikcə özünü başqa aləmdə, başqa məkanda hiss edirsən.
Bütün bu sadaladıqlarım Naxçıvanda həyata keçirilən tədbirlərin kiçik bir qismidir. Ümumilikdə isə əhatə olunduğumuz diqqət və qayğı yeni-yeni üfüqlərə yollar açır. Qədim diyarımız artıq Avropa standartlarına yiyələnən sivil bir məmləkətə çevrilir. Bir vaxtlar üfüqün o biri üzü müharibə, çətinlik, yoxsulluq kimi xatırlanan muxtar respublikada artıq təntənə və zəfər illəri ard-arda tarixə şahidlik edir.
Türkan HÜSEYNLİ