22 Dekabr 2024, Bazar

Zəngin Naxçıvan təbiətinin min bir dərdin dərmanı olan bitkilərindən biri də kəklikotudur. İlin bu çağında torpaqdan boy qaldırıb dağların sinəsinə yayılan kəklikotunun ətrini xəfif bahar küləyi ətrafa yaydıqca havadan kəklikotu ətri gəlir.
Xalq təbabətində bu gün də, əsasən, soyuqdəymə dərmanı kimi istifadə edilən kəklikotu hər bir naxçıvanlı ailəsinin çay süfrəsinin əvəz­edilməz təamıdır. Deyirlər ki, yaz gəldimi, samovar salıb, dəmlənən çaya kəklikotu qatmadınsa, daha nə ləzzəti? Hər kəs tərəfindən sevilən ədviyyat kimi kəklikotunun Naxçıvan mətbəxində bütün növləri istifadə olunsa da, qızılgül, limon ətirli olanların öz yeri var.

Naxçıvanda kəklikotundan dərman kimi istifadənin tarixi IV-V əsrlərə gedib çıxır. Tədqiqatlara əsasən o vaxtlar muxtar respublika ərazisində yaşayan qədim türk tayfaları bu bitkinin soyuqdəymədən yaranan xəstəliklərdə faydalı olduğunu bilirdilər. XVII əsrdə yaşamış Azərbaycan həkimi və alimi Hacı Süleyman İrəvani onun müalicəvi əhəmiyyəti haqqında yazıb: “Kəklikotu iştahanı yaxşılaşdırır, həzmə kömək edir, mədə və ağciyər üçün xeyirlidir. Çiçəyinin sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul etmək məsləhətdir. Bu bitkinin həlimi qarında küt ağrıları götürür. Əncirlə qarışdırılmış həlimi öskürəyə faydalıdır. Təzə pendirlə yeyildikdə insanı kökəldir. Göz qarasında yaranan ağ ləkəni kəklikotu şirəsini damcıldatmaqla aradan qaldırmaq olar. Yarpağının bal ilə ovxalanaraq alınan məlhəmini bərk şişlərin üzərinə sürtdükdə onu müalicə edir”.
Şərur rayonunun dağlarında da kəklikotunun bir çox növləri, o cümlədən qızılgül və limon ətirlisi bitir. Yaxın günlərdə rayonun Aşağı Yaycı kənd sakini, 64 yaşlı, on ildən artıqdır ki, dərman bitkilərini toplamaqla məşğul olan Ağa Əliyevlə elə iş başında – kəklikotu yığarkən həmsöhbət olduq. Dərman bitkiləri ilə bir çox insana şəfa tapmaqda kömək etdiyi üçün onu burada həkim kimi tanıyırlar. Ağa əmi deyir: “Min dərd varsa, min bir də dərmanı var” – söyləyən atalarımız qədim dövrlərdən xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Bu bitkilər haqqında məlumatlar bizə nəsildən-nəslə şifahi şəkildə keçib. Dünyagörmüşlər deyirlər ki, sirrinə-sehrinə bələd olduğumuz bitkilərdən dəmlənən çayı süfrələrimizdən əskik etməsək, uzunömürlü olarıq. Doğulub böyüdüyüm kəndin hər dağında, dərəsində bitən bitkilər can dərmanıdır. Burada bir müddət yaşayan adam hansısa şəhərə gedəndə orada yaşaya bilmir. Çünki dağların bumbuz bulaqları, tərtəmiz havası, min bir dərdin dərmanı olan otları, çiçəkləri üçün darıxır. Hələ uşaq çağlarımdan nənəmdən, babamdan öyrənmişəm bu bitkilərin can dərmanı olduğunu. Amma bu iş kənardan göründüyü kimi elə də asan deyil. Hər bitkinin özünəməxsus xüsusiyyəti var, bunu bilməsən, kortəbii şəkildə istifadə etsən, xeyrini görməzsən. Ona görə də bitkiləri nə qədər yaxşı tanısan, bir o qədər də faydalana bilərsən. Bir də ki hər dərman bitkisinin özünün toplanma vaxtı var. Onu düzgün formada toplayıb qurutmaq, saxlamaq lazımdır. Elə bu kəklikotu kimi. Bu bitkinin yığılma vaxtı may ayından başlasa da, Şərurun Havuş, Gümüşlü, Şahbulaq kəndlərində dağların qarı bir az gec əridiyi üçün oralarda iyun ayından etibarən kəklikotu yığımı başlayır. Kəndimizin dağları zəngin bitki örtüyünə malikdir. Yazda küləklər onların ətrini hər tərəfə yayır.

Müsahibim deyir ki, bitkiləri yaxşı tanımaq üçün çoxlu kitablar oxuyuram. İbn Sina yazır ki, kəklik­otunu çeynəmək diş ağrısını yox edir, damağı möhkəmləndirir. Kəklikotu sakitləşdirici təsirə malikdir, immuniteti artırır. Ən yaxşı ağrıkəsicidir. Revmatizmin müalicəsinə kömək edir. Bəlğəmgətirici təsirə malikdir. Spazmalara, yaraların sağal­masına, şəkər xəstəliyinə, eyni zamanda stresə qarşı faydalıdır. Yuxusuzluğu aradan qaldırır. Qan dövranını nizamlayır.
Ağa əmi deyir ki, kəklikotu dəmləməsi qan dövranını yaxşılaşdırdığı üçün insanda xoş əhval-ruhiyyə yaratmaq, sinir sistemini sakitləşdirmək qabiliyyətinə malikdir. Dərinin parlaqlığı, eləcə də yaraların sağal­ması üçün onun məlhəmi çox xeyirlidir. Kəklikotu və baldan hazırlanmış məlhəm isə zəhərli həşərat sancmaları zamanı dəriyə çəkilərsə, tezliklə kömək edər.
Müsahibim onu da diqqətimizə çatdırır ki, hər bitki kimi, kəklikotundan da düzgün istifadə etməsəniz, xeyrindən çox ziyan görərsiniz. Həddindən çox qəbul edildikdə arterial təzyiqin qalxmasına səbəb olur və allergiyaya meyilli olanların dərilərində qırmızı səpgilər əmələ gətirir.
Ömrünü-gününü bu gözəl bitkilərə həsr edən Ağa əmi kəklikotundan xanımlarımızın mürəbbə hazırladıqlarını da qeyd edir. Onun sözləri mənə bu kənddə yaşayan Fatma nənəni xatırladır. Bu barədə söhbətləşmək üçün Ağa əmi ilə vidalaşıb, onlara yollanıram. Fatma nənə ilə hal-əhval tutur və gəlişimin səbəbini deyirəm. Nənə söhbətə başlayır: – Yazda, may-iyun aylarında toplanan kəklikotunu qurudaraq qışda istifadə edirik. Kəndimizdə qonaq olan hər kəsə, uzaqda olan qohumlara ətirli kəklikotundan sovqat göndəririk. Elindən, uzaqda olan hər kəs üçün doğma yurdunun dağlarında bitən kəklikotu ən gözəl hədiyyədir. Çünki onda bu dağların ətri var.
Fatma nənə deyir: – Bu dağlar hər zaman bizi düşməndən, soyuqdan, borandan, seldən, tufandan qoruduğu kimi, öz qoynunda bitən şəfalı bitkiləri ilə dərdlərimizə də dərman olub. Yaşlı insanlar yaxşı xatırlayar, əvvəllər bir evdə xəstə olanda həkim tapmaq imkanımız çox az idi. Türkəçarə vasitələrlə bir çox xəstəliklərin qarşısını almağa çalışardıq. Ən çox da soyuq fəsillərdə kəklikotu çayı köməyimizə yetərdi. İllərdir, bu bitkinin çiçəyindən və lap körpə yarpaqlarından mürəbbə, kompot hazırlayıram. Nəvələrim qızılgül, limon ətirli kəklik­otunun çiçəklərini toplayıb gətirir, mən də mürəbbə bişirirəm. Deyim, siz də bilin. 100 qram çiçəyi bir kiloqram şəkər və bir litr su ilə hazırladığımız şərbətə tökür, çox da gur olmayan odda qaynadır, hazır olanda götürür, balona yığırıq. Bu mürəbbə can dərmanıdır. Bəzən kəklik­otunun yarpaqlarını təmizləyir, ondan da eyni qaydada mürəbbə hazırlayıram. Bunu qışda çaya qatıb içmək çox faydalıdır.
Fatma nənə ilə kəklikotu çayı içə-içə söhbətləşmək, bu qədim yurdun dağlarına tamaşa edib, o dağlardan gələn ətri duymaq çox gözəl olsa da, şəhərə qayıtmağın vədəsi yetişdiyi üçün onunla sağollaşıb, bu əvəzsiz bitki haqqında yazı yazmağa tələsirəm...

 Telli MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR