İnsanın immun sistemi müxtəlif yoluxucu xəstəliklərə və onların törədicilərinə qarşı orqanizmin təbii qoruyucu vasitəsidir. İnsan bədəninin bu müdafiə sistemi mütəmadi olaraq infeksiyalar ilə uğurla mübarizə apmaq və müxtəlif xəstəliklərin törədiciləri olan virusların, bakteriya və göbələklərin yaydıqları xəstəliklərin bizdən asılı olmayaraq orqanizmimizə daxil olmasının qarşısını almaqla vəzifəlidir. Bunun üçün immun sisteminin güclü olması əsas şərtdir. Bu sistemin güclü olması isə insandan asılıdır. Təbii ki, müxtəlif xroniki xəstəliklər immun sisteminin zaman-zaman zəifləməsinə səbəb olur. İmmun sistemi insanın yaşayış tərzindən, onun düşdüyü mühit amillərindən və müxtəlif biofaktorlarla kifayət qədər təmin olunmamasından asılıdır. Əslində orqanizm öz müdafiə sistemini özü qurur və bunun üçün bədən proteksin, qlutation kimi müxtəlif kükürdlü zülallar sintez edir.
Tarixən insanlar orqanizmlərinin müdafiə qabiliyyətini gücləndirmək üçün müxtəlif vasitələrdən, xüsusilə xalq təbabətində tətbiq olunan təbii vasitələrdən daha çox istifadə etmişlər. Təbii ki, az-çox dərəcədə buna nail olmuşlar. Müəyyən olunmuşdur ki, müxtəlif vitaminlərin orqanizmdə azalması, bitki məhsullarından az istifadə olunması immun sistemin zəiflənməsinə səbəb olur.
Bitki məhsulları vitaminlərlə, mikroelementlərlə və qidalı liflərlə olduqca zəngindir. Vitaminlər və mikroelementlərdən bəziləri immun sistemin gücləndirilməsində xüsusi əhəmiyyətə malikdir. Bunlardan:
C vitamini
– orqanizmin əlverişsiz xarici mühit amillərinə qarşı müdafiə qabiliyyətini artırır (müxtəlif infeksiyalar və stresli amillər);
– orqanizmi viruslardan qoruyan antitel və interferonun istehsal olunmasını artırır;
– tam dəyərli immun hüceyrələrinin əmələ gəlməsində iştirak edir, damarları möhkəmləndrdir;
– güclü antioksidantdır, hüceyrələri sərbəst radikallardan qoruyur.
А vitamini
– orqanizmin müdafiə qabiliyyətini artırır;
– faqosit hüceyrələrin fasiləsiz işləməsini təmin edir;
– güclü antioksidant olub, immun sistemini sərbəst radikallardan qoruyur.
Narıncı və qırmızı rəngli tərəvəz və meyvələrdə daha çox çox olur.
Е vitamini
– antioksidant olub, hüceyrələri sərbəst radikallardan qoruyur;
– immun sistemini gücləndirir;
– orqanizmin hüceyrə və toxumalarını iltihablı proseslərdən qoruyur.
В qrupu vitaminləri
– xəstəlikdən sonrakı bərpa prosesində və stres zamanı immuniteti stimullaşdırır;
– infeksiyalarla mübarizə üçün antitellərin istehsalına kömək edir.
Sink
– timus vəzin (əsas immun vəzi) humoral fəaliyyətinin yüksəldilməsində iştirak edir;
– immuniteti artıran kortizolun səviyyəsini tənzimləyir;
– immun hüceyrələrin (faqosit və s.) yaranmasına kömək edir;
– A və C vitaminlərinin immunstimullaşdırma təsirlərini artırır.
Selen
– infeksiyalara qarşı antitellərin hazırlanmasında iştirak edir;
– E və C vitaminləri ilə bərabər hüceyrələri sərbəst radikallardan qoruyur;
– immun müdafiənin ən vacib komponenti olan sinkin orqanizmdə saxlanmasına səbəb olur.
Yod
– immun müdafiyəyə cavabdeh olan qalxanabənzər vəzinin horman ifrazında iştirak edir.
Xüsusilə orqanizmdə C vitamininin çatışmaması immun sistemin zəifləməsinə güclü təsir edir. İnsan bədəni C vitaminini sintez edə bilmir və onu təbii vasitələrlə almalıdır. Bu sistemin güclənməsində mikroelementlərdən sink, selen. A, B, E və D vitaminləri xüsusi əhəmiyyətə malikdir. Mikroelementlərdən selen C və E vitaminləri ilə kompleks əmələ gətirərək orqanizmdən sərbəst radikalların kənarlaşdırılmasında mühüm rol oynayır. Bu biofaktorlardan hər biri müdafiə sisteminin güclənməsində mühüm amil kimi kompleks şəkildə iştirak edir. Bunlarla yanaşı immun sisteminin gücləndirilməsində bir çox digər maddələr də iştirak edir.
Muxtar respublika ərazisi istər yabanı, istərsə də mədəni şəkildə becərilən dərman bitkiləri ilə çox zəngindir və bu bitkilər xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində az-çox dərəcədə istifadə olunmaqdadır. Bu dərman bitkiləri içərisində immun sistemini gücləndirən itburnu, çaytikanı, qatırquyruğu, adi qoz (yarpağı və arakəsmələri), adi quşarmudu, bağayarpağı, kəklikotu, xamanerion, dazı və sair bu kimi bitkilər həddən artıq çoxdur. Bu bitkilər, əsasən dəmləmə şəklində istifadə edirlir. Bunlardan bəziləri haqqında aşağıda məlumat veririk.
İri bağayarpağı – Plantago mayor L.
İri bağayarpağı 15-40 santimetr hündürlükdə uzunsaplaqlı, yaşıl yarpaqları olan çoxillik ot bitkisidir. Dairəvi formalı, kənarı bütöv iri yarpaqları vardır. Yarpaqları rozetvari düzülmüş və üzərləri damarlıdır. Qonur rəngli xırda çiçəkləri sünbül şəklində yerləşmişdir. Düzənlikdən subalp qurşağa qədər bütün rayonlarda yayılmışdır.
Yarpaqlarının tərkibində rinatin qlikozidi, aşı maddələri, karotin, K və C vitaminləri, limon turşusu, ferment və karbohidratlar vardır. Yerüstü hissələrində karbohidratlar, alitsiklik birləşmələr, azotlu birləşmələr, fenol və fenolkarbon turşularına rast gəlinir.
Bağayarpağının bir neçə növündən, xüsusən iriyarpaq növündən elmi təbabətdə və eləcə də xalq təbabətində çox qədimdən geniş istifadə olunur. O çox qədim dərman bitkilərindən biri sayılır.
Xalq təbabətində bağayarpağının yarpaqlarından bəlğəmgətirici, sidikqovucu və sonsuzluğa qarşı istifadə olunmuşdur. Bağayarpağından soyuqdəymə nəticəsində baş verən mədə və bağırsaq xəstəliklərinin sağalmasında istifadə olunur. Yarpaqları şiddətli bronxitdə, kəsiklərin, irinli yaraların, əziklərin, yanıqların sağalmasında və immun sisteminin gücləndirilməsində istifadə olunur.
Bağayarpağının dəri yaralarını sağaltmaq xassəsi xalq təbabətinə çoxdan məlumdur. Bağayarpağından elmi təbabətdə öskürəyə qarşı istifadə edilən preparatların hazırlanmasında geniş istifadə olunur.
Təpəli kəklikotu – Thymus collinus Bieb.
Yarımkolcuq, gövdəsi çoxsaylı, budaqlanan, tükcüklü, yarpaqları saplaqlı, yumurtaşəkilli, yumurtaşəkilli-rombik və ya geniş neştərvari, hər iki tərəfi nöqtəli vəzili bitkidir. Çiçəkləri çəhrayıdır. Orta və yüksək qurşağın daşlı-çınqıllı yamaclarında yayılmışdır.
Bitkinin yarpaqlarında və gövdəsinin tərkibində 1-2 faiz efir yağı, 42 faiz timol, karvakrol və simol vardır. Bununla bərabər bitkidə saponin, ursol, oleanol turşuları, flavonoidlərdən lüteolinin qlikozidləri, xlorogen, qəhvə və kinə turşuları kimi maddələrə də rast gəlinir.
Bitkinin yerüstü hissələrində triterpenoidlərdən oleanol turşusu, flavonoidlərdən apigenin, luteolin, kosmosin, sinarozid, apigenin saforozid, efir yağlarının (0,5-1 faiz) tərkibində timol, karvakrol həmçinin bitkinin tərkibində aşı maddələri, fenolkabon turşularından rozmarin, urosol və oleanol turşuları vardır.
Kəklikotundan öskürəyə, xüsusən göy öskürəyə qarşı istifadə olunur. İmmun sistemini gücləndirən bitkilərdəndir. Bu bitkidən bir aydan artıq istifadə etmək məsləhət deyildir.
Zəif dazı – Hypericum perforatum L.
Çoxillik ot bitkisi olub, şaxəli gövdəyə malikdir. Yarpaqları qarşılıqlı düzülüb və üzəri vəziciklidir. Parlaq sari çiçəkləri budaqların ucunda toplanıb. Çiçəkləri süpürgə əmələ gətirir. Yarpaqlarının və ləçəklərinin üzəri xırda ləkəlidir. Muxtar respublika ərazisində 9 növünə rast gəlinir.
Tibbi məqsəd üçün ən çox istifadə olunan növü zəif dazıdır. Bitkinin yerüstü hissəsi çiçəkaçan dövrdə yığılıb kölgə yerdə qurudulur. Ən yaxşı xammal azca gövdə, yarpaq, çiçək və ya azca meyvədən ibarət olmalıdır.
Bitkinin tərkibində 10-12 faiz aşı maddəsi, flavanoidlərdən hiperozid, ruyin, kversetrin, mirisetin, leykoantosianlar, saponinlər, 0,2-0,3 faiz efir yağı, boyaq maddələrindən 0,1-0,4 faiz hiperisin, psevdohiperisin, hiperin, franqulaemodinantranol, 17 faiz qətanlı maddə, karotin və askorbin turşusu vardır.
Bitkinin yerüstü hissələrinin dəmlənəsi büzüşdürücü, iltihab əleyhinə, antimikrob və müqavimət artırıcı xüsusiyyətə malikdir. Bu bitki ən gözəl antidepersantdır.
Daryarpaq xamaenerion (İvançay)– Chamaenerion angustifolium (L.) Scop.
50-100 santimetr ucalığında, dik gövdəli, çoxillik bitkidir. Yarpaqları uzunsov və ya xətti-neştərvari, tüksüz və orta damar boyu tükcüklüdür. Çiçəkləri sadə salxımda toplanıbdır. Tac yarpaqları çəhrayıdır. Subalp qurşağın meşə, rütubətli əraziləri və çay kənarlarında yayılmışdır.
Tədqiqatçıların apardığı çoxsaylı araşdırmalar nəticəsidə daryarpaq xamaenerionun iltihab əleyhinə olan xüsusiyyəti onun yaraların, kolit və qasrtritin sağaldılmasında müvəffəqiyyətli tətbiqinə səbəb oldü. Bitkinin həlimi kardioloji xəstəliklərdə tətbiq olunur.
Kimyəvi tərkibi. Tərkibində triterpenoidlər, C vitamini, yüksək alifatik birləşmələr və spirtlər, kökümsovunda kraxmal, 15 faiz selik, pektin, gövdəsində 4-6 faiz aşı maddələri, yarpaqlarında oleanol, ursol, C vitamini, 5,65-20 faiz aşı maddələri, seksanqularetin, kempferol, kversetin, mirisetin, 3-O-arabinozid kversetin, 3-O-arabinozid mirisetin, 3-O-qlükozid kempferol, antosian və sair birləşmələr vardır.
Tərkibində dəmir və misin çoxluğu hesabına arterial təzyiqin tənzimlənməsinə, qanda hemoqlobinin normallaşmasına köməklik edir.
Bitkinin yarpaqlarının tərkibindəki C vitamininin miqdarı limondakından 3 dəfə çoxdur. Buna görə də orqanizmdə C vitamini çatmadıqda bu bitkinin çayı məsləhət görülür. Bitkinin yarpaqlarında kifayət qədər dəmir, manqan, mis vardır. Bitkinin tərkibində vitaminlər və digər bioloji aktiv maddələr az deyildir. Daryarpaq xamaenerion yüksək səviyyədə sakitləşdirici, tonuslandırıcı və ümumi müdafiə qabiliyyətini artırıcı xüsusiyyətlərə malikdir. Bitki antioksidant kimi zərəli maddələri bədəndən kənarlaşdırır.
Adi dəvədabanı – Tussilago farfara L.
Hündürlüyü 3-33 santimetr olub, gövdəsi çoxsaylıdır, gövdə yarpaqları pulcuqvari və çəhrayı rənglidir. Kökətrafı yarpaqları uzun saplaqlı, dairəvi ürəkvari, üst tərəfi yaşil və düz, alt tərəfi ağımtıl tükcüklüdür. Erkən yazda yarpaq əmələgəlmədən əvvəl çiçəkləyir. Dilcik çiçəkləri çoxcərgəli, ensiz, ortadakılar ikicinsli, meyvəsizdir. Çiçəkləri sarıdır. Mart, aprel aylarında yarpaqların əmələ gəlməsinə qədər çiçəkləyir. Çay və dərə kənarlarında yayılmışdır.
Bitkinin yarpaqlarında 2,63 faiz acı qlikozid, 160 mq faiz flavonoid, sitosterin, saponinlər, karotinoidlər, üzvi turşular, aşı maddələri, 250 mq faiz C vitamini vardır.
Bitki bəlğəmgətirici xüsusiyyətə malik olub, traxey və bronxların kirpikli epitelisinin aktivliyini artırır. Bitki iltihab götürücü, yumşaldıcı, tərqovucu və spazmolitik təsirə malikdir. Uzun qış mövsümündə və soyuqdəymə nəticəsində zəifləmiş immun sisteminin gücləndirilməsində istifadə olunur. Bitki dəmləmə şəklində tənəffüs yollarının xroniki xəstəliklərində, bronxitdə, qrip zamanı, pnevmoniya, plevrit, bronxialastma və virus xəstəliklərində tətbiq olunur.
İtburnu- Rosa L.
Bitkinin gövdə və budaqları cüt və ya dağınıq tikanlı, yarpaqları tək lələkvari, kasayarpaqları və ləçəkləri 5, nadirən 4, erkəkcikləri çoxsaylı, dişicik çoxsaylıdır. Yarpaqaltlığı saplaqlıdır. Cinsin Azərbaycanda 34, Naxçıvan Muxtar Respublikasında 33 növü yayılmışdır.
Bitkinin meyvələrinin tərkibində 5500 mq faiz C vitamini, 12-18 mq faiz karotin, 0,03 mq faiz B2, 1 q-da 40 bioloji vahid K vitamini, P vitamini, karotinoidlər (xüsusən likopin), flavonoidlər, 18 faizə qədər şəkər, 4,5 faiz aşı maddələri, 2 faizə qədər limon turşusu, pektinlər və sair maddələr vardır. Bitkinin yarpaqlarında C vitamini 390-560 mq faiz təşkil edir. Toxumlarında piyli yağ, karotin və E vitamini vardır. Ümumiyyətlə bu bitki polivitamin mənbəyidir.
İtburnu bitkisinin tərkibindəki vitaminlərin miqdarına və keyfiyyətinə coğrafi amillər böyük təsir göstərir. Yəni bitkinin yayılma ərazisindən asılı olaraq vitaminlərin mirdarı da dəyişilir. Bütün növləri az-çox dərəcədə vitaminlərlə zəngindir. Meyvələrinin rəngi çəhrayıdan parlaq qırmızı rəngə keçəndə toplanması məsləhətdir. Cinsə daxil olan növlərinin çoxundan istifadə etmək olar.
Bitkinin yerüstü hissələri, meyvələri, toxumları, çiçəkləri və hətta kökləri müxtəlif xəstəliklərdə, məsələn: sinqa, raxit, qanazlığı, vərəm, böyrək və öd xəstəlikləri, avitaminoz və sair istifadə olunur. Xüsusilə də bədənin müqavimətini artırmaq üçün bu bitkidən geniş istifadə olunur.
Bəhruz MƏMMƏDOV
Naxçıvan Dövlət Universitetinin dosenti
Mürsəl SEYİDOV
Naxçıvan Dövlət Universitetinin müəllimi,
Biologiya üzrə fəlsəfə doktoru