AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən muxtar respublika ərazisində yayılan nadir və nəsli kəsilmək üzrə olan vəhşi heyvan növlərinin aşkar edilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər aparılır.
Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında Soyuqdağ ərazisində ötən il quraşdırılan foto və videoçəkiliş qurğuları vasitəsilə dünyaya gəlmiş iki bəbir balası qeydə alınıb. Bu günlərdə əməkdaşlar tərəfindən ərazidə keçirilən monitorinq zamanı həmin bəbir balalarının yeni görüntüsü əldə edilib. Biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədovun sözlərinə görə, həmin körpə bəbir balaları artıq böyüyüb və sərbəst həyata başlamağa hazırdırlar.
Qeyd edək ki, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq (İDEA) və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə muxtar respublika ərazisində quraşdırılan xüsusi qurğularla heyvanların yaşam tərzinə müdaxilə etmədən onların şəkil və videogörüntüləri əldə edilir.
Haqqında bəhs etdiyimiz Qafqaz bəbiri də bütün dünyada qorunma statusuna malikdir və bu növün çox az sayda fərdləri vardır.
AMEA Naxçıvan Bölməsinin
Beynəlxalq əlaqələr və informasiya şöbəsi