03 May 2024, Cümə

Hər dəfə şimşək çaxması ilə yağan yaz yağışından sonra dağlarda, çəmənlərdə bitən saysız-hesabsız bitkiləri görəndə öz-özümə fikirləşirəm: Ana təbiət yurdumuzdan heç nəyi əsirgəməyib. Uca Yaradan bu diyarın insanlarına ruzilərini özlərindən əvvəl verib. Bu yurda elə səxavətlə min bir naz-nemət bəxş edib ki, yığıb istifadə etməklə bitmir, tükənmir. Belə isə həm də onların qədrini bilib, artıb çoxalmasının qayğısına qalsaq, bar-bərəkətimiz tükənməz, bu gözəl nemətlər hər zaman süfrələrimizin bəzəyi, canımızın sağlamlığı olar.

Lap qədim zamanlardan yurdumuzun bərəkətli torpaqlarında bitən vitamin və minerallarla zəngin olan bu bitkilərdən müalicə vasitəsi kimi də istifadə etmişik, cürbəcür yeməklər də hazırlamışıq. Erkən yazda təbiətin qoynundan toplanan müxtəlif növ bitkilər həm də kənd adamının qazanc mənbəyinə çevrilib.

Gözəl diyarımızın bərəkətli naz-nemətlərlə zəngin olan yerlərindən söhbət düşəndə ağıla ilk gələn dağı, düzü can dərmanı sayılan bitkilərlə zəngin olan yer Şahbuz rayonudur. Elə rayonun Aşağı Qışlaq kəndində yaşayan Südabə Məhərrəmova ilə söhbətimiz də dağ kəndinin şəfalı bitkiləri haqqında oldu. Südabə xala deyir: – Elə ki yaz gəldi, şimşək çaxıb təbiətə halallıq verdi, ailə üzvlərimlə birlikdə üz tuturuq kəndimizin dağlarına, düzlərinə hər biri min bir dərdin dərmanı olan bitkilərdən toplamağa. Sübhün saf, təmiz havasında təbiətin qoynunda olmağın özü sağlamlığa çox xeyirlidir. Pencər yığa-yığa təmiz havada qaynayan samovarın, pendirlə, qaymaqla şirin çayın ləzzətini dünyanın heç bir məşhur restoranında tapmaq olmaz.
Südabə xala deyir ki, kəndimizdə bitən bitkilərdən təkcə yaz aylarında yox, ilin hər fəslində yeməklər hazırlayıram. Yazda onları təzə-təzə toplayıb günaşırı bişirirəm. Bu bitkilərin bəziləri var ki, onları qurudub qışa da saxlayıram. Cacıq, çiriş qazayağını isə yaxşıca yuyub azca qaynatdıqdan sonra süzüb, sıxıram. Soyuduqdan sonra kiçik torbalara yığıb dondurucuda saxlayıram. Bundan başqa, cacığı təmizləyib yaxşıca yuduqdan sonra şüşə balona yığır, üstünə qaynar su, hər litrə bir xörək qaşığı duz əlavə edib 10 dəqiqə qaynadıb ağzını qapaqla bağlayıram. Bunu sərin yerdə saxlamaq lazımdır. Müsahibim qış süfrələrinin ləziz dadı çaşır və baldırğan turşusunun hazırlanma qaydasından da danışır:
– Çaşırdan turşu tutmaq üçün onu çeşidləyir, yəni körpə zoğları ayırırıq. Çünki körpə çaşırla nisbətən qalınları bir yerdə qaynatmaq olmaz, əzilər və ya çiy qalar. Qazanda su qaynadır, çaşırı az-az həmin suya tökür, pörtlədir, sonra isti sudan çıxarıb pendir suyu olduqda ona, olmasa ayran çalıb içərisinə tökürük. Pendir suyu, ayran çaşırın rəngini ağardır. Bir neçə saat orada qaldıqdan sonra süzür, yaxşıca yuyuruq. Balonlara yığıb hər kiloqramına bir qaşıq duz, su töküb 10 dəqiqə qaynadıb, üç litrlik balona bir xörək qaşığı sirkə əlavə edib bağlayırıq. Baldırğanı da çeşidləyib, 5 dəqiqə qaynadıb soyuq suya tökür, bir neçə saat saxlayıb, sonra eyni qaydada balonlara yığıb bağlayırıq. Tutmalara tökülən duz iri dənəli olsa, daha yaxşıdır.
Qırxbuğum bitkisi haqqında da söhbət açan xanım deyir:
– Bitki çiy və bişirilmiş halda istifadə edilir. Ondan dovğa, buğlama, aş, kətə, salatlar hazırlanır. Qırxbuğumun düyü ilə bişirilmiş aşı sarımsaqlı qatıqla çox dadlı olur. Bu bitki aprel-may aylarında yığılıb qurudulur və qış üçün tədarük edilir. Qış aylarında ondan umac, səbzi (ət ilə qızartma) bişirilir. Qurudulub un halına salınmış kütləsindən sıyıq hazırlanmasında istifadə olunur. Qırxbuğumlu aş bişirmək üçün onu kiçik hissələrə bölür, düyünü süzür, sonra qazanın dibinə qazmaq qoyur, bir qat düyü, bir qat qırxbuğum yığılır, üzərinə yağ, zəfəran əlavə edilib dəmə qoyulur. Qırxbuğum dərman kimi də istifadə olunur. Bunun üçün bitki çiçəkləyən dövrdə toplanıb, qurudulur. Xalq təbabətində ondan hazır­lanmış dəmləmə və cövhərlər mədə-bağırsaq xəstəliklərinin müalicəsində, ağrıkəsici və iltihabgötürücü vasitə kimi istifadə edilir. Yarpaqlarından çıxıq və sınıqlara, çibantipli yaralara təpitmə qoyulur.
Südabə xala min dərdin dərmanı olan, uşqun haqqında deyir ki, bitkinin yığılma dövrü, əsasən, aprel ayının 20-dən may ayının sonunadəkdir. O, cəmi 25-30 gün ərzində yeyilməli olur. Həmin vaxt keçdikdən sonra yeyilən hissəsi – özəyi bərkisə də, yayın ortalarına kimi onun həm çiçəyindən, həm də ətrafında olan yarpaqlarından istifadə etmək olur. Mineral və vitaminlərlə zəngin olan uşqundan şəkər, xərçəng, ürək xəstəliklərində, həzm prosesinin yaxşılaşdırılmasında geniş istifadə olunur. Daha çox susuzluğu yatıran vasitə kimi də yeyilir. Şəkər xəstəliyində yaranan susuzluğun qarşısını alır. Uşqunun yanlarından çıxan hissələrini onun özəyi kimi satanlar da olur, amma onun yeyilməli yeri yarpaqların ortasından çıxan özəyidi. Uşqun banan kimi soyulub yeyildiyindən ona Anadoluda dağ bananı deyirlər. Uşqun dağlarda bitən ən böyük yarpaqlara malik bitkidir. Dadı turşməzə və bir qədər də acıdır. Yığılma vaxtı bitdikdən sonra özəklər daha da böyüyür, azacıq sarı və qızılı rəngə çalan balaca çiçəklər açır. Həmin vaxt insana elə gəlir ki, sanki dağlara qar yağıb. Elə ki çiçəklərin xoş ətri dağı, dərəni, yamacları bürüdü onu yığaraq gün düşməyən yerdə qurudurlar.
Südabə xanımın elimizin sədası dünyaya yayılan bu bitki haqqında söhbəti mənə yaxın günlərdə xarici mətbuatdan oxuduğum bu cümlələri xatırlatdı: ABŞ-da aparılan bir araşdırma nəticəsində məlum olub ki, uşqun bitkisində olan “parietin” adlı qırmızı piqmentlər xərçəng hüceyrələrinə inyeksiya edilib və təkcə iki gün içində xərçəng hüceyrələrinin yarısının öldüyü görülüb. Piqmentlərin modifikasiya edilmiş bir növü də şişlərin inkişafını azaldır. Araşdırmadan alınan bu nəticə yeni bir xərçəng dərmanının da xəbərçisidir. Mütəxəssislər uşqundan hazırlanmış dərmanın yaxın gələcəkdə xərçəngin müalicəsində istifadə olunacağını deyirlər. Belə ki, bitki haqqında əldə edilən yeniliklərin nəticələri böyük bir həyəcan yaradıb. İngiltərənin “Daily Ex­press” qəzetində “Uşqun həyatımızı xilas edə bilər” başlığı ilə yayılan xəbər dünya mediasında böyük əks-səda doğurub.
Müsahibim onu da bildirir ki, bu şəfalı bitkidən qışda da istifadə etmək üçün turşu və mürəbbə hazırlayırlar. Çaşır, baldırğan kimi tutulan bu turşunun fərqi bircə ondadır ki, uşqunun qabığı təmiz soyulur, isti suda pörtlədilmir, çiy şəkildə duza qoyulur. Bir gün iri ləyəndə duza yatırıldıqdan sonra lay-lay bankaya yığılır, üzərinə qaynadılıb soyudulmuş duzlu su tökülür.
Bu əvəzsiz bitkinin mürəbbəsini də hazırladığını deyən müsahibim bildirir ki, mürəbbə üçün isə kövrək özəklər qabığı soyularaq balaca-balaca doğranır. 1 kiloqram uşqun üçün, təxminən, 1,5 kiloqram şəkər tozu götürülür, 3-5 stəkan suda qarışdırılaraq şirə hazırlanır. Qaynayan şirəyə uşqun əlavə edilir və bir gün şirə çəksin deyə, hazırlanan şirədə qalır. Səhəri gün ərik mürəbbəsində olduğu kimi qaynadılaraq bişirilir. Mürəbbədən, əsasən, ağır soyuqdəymələr zamanı istifadə edilir. Adətən, mürəbbə ilə çay içəndə insan tez-tez susuzlayır. Amma uşqun mürəbbəsi tam əksinə, susuzluğu azaldır. Nənəm deyərdi ki, bu torpaq Allahın bizlərə bəxş etdiyi ehsandır. Bu torpaqda bitən bitkilərin əvəzi yoxdur. Bu nemətləri Tanrı torpağımıza bəxş edib. Əcdadlarımız onlardan yüz illərboyu həm dərman vasitəsi, həm də qida kimi istifadə ediblər. Biz də bu torpaqda boy göstərən yüzlərlə bitkidən faydalanmışıq, onların kökünün kəsilməyinə imkan verməmişik. Əmanət bilmişik onları. Siz də elə bilin, yararlanın, amma bunu elə edin ki, onların kökü kəsilməsin. Mən də onun bu sözlərinə əməl etməyi həmişə bitki toplayanlara məsləhət görürəm. Deyirəm ki, bitkilərin yığılma qaydasını düzgün yerinə yetirin, qoy onların kökü kəsilməsin. Axı bu dağlarda bitən bitkilər elə zamanlar olub ki, elimizin insanlarını aclıqdan da qoruyub. İnsanlara şəfa verib. Şükür Allaha, bu gün yurdumuzda sülh və əminamanlıqdı. Hər tərəf, dükan, bazar cürbəcür nemətlərlə dolub daşır. Amma mən deyərdim ki, ilin bu vaxtında bir boşqab qovurmalı cacıq bir şiş kababdan daha dadlı gəlir insana.
Südabə xalanı dinlədikcə düşünürəm ki, dünya xəritəsində kiçik bir nöqtə kimi görünən torpağımızda min bir dərdin dərmanı olan, vitaminlərlə zəngin bitkilərin yetişməsi heç də təsadüfi deyil, çünki elə dünyanın yaradılışı da buradan başlayıb.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR