Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyaçılarının rahatlığının təmin olunması, onların rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər daim diqqət mərkəzində saxlanılır.
Fonddan bildirilib ki, fond tərəfindən əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib, pensiya ödənilməsinə 14 milyon 748 min manat, sosial müavinətlərin ödənilməsinə isə 265 min manat vəsait xərclənib.
Müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 9 milyon 725 min manat vəsait daxil olub.
Ötən ay “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 106 vətəndaşa əmək pensiyası təyin olunub ki, bunlardan 83-ü yaşa, 2-si əlilliyə, 21-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olub. “Dövlət sosial sığorta sistemində fərdi-uçot haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq fərdi uçot sistemində işlər davam etdirilib, yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 107 ərizə forması elektron imza vasitəsilə sifariş verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə veteranlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq hər il olduğu kimi, bu il də dövlət başçısı aprelin 24-də “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Hesabat dövründə Sərəncamın icrasının təmin edilməsi məqsədilə fondun yerli orqanları tərəfindən birdəfəlik maddi yardımların həmin şəxslərə vaxtında çatdırılması üçün müvafiq işlər davam etdirilib.